Microsoft Azərbaycanda nümayəndəliyini açır

Fevralın 28-də Azərbaycanda Microsoft şirkətinin nümayəndəliyi açılacaqdır.

Bu barədə AZEL şirkətinin (Microsoftun Azərbaycandakı rəsmi partnyoru) prezidenti İqor Yakovenko məlumat veribdir. Qafqazda ilk ofisinin məhz Azərbaycanda fəaliyyətə başlaması münasibətilə açılış mərasiminə şirkətin məsul şəxsləri qatılacaqlar.

İ.Yakovenkonun sözlərinə görə, bu məqsədlə Microsoft şirkətinin MDB ölkələrindəki baş meneceri Serjio Svizın Azərbaycana gələcəyi gözlənilir.
Qeyd edək ki, yeni ofis Azərbaycanda informasiya-kommunikasiya texnologiyaların inkişafına xidmət edəcəkdir.

"Nokia" və "Sanyo" birləşir

Yaponiyanın "Sanyo Electric Co." şirkəti Finlandiyanın "Nokia Corp" korporasiyası ilə birlikdə ABŞ-da mobil telefon istehsalı üzrə yeni böyük şirkət yaradacaqlar.

Bu şirkətin mərkəzi ofisi San-Diyeqo şəhərində yerləşəcək, Birləşmiş Ştatlarda və bəzi ölkələrdə yayılmış "CDMA2000" texnologiyası üzrə telefon istehsal edəcək.

Ötən maliyyə ilini 2 milyard dollarlıq zərərlə başa vuran "Sanyo" şirkəti "Nokia" ilə birliklə böhrandan çıxmaq niyyətindədir.