Haqqımızda

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi 1992-ci ilin avqust ayında yaradılıb. Birlik öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi, Sumqayıt, Mingəçevir, Sirvan və Naftalan şəhər, həmçinin 49 rayon Telekommunikasiya Qovşağı), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), 5650 saylı obyekt və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.

Azərbaycan Respublikasının Milli rabitə operatoru olaraq, "Aztelekom" İstehsalat Birliyi fərdi müştərilərə, korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə və infokommunikasiya texnologiyalarının müxtəlif xidmətlərini göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli 94 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması, İnformasiya Texnologiyaları sahəsində beynəlxalq miqyasda tanınmış alim, akedemik Əli Abbasovun nazir təyin olunması Azərbaycan Respublikasında rabitənin və İnformasiya Texnologiyalarının inkişafını keyfiyyətcə yeni müstəviyə çıxartdı.

Nazirliyin qarşısında keyfiyyətcə yeni vəzifələrin qoyulması beynəlxalq və şəhərlərarası, həmçinin, Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla bütün respublika ərazisində lokal (yerli) telefon rabitəsi xidmətini göstərən "Aztelekom" İstehsalat Birliyinin fəaliyyət prioritetinin yeni istiqamətini – yerlərdə Telekommunikasiya və İnformasiya Texnologiyalarının yeniliklərinin tətbiqinin sürətləndirilməsi vəzifəsini müəyyənləşdirib.

Hazırda "Aztelekom" İstehsalat Birliyinin fəaliyyətinin əsas istiqamətini "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" prezident fərmanlarından irəli gələn vəzifələrin rabitə sahəsi üzrə icrasının təmin olunması təşkil edir.