İKT Xəbərləri
RİTN-in birlik və müəssisələri qışa hazırlıq görüblər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin dekabrın 13-ü axşamdan ölkə ərazisində havanın kəskin soyuyacağı xəbəri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birlik və müəssisələri müəyyən tədarüklər görüblər.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev bu məqsədlə birlik tərəfindən tabe müəssisələrə xəbərdarlıq olunduğunu deyib. Onun sözlərinə görə, onlar tərəfindən payız və qış mövsümünə hazırlıqla əlaqədar öncədən tədbirlər görüldüyündən paytaxt rabitəçiləri ən sərt hava şəraitində fasiləsiz rabitə xidməti göstərməyə hazırdırlar.
Qışın şaxtalı, qarlı günlərində paytaxtdan fərqli olaraq regionlarda çətinliklər çox olur. Xüsusən də dağlıq və dağətəyi bölgələrdə bu özünü daha kəskin şəkildə büruzə verir. Relyefin əlverişsizliyi, hava şəraitinin qarlı, şaxtalı olması region rabitəçiləri üçün bir çox çətinliklər yaradır.
Aztelekom İstehsalat Birliyinin baş direktorunun birinci müavini Zahir Vəliyev bildirib ki, onlar qəza briqada dəstələrini tam hazır vəziyyətə gətiriblər. "Bu qəza dəstələri istənilən hava şəraitində rabitənin dayanıqlığını təmin etməyə qadirdir. Ancaq etiraf edək ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq hava rabitə xətlərində bəzi problemlər olur ki, bunun da qarşısını tez bir zamanda alırıq". Z. Vəliyev bildirib ki, belə hava şəraitində ən çox dağlıq ərazilərdə problem yaşandığından əvvəlki illərin təcrübəsindən bəhrələnərək indidən müvafiq tədbirlər həyata keçirilib.
http://mincom.gov.azXəbər 105 dəfə oxunub