İKT Xəbərləri
Bakutel 2012 sərgisi işini davam etdirir
BakuTel-2012 XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi işini davam etdirir.
Bu gün hər il keçirilən əhəmiyyətli tədbirlərdən biri olmaqla Azərbaycanda İKT sektorunun dinamik inkişafını nümayiş etdirən sərginin üçüncü günüdür.
Sərgi iştirakçıları yeni əlaqələrin qurulması və biznesin inkişafı baxımından sərginin əhəmiyyət daşıdığını qeyd edirlər. Bu il burada dünyanın 23 ölkəsindən 160 şirkət iştirak edir. Xarici şirkətlər ekspozisiyanın 40 faizini əhatə edir.
Tədbir çərçivəsində informasiya texnologiyalarının son nailiyyətləri, Azərbaycan bazarı üçün yeni məhsullar və xidmətlər nümayiş olunur.
Belə ki, bu il sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin yeni keyfiyyətinin formalaşdırılması üçün nəzərdə tutulan “ASAN” mərkəzləri yer alıb.
Bakutel 2012-də ayrıca stend kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi təqdim olunur. Bu stenddə mərkəzin laboratoriyalarından əldə edilən məhsullar (işıq diodları, birdivarlı və çoxdivarlı karbon nanoborular, porfirin nanoborular) yerləşdirilib.
Azerfon şirkətinin “On air” xidməti təyyarənin göyərtəsində mobil rabitədən yararlanmağa imkan verir. Respublikanın mobil bazarı üçün yeni xidmət kimi nömrəni dəyişmədən operatoru dəyişməyə imkan verən “Nömrələrin daşınması” xidmətini də qeyd etmək olar.
Bu il sərgidə informasiya təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilir, həmçinin Azərbaycan dilində ilk antivirus proqramı təqdim edilib.
BakuTel 2012-də iştirak çərçivəsində R. I. S. K. şirkətinin stendində səmərəli həllər laboratoriyası nümayiş olunur. Laboratoriyanın bazasında iştirakçılara İT ilə bağlı hazırkı problemlərlə tanış olmaq, lazımi həllər seçmək, şirkətin aparıcı mütəxəssislərindən peşəkar məsləhətlər almaq üçün nadir imkan təqdim olunur.
Sərgidə həmçinin səhiyyə, təhsil, nəqliyyatı intellektual idarəetmə sistemi kimi müxtəlif sahələrdə yeni texnologiyalar nümayiş etdirilir.
Bundan başqa, tədbirdə Azərbaycanın istehsalı olan ilk Nexus Azpad Android planşet kompüteri nümayiş etdirilib. İştirakçılar portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompüterlər, telekommunikasiya sistemləri üçün müasir sınaq və ölçmə avadanlıqları, eləcə də texnoloji yeniliklər və digər məhsullarla tanış olmaq imkanı əldə ediblər.
Xatırladaq ki, sərgi noyabrın 9-dək davam edəcək.
http://mincom.gov.az
Xəbər 45 dəfə oxunub