İKT Xəbərləri

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 1862 nömrəli Sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanmışdır.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir.

İnkişaf Konsepsiyasının həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tam mətni burada yerləşdirilib.

http://mincom.gov.az

Xəbər 474 dəfə oxunub