İKT Xəbərləri

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda çıxışı

“Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “İnnovasiya və modernləşmə strategiyası: informasiya cəmiyyətinə keçid” mövzusunda çıxışı
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan - 2020: Gələcəyə baxış - İnkişaf Konsepsiyasının ən əsas hədəfi gələcək 8-10 ildə Azərbaycanda ümumdaxili məhsulun 2 dəfə artırılması və bu artıma əsasən qeyri-neft sektorunun inkişafı hesabına nail olunması, böyük potensiala malik neft amilinin qeyri-neft amili ilə əvəz olunması və Azərbaycanda biliklər cəmiyyətinin qurulması hesabına həyata keçirilməsidir.

Belə bir böyük və köklü inkişafın əsas sütunlarının elm, təhsil və yeni texnologiyalar olması planlaşdırılır. İKT isə yüksək artım tempinə malik yeni iqtisadi sektor, müasir və çoxtəyinatlı infrastruktur və sosial-iqtisadi inkişafın katalizatoru rolunu oynayan bir faktor kimi bu inkişafın əsasını təşkil edir.

Azərbaycanın ümumi daxili məhsulu 2011-ci ildə təxminən 50 milyard manat təşkil edibsə, bizim hədəfimiz bunu 100 milyard manata çatdırmaqdır və orta illik artım təxminən 5,5-6 % ətrafında olarsa, həmin hədəfə çatmaq mümkün olacaq. Bu məqsədə çatmaq üçün İKT-ni bir prioritet sahə, həmçinin sosial-iqtisadi inkişafa təsir edən müsbət amil kimi nəzərdən keçirərək qarşımıza böyük məqsədlər qoymuşuq.

Biz hesab edirik ki, qarşıdakı 10 ildə İKT-nin inkişaf həddini təxminən 4 – 4,5 dəfə artırmalıyıq ki, ümumi inkişafa tələb olunan töhfələrimizi verə bilək. Məsələn, 2011-ci ildə İKT sektorunda təxminən 1,7 milyard dollar gəlir əldə olunmuşdursa, 2020-ci ildə isə bu rəqəmi 8-9 milyard dollara çatdırmaq istəyirik. İstərdim ki, indiyə qədər İKT üzrə qeydə alınan inkişaf meyillərinə nəzər salaq. Hər halda bu, bizim hədəflərimizə çatmaq istiqamətində planlaşdırdığımız işlərə müəyyən aydınlıq gətirə bilər. 2004-cü ildən İKT gəlirlərinin ilk 5 ildə orta illik artım tempi təxminən 30-32 faiz təşkil etmişdir. 2009-2011-ci illərdə ümumdünya maliyyə böhranının hökm sürdüyü bir vaxtda artım 14-15 faiz olmuşdur.

Əgər biz qarşımıza qoyduğumuz məqsədə çatmaq istəyiriksə, orta illik artım tempini təxminən 20 faiz ətrafında saxlamalıyıq. Artıq 10 aylıq statistik rəqəmlər 2012-ci ildə buna nail olunmasına inamlı ümid verir. Ölkəmizin informasiya və rabitə infrastrukturu telekommunikasiya, internet və radio-televiziya şəbəkələri üzərində qurulur. Hədəflərimizə çatmaq üçün telekommunikasiya şəbəkələrinin inkişafı əsas məsələlərdən biri sayılır. Konsepsiyada telekommunikasiya şəbəkələrinin inkişafında 2012-ci ildən 2020-yə qədər olan inkişaf xətti göstərilib.

Məsələn, 2012-ci ilə qədər Azərbaycan MDB ölkələrində ilk dəfə bütün telekommunikasiya şəbəkəsinin elektronlaşdırılması, yəni rəqəmləşdirilməsi, həmçinin bütün yaşayış məntəqələrində stasionar telefon şəbəkəsinin qurulması, mobil rabitənin 100 faiz ərazidə yayılması üzrə lider olub. Mobil şəbəkələrdə “4G” texnologiyasının tətbiqi və istifadəsinə başlanılmışdır və “4G” texnologiyasının tətbiqinə görə Azərbaycan Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsidir. İnternetin ölkəmizdə inkişaf səviyyəsi beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu sahədə Azərbaycan regionda, o cümlədən MDB məkanında liderliyini saxlayır.

Telekommunikasiya və internet şəbəkələrinin ölkəmizdə gələcək inkişafı “Evə optika” modeli üzrə optik şəbəkənin ölkəmizin bütün yaşayış məntəqələrinə çatdırılması və bu şəbəkə vasitəsi ilə həm internet xidmətlərinin, həm radio-televiziya xidmətlərinin, həm də rabitənin digər xidmətlərinin evlərə və iş yerlərinə eyni bir kanal vasitəsi ilə verilməsidir və hesab olunur ki, bu layihəsiz biliklər iqtisadiyyatı üzrə böyük hədəflərə, məqsədlərə çatmaq mümkün deyil. Azərbaycanda bu layihə Dövlət Neft Fondu ilə birlikdə hazırlanır. Təxminən 2015-ci ilə qədər bunun üçün 400-450 milyon dollar investisiya qoyulması tələb olunur. Layihə yüksək rentabelli olduğu üçün bu müddət ərzində investisiyanın demək olar ki, 40 faizi reinvestisiya vasitəsi ilə həyata keçiriləcəkdir. Azərbaycanda İKT-nin iqtisadi sektor kimi inkişafında ixrac potensialının genişləndirilməsi gələcək planlarımızın əsas hissəsidir. Bu istiqamətdə məqsədimiz regionun əsas informasiya xidmətləri ixracatçısına çevrilməkdir. Hesab olunur ki, innovativ sahibkarlığın inkişafı, İKT sektorunun stimullaşdırılması, xüsusi vergi və gömrük siyasətinin həyata keçirilməsi texnolojitutumlu məhsulların istehsalı üçün xüsusi mühit yaradacaq.

Yeni informasiya xidmətləri və proqram təminatının istehsalı ixracat üçün prioritet məhsullar ola bilər. Maliyyə resursları da çox vacib amillərdəndir. Ölkədə yerli şirkətlərə maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi istiqamətində də müəyyən addımlar atılır.

Bu işlərin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafının stimullaşdırılması və İKT üzrə Dövlət Fondunun yaradılması ilə bağlı sərəncam imzalamışdır. Ekspertlər və bizim bir çox məsləhətçi şirkətlər hesab edir ki, bu addım həyata keçirilərsə, Azərbaycanda İKT-nin inkişafında əlverişli maliyyə xidmətləri mühiti yaradılacaqdır. Xüsusi İnnovasiya Zonasının yaradılması çərçivəsində bu ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin ölkədə “Yüksək Texnologiyalar Parkı”nın yaradılması haqqında sərəncamı artıq bu istiqamətdə atılan ikinci vacib addımdır. Parkda əsas məqsəd resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və İKT mütəxəssislərinin hazırlanması kimi vacib layihələrin həyata keçirilməsi planlaşdırılır.

Ölkədə kiçik və orta sahibkarlığın inkişafına, vətəndaşların ictimai fəallığını və məşğulluğunu aktivləşdirən, korrupsiya ilə mübarizəni gücləndirməyə imkan verən və hökumətin şəffaflığını təmin edən “Elektron hökumət” layihəsi də gələcək inkişaf üçün perspektiv hesab olunan layihələrdəndir. İKT-nin tətbiqinin genişləndirilməsi və e-hökumətin qurulması demokratikləşmə proseslərini sürətləndirir, korrupsiya və bürokratik əngəlləri aradan qaldırır və cəmiyyətdə şəffaflaşma proseslərinə xidmət edir. 2020-ci il üçün hədəfimiz dövlət xidmətlərinin tamamilə elektronlaşdırılmasını, vətəndaşların elektron xidmətlərə çıxışını 100 faizə çatdırmaq, yəni bütün evlərdə, iş yerlərində yüksəksürətli internetə çıxışı təmin etmək, üçüncü isə elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisini 80 faizə çatdırmaqdır.

Tətbiq ediləcək e-hökumət modeli sonda cəmiyyətdə şəffaflığın və etibarın təmin olunmasına şərait yaradacaqdır. Bu etibar artımı xarici investisiya və sərmayə üçün son dərəcə önəmlidir. İş mühitində yaşanan bu şəffaflaşma və etibar nəticəsində xarici sərmayəçilər ölkəmizə daha rahat gələ biləcək və buradakı yatırımlarını davamlı olaraq artıra biləcəklər. Region və digər xarici bazarlara çıxışın təmin edilməsi istiqamətində artıq bir neçə layihə həyata keçirilməkdədir. Qəbul olunmuş kosmik sənayenin inkişafı üzrə birinci telekommunikasiya peykinin 2013-cü ilin fevral ayında, 2014-cü ildə yer səthinin müşahidə peykinin, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır. Peyklərin idarə olunması mərkəzi bu ilin sonunda istifadəyə veriləcəkdir.

Layihələndirilən və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən “Avro-Asiya Transmilli Super İnformasiya Magistralı” və “Avropa-Fars-Ərəb İnformasiya Şlüzü”nün əsas və ehtiyat ötürücü mərkəzlərinin qurulmasında ölkəmizin iştirakı, regionda ilk İnternet Kommutasiya Mərkəzinin, Regional Telehauz və informasiya sistemlərinin, İnternet ünvanları idarəetmə regional kök serverinin ölkəmizdə yerləşdirilməsi regional bazarlarda İKT xidmətlərinin verilməsi imkanlarımızın genişləndirilməsini təmin edən layihələrdir. Gələcək üçün digər bir istiqamət nanotexnologiyalar əsasında yeni materialların alınması və istehsalı, enerjiqənaətedici və alternativ enerji mənbələrinin yaradılması və biotexnologiyaların geniş tətbiqi ola bilər. Bu istiqamətdə ilk addım kimi Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması, yaxşılaşdırılmış elektro-fiziki və kimyəvi xassələrə malik olan karbon nanoboruları və işıq diodlarının alınması və təcrübi istehsalı misal gətirilə bilər. İKT-nin prioritet bir sahə kimi inkişafı üçün vacib olan insan resurslarının yaradılması istiqamətində universitetlərində İT fakültələrində tədris keyfiyyətinin yaxşılaşdırılması, gənclərin xaricdə təhsilinin genişləndirilməsi və İT peşə məktəblərinin yaradılması, həmçinin regional İT Universitetinin təsis olunması əsas planlarımızdandır.

Bu layihələrin həyata keçirilməsində 2020-ci ilə qədər təkcə hökumət tərəfindən təxminən 3,6 milyard ABŞ dolları həcmində vəsait xərcləmək nəzərdə tutulur. Hesab edilir ki, əgər normal şərait yarada bilsək, bir o qədər də xarici sərmayələrlə birlikdə özəl sektordan gözləmək olar.

Diqqətinizə görə çox sağ olun!  
http://mincom.gov.az

Xəbər 29 dəfə oxunub