İKT Xəbərləri
Görmə qabiliyyəti zəif olan insanlara mini-kompüterlər hədiyyə edilib
Noyabrın 13-də dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. Bu münasibətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə xüsusi olaraq kor və görmə qabiliyyəti zəif olan insanlar üçün hazırlanan və səs komandaları ilə idarə olunan 100 ədəd Dilmanc D01 mini-kompüter hədiyyə edilib.
Qurğu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Heydər Əliyev Fondunun sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən hazırlanıb.
RİTN-in Aparat rəhbəri Vidadi Zeynalovun iştirak etdiyi mərasimdə qeyd edilib ki, qurğu görmə qabiliyyəti məhdud olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadədə bərabər imkanları təmin etməyə kömək edəcək.
Mini-kompüter digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsilə idarə olunması ilə fərqlənir. Kompüterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.
Sistem internetdə son yeniliklərlə tanış olmaq, elektron kitabxana və poçtdan istifadə etmək, telefonla zəng etmək, layihə çərçivəsində yaradılan www.e-eye.az saytından məlumatları dinləməyə və s. imkan verir. Gələcəkdə bu qurğudan elektron tərcüməçi kimi də istifadə edilməsi nəzərdə tutulur.
Mini kompüter monitor, klaviatura və digər kənar qurğulara qoşmaqla adi kompüter (Windows və Linux əməliyyat sistemlərinin bazası əsasında) kimi istifadə də etmək olar.
Hədiyyə edilən qurğular Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən GSM nömrə və 1 illik açıq internet xətti ilə təmin olunub.
http://mincom.gov.az
Xəbər 39 dəfə oxunub