Xəbərlər

“Aztelekom” İstehsalat Birliyində cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur

11-Oct-13 11:11.
İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi münasibətilə rəsmi toplantıdan sonra konsert proqramı təşkil edildi.

“Aztelekom” İstehsalat Birliyinin bütün kollektivinin qatıldığı tədbirdə YAP Yasamai rayon təşkilatının “Tbilisi prospekti – 3166-cı məhəllə” özəyinin və Birliyin Gənclər təşkilatının üzvləri xüsusi fəallıq nümayiş etdirdilər.

Yüksək əhval-ruhiyyə ilə keçən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan partiyasının sədri zati-aliləri İlham Əliyev cənablarına müraciət qəbul edildi.



“Google” serial və teleşoular barədə informasiyanı axtarışa inteqrasiya edib

10-Oct-13 12:37.
“Google” internet-axtarış sisteminin istifadəçiləri teleproqram, serial və şoular haqqında informasiyanı bilavasitə resursun əsas səhifəsində almaq imkanı əldə ediblər.

Belə ki, istifadəçilər serialın adı üzrə axtarış verərək ekranın sağ tərəfində filmin qısa təsvirinin yer aldığı xüsusi bölməni, eləcə də serialın bütün seriyalarının efirə çıxma vaxtının siyahısını görə biləcəklər. Seriyanın adı üzərinə düyməni basaraq bu epizod üçün oxşar nəticələri görmək və baş verən hadisələrin qısa nəqlini oxumaq mümkün olacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, televiziya proqramları üzrə axtarışdan hələlik yalnız “Google”un ingilisdilli versiyasının istifadəçiləri yararlana bilər.



2013-cü ilin sonunadək planetin əhalisinin təxminən 40%-i internetdən istifadə edəcək

08-Oct-13 11:36.
Son ildə “Ümumdünya Hörümçək Toru”na 250 milyondan çox insan qoşulub. 2013-cü ilin sonunadək planetin əhalisinin təxminən 40%-i internetdən istifadə edəcək. Koreya Respublikası informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində üçüncü il ardıcıl olaraq lider olub.

Sonrakı yerlərdə İsveç, İslandiya, Danimarka, Finlandiya və Norveç qərarlaşıb. Aparıcı ölkələrin onluğuna, həmçinin Hollandiya, Böyük Britaniya, Lüksemburq və Honkonq (Çin) daxildir.

Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) himayəsi altında hazırlanmış "İnformasiya Cəmiyyətinin Ölçülməsi - 2013" adlanan yeni hesabatda qeyd olunub.

Hesabat müəllifləri bildiriblər ki, smartfon və planşetlərdən istifadəyə əsaslanan mobil genişzolaqlı rabitə hazırda dünya bazarının ən sürətli inkişaf edən seqmentidir.

“Huawei” Malayziyada nəhəng data mərkəzi tikəcək

07-Oct-13 12:36.
Mobil rabitə şirkətləri üçün avadanlıqların istehsalı ilə məşğul olan Çinin “Huawei Technologies” telekommunikasiya həllər istehsalçısı Malayziyanın cənub hissəsində nəhəng data və logistika mərkəzinin yaradılması ilə bağlı planlarını açıqlayıb. Şirkətin bu planlarına dair tərəfdaş qismində Malayziyanın "Khazanah Nasional” dövlət investoru çıxış edir.

“Huawei”in mətbuat xidmətindən verilən məlumata görə, yeni data mərkəzi ilk növbədə şirkətin Çindəki regional müştərilərinin tələbatını ödəmək üçün nəzərdə tutulacaq. Mərkəz Sinqapur yaxınlığında Malayziyanın İsgəndər regionunda yerləşməklə 8 400 kvadratmetr ərazini əhatə edəcək və orada 600 nəfərə yaxın sistem mühəndisi, inzibati əməkdaş və digər şəxsi heyət çalışacaq.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 13 vakansiya təqdim edib

04-Oct-13 12:18.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən komissiyanın elan etdiyi müsabiqəyə 13 vakansiya təqdim edib. Bu vakant yerlərə Məxfi şöbədə aparıcı məsləhətçi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş sektorunda baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, fondun Sahibkarlığın inkişafı sektorunda aparıcı məsləhətçi, məsləhətçi, eyni zamanda RİTN-in Elektron Təhlükəsizlik Mərkəzində baş məsləhətçi - kadrlar üzrə, mərkəzin Əməliyyat sektorunda baş məsləhətçi, məsləhətçi, Analiz və məsləhət sektorunda aparıcı məsləhətçi, məsləhətçi, həmçinin, Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, məsləhətçi vəzifələri daxildir.

Böyük Britaniya Azərbaycanla İKT sektoru üzrə əməkdaşlıq istiqamətlərini müzakirə edib

04-Oct-13 12:17.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb.

Ölkələrimiz arasında İKT sahəsinin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu deyən nazir Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması prosesinə Böyük Britaniyanın (BB) məsləhətçi şirkətlərinin cəlb olunduğunu qeyd edərək, BB-nin ən böyük telekommunikasiya şirkəti “British Telecom”la qurulan əlaqələrdən söz açıb. 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı həyata keçirilən islahatlar, layihələr haqda səfiri məlumatlandıran Ə.Abbasov sözügedən sahədə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şəraitin olduğunu vurğulayaraq, yeni təyin olunmuş səfirin bu əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Nazir Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

03-Oct-13 13:01.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Robert Jan Qabrielsen ilə görüşüb.

Azərbaycanda İKT sahəsində yürüdülən dövlət siyasəti, bu sektorun gələcək illərdə də prioritet istiqamət kimi önə çəkilməsindən söz açan nazir Əli Abbasov qonağı milli, regional layihələr, o cümlədən “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə həyata keçirilən tədbirlərlə bağlı məlumatlandırıb. Avropa Birliyinin üzvü kimi, Niderland Krallığının İKT sahəsində ön sıralarda olmasına da diqqət çəkən nazir ölkələrimiz arasında bu sahədə münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcud olduğunu, eyni zamanda Krallığın təcrübəsindən ölkəmizdə istifadənin mümkünlüyünü bildirib.

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə tanış olduğunu deyən səfir xüsusən İKT sahəsində sürətli inkişafa nail olunduğunu qeyd edib. Ölkəsinin bu sahədə keçdiyi inkişaf yoluna da diqqət çəkən diplomat “4G” texnologiyalarından istifadənin genişləndirilməsi, “start-up”ların inkişafı üçün hökumət tərəfindən yaradılan əlverişli şərait, xüsusən İKT-nin tətbiqi ilə Hollandiyanın böyük “Filips” şirkətinin əldə etdiyi uğurlardan söz açıb.

Vətəndaşların NƏZƏRİNƏ!

03-Oct-13 10:05.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oktyabr ayının 4-də saat 11:00-da Biləsuvar rayonunda (Biləsuvar, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəbrayıl) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Yaponlar eynək-tərcüməçi yaradıblar

02-Oct-13 10:59.
Yaponiyanın “NTT DoCoMo” şirkəti “CEATEC 2013” sərgisində mətni real vaxt rejimində tanıyan və tərcümə edən “ağıllı” eynək prototipini təqdim edib. Qurğu hələlik 4 dili - ingilis, yapon, Çin və Koreya dillərini “bilir”.

Şirkət nümayəndələri bildirirlər ki, qurğu tanış olmayan dillərin menyusu və ya lövhələrin tərcüməsi üçün faydalı olacaq. Eynək prototipi simvolların tanınması və tərcüməsi prosesinin öhdəsindən 5 saniyəyə gəlir.

Bundan başqa eynək, demək olar, istənilən düz səthi sensor displeyə çevirə bilir. Məsələn, eynək virtual ekran toxunuşunu adi kağıza ötürməyi bacarır. Qurğu ilə əlaqə barmağa keçirilən xüsusi üzük vasitəsilə həyata keçirilir.

"Aztelekom"da Ahıllar günü qeyd olundu

01-Oct-13 13:11.

1 oktyabr Beynəlxalq Ahıllar günü münasibəti ilə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində geniş toplantı keçirildi. Toplantıda Birliyin Baş Direktoru Məhəmməd  Məmmədov müəssisədə çalışan ahılları təbrik etdi, belə bir günün təntənəli qeyd olunmasının əhəmiyətini qeyd etdikdən sonra vurğuladı ki, Ahıllar gününün Beynəlxalq səviyyədə qeyd olunması nə qədər əlamətdar olsa da, doğma Azərbayjanımızda ahıllara - ağsaqqal və ağbirçəklərimizə hörmət, xüsusi ehtiram, ağsaqqal sözünün qanun kimi qəbul edilməsi ənənələrinin tarixi daha qədimdir və bu gözəl ənənələr bu gün də aktualdır. Azərbaycan mühitində ahılların onların ailələrində, ictimaiyyət içərisində və cəmiyyətdə oynadığı mühüm rol
onu deməyə əsas verir ki, bu gün ölkəmiz ahıllara münasibtdə dünya ölkələrinin əksəriyyəti üçün örnək sayıla bilər. Məhəmməd Məmmədov mərasimdə iştirak edən ahılların hər birinin milli rabitəmizin inkişafında böyük əməyinin olduğunu, onların əksəriyətinin əmək fəaliyyətinin çiçəkləndiyi dövrün Respublikamıza ümummilli liderimiz HEYDƏR ƏLİYEV cənablarının rəhbərlik etməyə başladığı dövrə təsadüf etdiyindən Azərbaycan rabitəsinin yüksəlişinin bilavasitə iştirakçıları olduqlarını xüsusi qeyd etdi.

“Apple” və “Google” dünyanın ən bahalı brendləri siyahısına başçılıq edir

01-Oct-13 12:28.
“Apple” və “Google” şirkətləri ötənilki qalib “Coca-Cola” şirkətini üçüncü yerə sıxışdıraraq dünyanın ən bahalı brendləri siyahısına başçılıq etməyə başlayıb.

Belə ki, “Interbrand” konsaltinq agentliyinin reytinqinə əsasən, “Apple” brendinin dəyəri 98,315 milyard dollar təşkil edir ki, bu da bir il əvvəlki nəticəni 28 faiz üstələyir. Bu barədə agentliyin saytında yerləşdirilən məlumatda deyilir.

İkinci yeri dəyəri 93,291 milyard dollar qiymətləndirilən “Google” şirkəti tutub. Bu şirkətin göstəricisi 2012-ci ildən 34 faiz daha baha olub. Bununla yanaşı, “Coca-Cola” son 10 ildə ilk dəfə olaraq brendin dəyəri üzrə birinciliyi əldən verib, “Google” isə heç vaxt belə yüksəyə qalxmayıb.


Kompüter və elektron məhsulların istehsalı artıb

30-Sep-13 12:14.
Statistik rəqəmlər ölkə üzrə kompüter avadanlıqlarının istehsalının genişləndiyi göstərir.

Belə ki, cari ilin yanvar-avqust aylarında Azərbaycanda kompüter, elektron və elektrik avadanlığının istehsalı sahəsində məhsul istehsalının həcmi əhəmiyyətli dərəcədə artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sözügedən məhsulların istehsal həcmi 151,8 milyon manata qədər yüksəlib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter və elektron məhsulların istehsalında 14,6 faiz, elektrik avadanlığının istehsalında isə 12 faiz artım baş verdiyini göstərir.

Balakəndə “Kənd icra nümayəndəlikləri və bələdiyyə işçilərinin İKT biliklərinin artırılması” layihəsi həyata keçirilib

30-Sep-13 09:54.
“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli 2815 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planı”nın 38-ci bəndinin (“Regionlarda İKT üzrə bilik və ba­ca­rıq­ların artırılması məqsədi ilə əhalinin müxtəlif qrup­ları üçün təlim kurslarının, seminarların keçirilməsi”) icrası ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Balakən rayonunda “Kənd icra nümayəndəlikləri və bələdiyyə işçilərinin İKT biliklərinin artırılması” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində mütəxəssislər tərəfindən Balakən rayonunun Kənd İnzibati Ərazi Dairələri və Bələdiyyə işçilərinə (80 nəfər) kompüter kursları keçirilmişdir. Kurslar iyun-avqust ayları ərzində Balakən rayonu Nəsimi adına 2 saylı şəhər məktəbində xüsusi proqram əsasında aparılıb.


“Ctrl+Alt+Del” klavişlər kombinasiyası səhv qərar nəticəsində yaranıb

27-Sep-13 11:46.
“Microsoft”un keçmiş direktoru Bill Qeyts bəzən olduqca maraqlı çıxışlar edir. Bu dəfə də belə olub. Harvard Universitetində müsahibə zamanı o etiraf edib ki, sistemə giriş üçün “Ctrl+Alt+Del” klavişlər kombinasiyasından istifadə qərarı səhv olub.

“itc” yazır ki, tədbir zamanı aparıcı Bill Qeytsdən soruşub ki, bu kimin ideyası olub və yaradıcı nəyə əsaslanıb? Bill dərhal cavab verib ki, bu qərar səhv olub. Gözlənilməz etiraf zalda gülüş doğurub.

"İlk öncə biz sistemə giriş əməliyyatı üçün bir düymədən istifadə etmək istəyirdik, lakin “IBM” klaviaturasının dizaynına görə məsuliyyət daşıyan gənc bizim ideyamızı qəbul etmədi” – Qeyts deyib.

RİTN-in əməkdaşları “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisini ziyarət ediblər

27-Sep-13 09:41.
“Bakı Expo” Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunmuş “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi fəaliyyətini davam etdirir.

Sərgi çərçivəsində müxtəlif dövlət qurumlarının günlərinin keçirilməsi də nəzərdə tutulur. Bu tədbirə uyğun olaraq, sentyabrın 26-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları sərgini ziyarət ediblər.

Ziyarətçilər sərginin 3 pavilyonunda nümayiş edilən ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT), sənaye, energetika, kənd təsərrüfatı, sahibkarlıq, regionların sosial-iqtisadi inkişafı, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, mədəniyyət, gənclər və idman, ekologiya, su və kanalizasiya və digər sahələrdə qazandığı nailiyyətlər, eləcə də müxtəlif kənd təsərrüfatı və sənaye məhsulları ilə tanış olublar.

Görülən 226 - 240 qədər, 770 xəbərdən