İKT Xəbərləri
Lenovo ABŞ-da kompüter və noutbuk istehsalına başlayır
Çinin Lenovo istehsalçısı yaxın gələcəkdə ABŞ ərazisində masaüstü kompüterlər və noutbukların istehsalına başlamağı planlaşdırır. Yaradılmış xəttin istehsal gücü böyük olmasa da, onun dövlət sifarişlərinin yerinə yetirilməsi və korporativ seqment tədarükləri üçün kifayət edəcəyi gözlənilir.
Məhsul istehsalının ümumi həcmində artım kursuna uyğun olaraq Lenovo şirkəti Çində beş zavod tikib. Bununla yanaşı, şirkət ölkə xaricində - Meksika və Hindistanda iki zavoda malikdir. Yaxın gələcəkdə San-Paulu (Braziliya) və Şimali Karolinada (ABŞ) kompüter texnikasının buraxılışı üzrə zavodların tikintisi nəzərdə tutulur. Həmçinin Çin şirkətinin Almaniya və Kanada da zavodlar tikəcəyi istisna edilmir. Şəxsi istehsaldan söhbət açsaq, 2013-cü ildə bu sahənin Lenovo-nun buraxdığı məhsulların ümumi həcmində xüsusi çəkisini 2012-ci ildəki 20 faizdən 50 faizədək artırmaq planlaşdırılır, 3DNews yazır.
Yeri gəlmişkən qeyd edək ki, üçüncü rübün yekunlarına əsasən, Lenovo masaüstü kompüterlər bazarında korporativ istehsalçılar üçün 18,4 faiz bazar payı ilə ikinci yeri tutur. Bazarda liderlik edən Hewlett-Packard (HP) şirkəti 19,3 faizlik bazar payına malikdir. Bütün bunlara baxmayaraq, Lenovo korporativ seqment üçün noutbuklar istehsalında 22,3 faizlik bazar payı ilə inamla liderlik edir.
Xəbər 61 dəfə oxunub