Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və ada keçirilməsi
a- A+

Ümumi məlumat

      Telefon rabitəsi, telefon şəbəkələrinin fəaliyyət dairəsində olan, dünyanın hər hansı yaşayış məntəqəsində vətəndaşlara və müəssisələrə telefon danışıqları aparmağa və məlumatlar verməyə imkan yaradan rabitə xidməti növüdür.

      Telefon rabitəsi fasiləsiz işləyir. Yerli, şəhərlərarası, beynəlxalq telefon və faksimli rabitələrindən, eləcə də sorğu-məlumat və s. xidmətlərdən istifadə etmək üçün vətəndaşların mənzillərində və müəssisələrdə telefon (faks) aparatları qurulur. Bu vətəndaşlar və müəssisələr telefon şəbəkəsinin abunəçiləri hesab olunur.

      Abunəçi xəttinə qoşulan telefon aparatlarını və başqa qurğuları abunəçilər təmin edir.
      Qurulma yerlərlərinə görə telefon aşağıdakı kateqoriyalara bölünür.

  -müəssisə, idarə və təşkilatlarda qoyulmuş müəssisə telefonları;
  -fərdi mənzillərdə qoyulmuş mənzil telefonları;

      Qoşulma üsullarına görə telefonlar aşağıdakı növlərə bölünür:
  -fərdi xəttə qoşulmuş sərbəst telefonlar;
  -sərbəst telefonların xəttinə parallel qoşulmuş, ayrı-ayrı abunəçilərə məxsus olan paralel telefonlar.
Paralel telefon, dayaqlar tətbiq edilmədən, son qurğulardan (kabel yeşiyindən, paylayıcı qutudan) 100 m-dək məsafədə olan müxtəlif müəssisə və mənzillərə sərbəst telefon abunəçisinin razılığı ilə çəkilir.
Mənzillərinə paralel telefon çəkilən vətəndaşlar telefon şəbəkəsi inkişaf etdikcə və ya texniki imkan yarandıqda sərbəst telefonla təmin olunurlar.

      3 ay müddətinə çəkilən telefonlar “müvəqqəti telefonlar” hesab olunur.

      Abunəçilərin telefon nömrələri haqqında məlumat vermək məqsədi ilə rabitə müəssisələri sorğu-məlumat xidmətlərini təşkil edir.

      Telefon rabitəsi xidmətlərindən istifadə edən abunəçilər və bu xidmətləri göstərən rabitə müəssisələri  hazırkı qaydaları icra etməlidirlər.