Etik davranış

Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
02.09.2011-ci il tarixli
148 nömrəli əmri ilə təsdiq edilmişdir

 

 

 

I. Ümumi müddəalar

1.

“Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları” (bundan sonra - Qaydalar) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

2.

Qaydalar rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin(bundan sonra – İşçilər) etik davranış qaydaları və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirir.

3.

İşçilər xidməti davranışında qanunun aliliyinə, insan hüquqlarına, demokratik prinsiplərə və yüksək etik davranış qaydalarına əsaslanaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (bundan sonra - Nazirlik) aid fəaliyyəti ilə bağlı bu Qaydalara əməl etməyə borcludur.

4.

Bu Qaydaların əsas məqsədi Nazirliyin birlik, müəssisə və idarələrinə ictimaiyyət tərəfindən etimadın yüksəldilməsinə, işçilərin fəaliyyətində səmərəliliyin artırılmasına, işçilər tərəfindən etik davranış qaydalarına əməl edilməsinə nail olmaqdır.

II. İşçilərin etik davranış prinsipləri

5.

İşçilərin etik davranış prinsipləri:

5.1.

İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi – İşçilərunutmamalıdır ki, onların fəaliyyətinin əsas məqsədi insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməkdir. İşçilərinsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, işçilərxidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə işçilərin şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. İşçilər hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

5.2.

Qanunçuluq prinsipi – İşçilərvəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi və normativ xarakterli aktların tələblərinə, əmək müqavilələrinin şərtlərinə və vəzifə təlimatlarına ciddi əməl etməlidir.

5.3.

Vicdanlı davranış prinsipi – İşçilərinsan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

5.4.

Loyallıq prinsipi – İşçiləronun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Ümumqəbulolunmuş milli əxlaq normalarına əməl etməlidir.

5.5.

Mədəni davranış prinsipi – İşçilərünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

5.6.

Qərəzsizlik prinsipi – İşçilərxidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

5.7.

İctimai etimad prinsipi – İşçilərAzərbaycan Respublikasının, Nazirliyin və işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə,adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.Nazirliyin və çalışdığı müəssisənin adına xәlәl gәtirә bilәn yerlәrdәn vә şәxslәrlә әlaqәdәn çәkinmәlidir. Etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.Nazirliyin və çalışdığı müəssisəninvəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

5.8.

Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi prinsipi –İşçilər birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ-hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, onların qanuna, yaxud digər normativ-hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

5.9.

Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi prinsipi – İşçilərin qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən işçi həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən işçi həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

5.10.

Əmlakdan istifadə prinsipi –İşçilər istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

5.11.

Məlumatlardan istifadə prinsipi – İşçilər işlədikləri müəssisənin sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. Xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

5.12.

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi – İşçiləröz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, rəhbər vəzifə tutan işçilərin, həmçinin tabeliyində olan şəxslərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar mövcud qanunvericilik aktlarını öyrənməlidir. Etik davranışı və öz peşəkar fəaliyyəti ilə Nazirliyə və çalışdığı müəssisəyə hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

III . İşçilərin xidməti davranışı

6.

İşçilər:

6.1.

xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalı;

6.2.

vətəndaşların qəbulundan əsassız olaraq imtina etməməli, vətəndaşların qəbulunu bilavasitə rəhbərinin müəyyən etdiyi halda həyata keçirməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi barədə məsləhətlər verməli,daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalı;

6.3.

nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları səbirlə dinləməli;

6.4.

vətəndaşların fikirlərinə hörmətlə yanaşmalı;

6.5.

zəruri olan hallar istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində danışmalı;

6.6

.birgə və ya digər işçilər tərəfindən görülmüş işlərin özü tərəfindən edildiyini iddia etməməli;

6.7.

digər işçilərin xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı;

6.8.

хidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalı;

6.9.

iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə (ucadan danışmaq, xidməti telefondan istifadə ilə bağlı sui-istifadə halları) yol verməməli;

6.10.

icra və əmək intizamına əməl etməli, həmçinin iş qrafikinə riayət etməli, iş yerinə vaxtında gəlməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməli;

6.11.

alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməməli, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmamalı;

6.12.

xidməti zərurətlə bağlı hallar istisna olmaqla, rəhbərliyin müəyyən etdiyi qaydada geyinməli, хarici görünüşünü təmiz və səliqəli saxlamalı;

6.13.

siqaret çəkilməsi qadağan olunmuş yerlərdə, həmçinin хidməti vəzifələrin yerinə yetirildiyi ictimai yerlərdə siqaret çəkməməli;

6.14.

Nazirliyin və işlədiyi müəssisənin adına xələl gətirə bilən hallara yol verməməli;

6.15.

хidməti vəzifəsini yerinə yetirdiyi zaman ayrı-seçkiliyə və zorakılıq hərəkətlərinə yol verməməli;

6.16.

kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların ilkin mərhələdə həll edilməsi üçün tədbirlər görməli;

6.17.

iş yoldaşlarına və vətəndaşlara qarşı təhqiredici və hədələyici ifadələr işlətməməli;

6.18.

ona müraciət edən şəxslərin şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol verməməli;

6.19.

icraatına verilmiş sorğuları, müraciətləri müəyyən edilmiş qaydada və diqqətlə araşdırmalı;

6.20.

rəhbərlikdə və kollektivdə həqiqətə uyğun olmayan, işçilərin nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı;

6.21.

öz məqsəd və mənafeləri üçün digər işçiləri onun hər hansı hərəkətinə görə təhdid etməməli;

6.22.

qulluq mövqeyindən istifadə edərək digər iş yoldaşlarını qanunazidd hərəkətə (hərəkətsizliyə) sövq etməməli;

6.23.

rəhbər vəzifələrdə çalışan işçilərlə münasibətlərində tabeçilik qaydalarına və subordinasiyaya riayət etməli;

6.24.

verilmiş tapşırıqların icrası ilə əlaqədar rəhbərliyi mütəmadi olaraq məlumatlandırmalı;

6.25.

xidməti vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı (əvvəlcədən) və həmin tədbirlərin nəticəsi barədə bilavasitə rəhbərini məlumatlandırmalı;

6.26.

xidmәti vәzifәlәri ilә әlaqәdar olan mәsәlәlәr üzrә göstәrdiyi kömәyin vә ya verdiyi mәslәhәtin müqabilindә haqq almamalı;

6.27.

qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməli;

6.28.

qanunvericiliyin tətbiqinə və ya etik davranış qaydalarına nəzarətin həyata keçirilməsi zamanı yaxın qohumlarının və ya şəxsi yaxınlıq münasibətində olduğu şəxslərin işinin araşdırılması tapşırıldığı halda, işçi araşdırma obyektinin dəyişdirilməsi məqsədilə rəhbərliyə məlumat verməli;

6.29.

xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməli;

6.30.

xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. qəbul etməməli, bu barədə dərhal bilavasitə rəhbərinə məlumat verməli;

6.31.

öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların xidməti vəzifəsi ilə bağlı məsələlərin həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurət olmadan başqalarının icraatında olan məsələlərə və sənədlərə maraq göstərməməli;

6.32.

irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməli;

6.33.

şəxsi maraqları ilə xidməti vəzifəsi arasında yaranmış maraqlar toqquşmasını ictimai maraqlar naminə həll etməli;

6.34.

işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli;

6.35.

özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının iş yoldaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməli;

6.36.

qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda, bilavasitə rəhbərinə məlumat verməli;

6.37.

birbaşa və yuxarı rəhbərinin qanun çərçivəsində verilmiş əmr və sərəncamını, yaxud şifahi tapşırıqlarını qanunla müəyyən edilmiş qaydada yerinə yetirməli;

6.38.

verilmiş tapşırığın qeyri-etik, hüquqazidd olduğunu hesab etdiyi halda, dərhal tapşırığı vermiş rəhbər vəzifəli şəxslə əlaqə saxlayıb həmin tapşırığı aydınlaşdırmalı;

6.39.

xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını iş vaxtından sonra da qorumalı;

6.40.

mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməli;

6.41.

işlədiyi müəssisənin fəaliyyətinə aid hər hansı iş barədə məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamalı;

6.42.

xüsusi zәrurәt olmadıqda özünün ödәmә imkanlarından artıq mәblәğdә borclarının yaranmasına yol vermәmәli;

6.43.

işlədiyi müəssisənin resurslarının qorunmasını təmin etməli və onlardan sui-istifadə və boş yerə istifadə etməməli;

6.44.

istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməli;

6.45.

hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli;

6.46.

xidməti vəsiqəsinin saxlanmasında məsuliyyətli olmalı.

IV. Rəhbər vəzifə tutan işçilərin xidməti davranışına əlavə tələblər

7.

Rəhbər vəzifə tutan işçilər:

7.1.

tabelikdə olanların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli;

7.2.

tabelikdə olanlara icrası mümkün olmayan tapşırıqlar verməməli;

7.3.

tabelikdə olanlara verilmiş tapşırıqların icrası ilə bağlı mütəmadi olaraq maraqlanmalı, onlara metodik köməklik göstərməli, yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməli;

7.4.

fəaliyyəti ilə bağlı tabeliyində olanların qanunvericiliyə uyğun və müəssisənin nüfuzunun artırılması məqsədilə verdikləri təklifləri öyrənməli, işçilər tərəfindən verilmiş təkliflərə hörmətlə yanaşmalı;

7.5.

bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli;

7.6.

xidməti fəaliyyəti ilə bağlı tabelikdə olanların kənar şəxslərin təsirindən müdafiə edilməsi üçün müvafiq tədbirlər görməli;

7.7.

xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik dilemmalar barədə tabelikdə olanları qabaqcadan məlumatlandırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı;

7.8.

tabeliyində olan işçilərin xidməti fəaliyyətini keyfiyyətlə icra etməyə və özlərini inkişaf etdirməyə imkan verən normal iş şəraiti yaratmalı;

7.9.

tabelikdə olanların işgüzar qaydalara və etik davranış qaydalarına əməl etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;

7.10.

şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli;

7.11.

subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkilik aparmamalı, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli;

7.12.

tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı;

7.13.

tabelikdə olanlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməli;

7.14.

öz davranışı ilə tabelikdə olanlar üçün nümunə olmalı;

7.15.

rəsmi ləvazimatlardan sui-istifadə hallarına yol verməməli.

V. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

8.

İşçilərin davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.

9.

Etik davranış qaydalarına əməl olunmasına nəzarət müəssisənin rəhbəri tərəfindən məsul şəxs vasitəsilə həyata keçirilir.

10.

Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

10.1.

işçilərin xidməti davranışının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməli və onun təhlili aparılmalı;

10.2.

işçilər arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalı;

10.3.

rəhbər vəzifə tutan işçilərtərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməli;

10.4.

etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməli;

10.5.

işçilərə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməli;

10.6.

etik davranış qaydaları və işçilər tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməli;

10.7.

etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır.

11.

Etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İşçinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

12.

Aşağıdakı hallarda işçi barəsində intizam icraatına başlanıla bilər:

12.1.

bu Qaydaların müddəalarının işçi tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

12.2.

kütləvi informasiya vasitələrində işçi tərəfindən bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın yayımlanması.

13.

Etik davranış qaydalarının müddəalarının işçi tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.

14.

Aparılmış intizam icraatının nəticələri müəssisənin rəhbərinə təqdim edilir. Bu Qaydaların müddəalarını pozmuş və maraqların toqquşmasına yol vermiş işçi barədə müəssisənin rəhbəri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbiri tətbiq edilə bilər.

15.

İntizam icraatı zamanı işçi tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, müəssisənin rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verir.