Xəbərlər

Azərbaycanın İKT təşkilatları və şirkətləri BTİ-nin elan etdiyi müsabiqədə iştirak edə bilərlər

26-Sep-13 14:40.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World Summit on the Information Society –WSIS) çərçivəsində “Layihə Prizləri-2014” müsabiqəsinin başlandığını elan edib.

Azərbaycanın İKT təşkilatları və şirkətləri də sözügedən müsabiqədə iştirak edə bilərlər. Məlum olduğu kimi, bu müsabiqə “WSIS”-in yerinə yetirilməsi üzrə nəticələrin, nailiyyətlərin nümayişi, tanınması üçün unikal layihədir. 2014-cü ilin 13 aprelinə qədər davam edəcək müsabiqə 4 mərhələdən ibarətdir.

Müsabiqənin sonunda “WSIS” üzrə müəyyənləşən 18 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq və mükafatlar “WSIS+10” yüksəksəviyyəli tədbirdə təqdim ediləcək. Müsabiqənin əsas hədəfi hər kəsə, maraqlı tərəflərə İKT sahəsində bacarıqlarını, nailiyyətlərini nümayiş etdirmək, uğurlu təcrübələrini paylaşa bilmək, həmçinin öz potensiallarını reallaşdırmaq imkanı vermək üçün platforma yaratmaq, bununla İKT sahəsində davamlı inkişafı sürətləndirməkdir.

“Facebook” onlayn-ticarətlə məşğul olacaq

25-Sep-13 11:17.
“Facebook” sosial şəbəkəsi bütün istiqamətlərdə daim inkişaf edir. Şəbəkə rəhbərliyinin yeni ideyası istifadəçilərə internetdə öz mobil qurğuları vasitəsilə alış-veriş etməkdə kömək məqsədi daşıyır.

“Auto-Fill with Facebook” adlandırılan funksiya “Facebook”un “iOS” əməliyyat sistemi üçün nəzərdə tutulan əlavəsini tamamlayır. Funksiyanın köməyi ilə istifadəçi ona məxsus kredit kartı haqqında məlumatlar “Facebook”dakı profilində olduğu halda onları daxil etmədən internet mağazalarında alış-veriş edə bilər. Ödəniş etmək üçün yalnız ödəniş faktını təsdiq etmək lazımdır.

İkin mərhələdə “Facebook” un tərəfdaşları qismində “Jack Threads” kişi geyimi mağazası və “Mosaic” foto servisi çıxış edib. Bu mağazaların əlavələrində alış-veriş edən zaman istifadəçilər yeni funksiyadan yararlana bilər.

Yaponiyada “¥Coins” virtual valyutası dövriyyəyə buraxılıb

24-Sep-13 12:31.
“Infobip” beynəlxalq mobil texnologiyalar və ödənişlər provayderi Yaponiya bazarının həm yerli, həm də beynəlxalq kontent provayderləri üçün nəzərdə tutulan “¥Coins” virtual valyutasının dövriyyəyə buraxılmasını bəyan edib.

“¥Coins” valyutasının dövriyyə buraxılması sayəsində “Infobip” iştirak etdiyi Yaponiya bazarında bu növ xidmət təklif edən ilk beynəlxalq ödəniş provayderi olub.

Mobil və ya onlayn istifadəçilər virtual valyutanı birbaşa mobil billinq vasitəsilə əldə edə bilərlər. Bu halda lazımi məbləğ müştərinin mobil hesabından çıxılır. Bu xidmətdən Yaponiyanın bütün mobil operatorlarının şəbəkəsində istifadə etmək mümkündür. Bundan başqa, hesaba pul yatırılması üçün oyun kartları da ödəniş vasitəsi kimi qəbul olunur.

RİTN-in özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqları 10 faiz artırılacaq

23-Sep-13 12:10.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 2013-cü ildə bir sıra sərəncamlar imzalayıb.

Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən işçilərin əməkhaqları 10 faiz həcmində artırılıb.

Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinə uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş Kollegiya İclasının qərarına əsasən, nazirliyin özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq.

Nazir Masallıda vətəndaşlarla görüşüb

23-Sep-13 09:40.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Sentyabrın 20-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Masallıda bu rayondan, eləcə də Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabaddan olan vətəndaşlarla görüşüb. Nazir Əli Abbasov əvvəlcə Masallı Telekommunikasiya Qovşağının birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, qovşağın abunə şöbəsində və “Qəza xidməti otağı”nda yaradılan şəraitlə yaxından tanış olub. Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda cənub bölgəsindən olan vətəndaşların şikayət və müraciətləri dinlənilib.

Vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan çətinliklərlə bağlı müraciət ediblər.

Avropa internet biznesinə vergi tətbiq etməyi planlaşdırır

20-Sep-13 10:59.
Fransa ABŞ-ın “Google” və “Facebook” kimi internet şirkətlərinə xüsusi vergilər qoymaq, eləcə də analoji verginin bütün Avropa İttifaqı üzrə tətbiqinə nail olmaq niyyətindədir. Fransanın təklif etdiyi plan şirkətlərin sərəncamında olan məlumatların sərt şəkildə tənzimlənməsini də nəzərdə tutur.

Bildirilir ki, Fransa internetə vergi qoyuluşu üzrə hazırladığı geniş təkliflər paketini oktyabrda Avropa liderlərinin sammitində təqdim edəcək. Bunun üçün ölkə nazirliklər səviyyəsində Aİ-nin digər üzvlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirərək internet paketinin qəbul edilməsinə görə onların razılığını almağa çalışacaq. Yaxın günlərdə Fransanın rəqəmli iqtisadiyyat naziri Fler Pellerin Avropa komissarı Neli Kroes, eləcə də Böyük Britaniya, Almaniya, İspaniya, Polşa və digər ölkələrin nazirləri ilə görüşlər keçirəcəyi gözlənilir.

Fransanın əsas təkliflərindən biri beynəlxalq miqyaslı internet şirkətlərinə qarşı vergi sisteminin sərtləşdirilməsidir.

“iOS 7” əməliyyat sistemi istifadəyə verildi

19-Sep-13 15:46.
“Apple” şirkəti dünən mobil qurğuları üçün “iOS 7” yeni əməliyyat sistemini istifadəyə verib.

“iOS 7” platforması “iPhone 4”, “4s” və “5” smartfonları, “iPad 2”, “3”, “4” və “Mini” planşetləri və beşinci nəsil “iPod touch” pleyerləri üçün nəzərdə tutulub. Yeniləmə paketinin həcmi 700 MB-dan çoxdur. Onu “Wi-Fi” vasitəsilə quraşdırmaq olar. Yüklənmə zamanı aparatı enerji mənbəyinə qoşmaq tövsiyə edilir.

“Lenta” saytı yazır ki, əməliyyat sistemində şrift və ikonkalar yenidən işlənib, yeni qrafik effektlər yaradılıb.

“iOS 7” mobil əməliyyat sistemində “AirDrop” protokolunun (“Wi-Fi” vasitəsilə fayllarla mübadilə etməyə imkan verir) dəstəklənməsi və sazlamalara sürətli giriş üçün "İdarə bölməsi" menyusu kimi yeni funksiyalar istifadəyə verilib. “Apple”, həmçinin çoxməsələlik texnologiyası üzərində işləri tamamlayıb, "Kamera" tətbiqini və “Safari” brauzerini yeniləyib və “Siri” səs köməkçisinin imkanlarını genişləndirib.

Simsiz və simli qoşulma üçün “Hybrid Wi-Fi” texnologiyası təqdim edilib

18-Sep-13 12:48.
Berlində keçirilən “IFA 2013” sərgisində “TP-LINK” şirkəti simsiz və simli qoşulmanın üstünlüklərini özündə birləşdirərək “Hybrid Wi-Fi” texnologiyasından istifadə edən bir neçə yeni kommunikasiya məhsulları təqdim edib.

Xüsusilə sərgidə nümayiş olunan ikidiapazonlu “H5R AV500 Hybrid WiFi” kompüter şəbəkəsi və “H5E AV500 Hybrid WiFi” simsiz siqnal gücləndiricisi diqqəti cəlb edib.

“TP-LINK”in istehlak mallarının satışı şöbəsinin rəhbəri Tomas Cell bildirib ki, sərgidə başlıca hadisə dünyanın ilk hibrid simsiz şəbəkəsinin təqdim edilməsi olub. “Hybrid Wi-Fi” texnologiyası sayəsində istifadəçilər öz simsiz şəbəkələrinin əhatə dairəsinə asanlıqla genişləndirə biləcəklər.

Azərbaycan “ITU Telecom World 2013” konfransında yüksək səviyyədə təmsil olunacaq

17-Sep-13 12:41.
Azərbaycan “ITU Telecom World 2013” konfransında geniştərkibli nümayəndə heyəti ilə təmsil olunacaq.

Konfrans Banqkoq şəhərində noyabr ayının 19-dan 22-dək keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə 25 İKT şirkətinin nümayəndələri daxil olacaq. Artıq nazirlik tərəfindən Azərbaycan nümayəndə heyətinin son nailiyyətləri və perspektiv layihələri nümayiş ediləcək 150 kvadrat metr ölçüdə stend icarəyə götürülüb.

Tədbir çərçivəsində nazir Əli Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi və konfransda çıxışı gözlənilir. Konfransın tərkib hissəsi olan müxtəlif sessiya və forumlarda yerli şirkətlərin nümayəndələrinin çıxışları gözlənilir.

Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak edib

16-Sep-13 11:14.
Sentyabrın 11-13-də Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun yeddinci illik iclası keçirilib.
"Yay Davosu" hesab edilən iclasda 90-dan çox ölkədən 1600-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, nazirlər, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. İclas hökumət qurumları, özəl sektor, beynəlxalq və regional iqtisadi qurumlar arasında müxtəlif mövzularda müzakirələrin aparılması baxımından yaxşı imkan hesab olunur. Forumun məqsədi dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərin və inkişaf modellərinin tətbiqi əsasında inkişaf etdirilməsi yollarının müzakirəsi olub. "Yay Davosu", həmçinin qərar qəbul edən şəxslər, dinamik inkişaf edən şirkətlərin strateqləri və liderləri arasında fikir mübadiləsi üçün də əlverişli imkandır.
Dalyandakı Beynəlxalq Konfrans Mərkəzində təşkil olunan iclasın açılış mərasimində Çinin Dövlət Şurasının sədri (baş nazir) Li Keçyan, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab çıxış edib.

Rabitə və informasiya texnologiyaları işçilərinin «Sağlamlıq-2013» Respublika Spartakiadası keçiriləcək

13-Sep-13 14:15.
Cari ilin oktyabrın 26-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» İdman Cəmiyyətinin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları işçilərinin «Sağlamlıq-2013» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçiriləcək.

Spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etmək və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( AHİTA) keçirəcəyi nazirliklərarası spartakiadada rabitə işçilərinin yığma komandasını formalaşdırmaqdan ibarətdir.

Nazirlik tərəfindən “Sağlamlıq-2013” Respublika Spartakiadasının keçirilməsi ilə əlaqədar artıq hazırlıq tədbirlərinə başlanılıb.

“ICANN” müxtəlif dilli domenlər üzrə şuraların yaradılmasını sürətləndirməyə çağırıb

12-Sep-13 14:30.
“ICANN” (internetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) beynəlxalq korporasiyası 17 milli dildə domenlərin marağını təmsil edən şuraları mümkün qədər tez formalaşdırmağı tövsiyə edib. Bu barədə təşkilatın nümayəndəsi Nikoleta Muntyanu MDB, Mərkəzi və Şərqi Avropa inzibatçı və qeydiyyatçılarının 6-cı konfransında bəyan edib.

Milli dillər siyahısına ərəb, Çin, kiril, yunan, ivrit, yapon, Koreya, tamil, tay və digər dillər daxildir. N.Muntyanunun sözlərinə görə, məhz bu dillərdə olan domenlər yüksəksəviyyəli yeni domenlərin qeydiyyatı üçün “IDN Fast Track” proqramı üzrə təqdim edilən müraciətlərdə göstərilib. “ICANN”-ın proqramı dövlətlərə və ərazilərə təkcə latın dilində deyil, həm də milli əlifbanın hərflərinin yer aldığı domenlər almağa imkan verir.

Dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılması və ya işlənilməsinə görə cərimə tətbiq ediləcək

12-Sep-13 11:44.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatlarla bağlı növbəti statistikanı açıqlayıb. 01.09.2013-cü il tarixə bütün qurumlar üzrə dövlət informasiya ehtiyatlarının sayı 35, fərdi məlumatların informasiya sistemləri 80 olmaqla, cəmi 115-dir.

Qeyd edək ki, “www.e-gov.az” portalında yaradılan bu xüsusi bölmə Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə” və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə yaradılıb..

“Apple” şirkəti 2 yeni smartfon və mobil əməliyyat sistemini təqdim edib

11-Sep-13 14:08.
“Apple” şirkəti dünən iki yeni smartfonunu (“iPhone 5S” və “iPhone 5C”) təqdim edib.

Qiyməti daha ucuz “iPhone 5C” smartfonu yaşıl, sarı, göy, çəhrayı və ağ rəngli korpuslarda tədarük ediləcək. Xatırladaq ki, “Apple” şirkətinin əvvəlki smartfonları yalnız qara və ya ağ rəngdə olub. Aparatın korpusu plastikdən işlənib hazırlanıb.

“iPhone 5C” smartfonu “Apple A6” prosessoru, 4 düymlük ekran və 8 meqapiksellik kamera ilə təchiz edilib və “LTE” şəbəkələrini dəstəkləyir.

Daha bahalı “iPhone 5S” smartfonunun korpusu şüşə və alüminiumdan hazırlanıb. Sözügedən aparat qara, gümüş və qızıl rəngli korpuslarda tədarük ediləcək.

“www.e-gov.az” portalına daxil olanlar haqda növbəti statistik məlumatlar açıqlanıb

10-Sep-13 15:24.
“Elektron hökumət” bülleteninin sentyabr nömrəsində “www.e-gov.az” portalına daxil olanlar haqda növbəti statistik məlumatlar, o cümlədən portala daxilolmaların statistik uçotunun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin sentyabr ayının 1-nə qədər portala daxilolmalar üzrə detallı məlumatlar açıqlanıb.

Statistikaya əsasən, portala ümumilikdə 325 063 daxilolma qeydə alınıb, müraciət edənlərin ümumi sayı isə 194 885 nəfər olub. Belə ki, 194 885 nəfər ümumən 325 063 dəfə portala baxıb və 422 334 elektron xidmətə müraciət ediblər.

Həmin şəxslərin portala sərf etdikləri vaxt orta hesabla 4 dəqiqə 40 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 62.2 faizini yeni istifadəçilər, 39.8 faizini isə təkrar müraciət edənlər təşkil edib.

Görülən 241 - 255 qədər, 770 xəbərdən