"171"-Səsli mesaj xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC analoqu olmayan yeni bir xidmət – “171” səsli mesaj xidmətinin tətbiqinə başlayıb. Yeniliyin tətbiqi ilə ev telefonlarından mobil telefonlara və əksinə olaraq mobil operatorlardan da ev telefonlarına mesaj göndərmək mümkündür.

Xidmətdən istifadə üçün abunəçi 171 qısa nömrəsinə zəng etməlidir. Operatorun təlimatına əsasən, səsli mesaj göndərmək üçün 1, səsli mesajı dinləmək üçün 2 düyməsindən istifadə olunmalıdır. Mesaj göndərmək üçün qayda belədir: 1 düyməsini seçdikdən sonra mesaj göndərilməli, eyni zamanda, nömrə və dyez (#) düyməsi yığılmalıdır. Siqnal səsindən sonra məlumat verilir və yenidən dyez düyməsi aktivləşdirilir. Qarşı tərəf telefonda 171 nömrəsinin yığıb 2 düyməsini seçməklə mesajı dinləyir.

Yeni xidmətdən bütün mobil operatorlar, CDMA və stasionar telefon abunəçiləri istifadə edə bilərlər. Xidmətin ən böyük özəlliklərindən biri mobil operatorlardan da zəng etməklə bu xidmətə qoşulmaqdır. Yəni mobil operatorlardan ev telefonlarına və ev telefonlarından mobil operatorlara zəng etməklə xidmətdən istifadə etmək olar. Eyni zamanda, mobil nömrə abunəçiləri də 171 yığmaqla bu xidmətdən istifadə edə bilərlər.

Elektron sistem sayəsində göndərilən səsli mesajları sonradan dinləmək mümkündür. Abunəçi evdə olmadıqda sonradan telefonuna gələn mesajları ardıcıl dinləyərək onu kimin axtardığını öyrənə bilər. Bir səsli mesajın qiyməti 5 qəpikdir.