Haqqımızda

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti 1992-ci ilin avqust ayında İstehsalat Birliyi kimi yaradılıb.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 22 iyun 2015-ci il tarixli 183 nömrəli sərəncamı ilə “Aztelekom” İstehsalat Birliyi yenidən təşkil edilməklə, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“Aztelekom” MMC) çevrilərək, Nizamnaməsi təsdiq edilmişdir.

Cəmiyyət öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsini (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyasını (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.

Azərbaycan Respublikasının Milli rabitə operatoru olaraq, "Aztelekom" MMC-i fərdi müştərilərə, korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə və infokommunikasiya texnologiyalarının müxtəlif xidmətlərini göstərir.

Nazirliyin qarşısında keyfiyyətcə yeni vəzifələrin qoyulması beynəlxalq və şəhərlərarası, həmçinin, Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla bütün respublika ərazisində lokal (yerli) telefon rabitəsi xidmətini göstərən "Aztelekom" MMC fəaliyyət prioritetinin yeni istiqamətini – yerlərdə Telekommunikasiya və İnformasiya Texnologiyalarının yeniliklərinin tətbiqinin sürətləndirilməsi vəzifəsini müəyyənləşdirib.

Hazırda "Aztelekom" MMC fəaliyyətinin əsas istiqamətini "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" prezident fərmanlarından irəli gələn vəzifələrin rabitə sahəsi üzrə icrasının təmin olunması təşkil edir.