Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını təhlil edən Prezident İlham Əliyev bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artıb. Ölkədə abadlıq-quruculuq işləri genişlənib, yeni sənaye müəssisələri fəaliyyətə başlayıb. Doqquz ayda ölkə iqtisadiyyatına 16 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Həmin sərmayələrin 70 faizi daxili investisiyalardır. Özəl sektorun ümumi daxili məhsulda çəkisi 83 faiz, kənd təsərrüfatında artım isə 6,3 faiz olub. Bu ilin əvvəlindən strateji valyuta ehtiyatları 5 milyard ABŞ dolları artıb və hazırda 45 milyard dollar səviyyəsindədir.
Valyuta ehtiyatlarının idarə olunması ilə bağlı yeni istiqamətlərin araşdırıldığını deyən dövlət başçısı doqquz ayda əhalinin pul gəlirlərinin 12 faiz artdığını, inflyasiyanın 1,5 faiz, orta aylıq əmək haqqının 500 ABŞ dolları, orta pensiyanın 190 dollar səviyyəsində olduğunu bildirib. Azərbaycan Prezidenti ölkədəki inkişafın insanların yaşayış səviyyəsinə təsirsiz ötüşmədiyini diqqətə çatdırıb. Ölkədə ümumi sənaye istehsalının son illərdə azaldığını deyən dövlət başçısı bu prosesin cari ilin doqquz ayında da müşahidə olunduğunu bildirdi və bunun səbəbləri barədə danışıb. "Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesləri sürətlə gedir, beynəlxalq maliyyə institutları, əsas reytinq agentlikləri ölkəmizin uğurlarını yüksək qiymətləndirirlər", - deyən Prezident İlham Əliyev Azərbaycanın kredit reytinqlərinin artdığını vurğulayıb.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində indiyə qədər ölkədə 1 milyon 100 min yeni iş yerinin açıldığını, il ərzində 188 məktəbin tikildiyini, 103 məktəbin əsaslı təmir edildiyini deyən Prezident İlham Əliyev ötən rübdə Azərbaycanın idman uğurlarının daha da artırdığını, London Yay Olimpiya Oyunlarında idmançılarımızın parlaq qələbələrə imza atdığını deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq arenada da böyük uğurlar əldə edib. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın mövqeyi böyük rəğbətlə qarşılanır, Qoşulma Hərəkatının üzvü olan 120 ölkə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla da dünya birliyinin dörddə üç hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü prinsipi çərçivəsində görür.
"Biz indi dünyada yeni tərəfdaşlar qazanırıq", - deyən Prezident İlham Əliyev Latın Amerikası ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olduğunu diqqət çatdırıb.
Sonra Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cari ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində inflyasiya risklərinin qarşısının alınması, bir müddət öncə qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ölkədə məktəblərin, uşaq bağçalarının, yeni yolların tikintisi və yenidən qurulması, əhalinin qaz, elektrik və içməli suya tələbatının ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminin gələn il 300 milyon manat olacağını deyən Prezident İlham Əliyev 2013-cü ildə büdcə xərclərinin 20 milyard manat, icmal büdcənin 30 milyard dollardan çox olacağını deyib.
Dövlət İnvestisiya Proqramının bu ilin sonuna qədər qəbul olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti ölkədə qaz hasilatının artdığını, "Ümid" yatağından qazın hasilatına başlanıldığını dedi və bir daha Transanadolu qaz kəməri layihəsinin əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun daha da genişləndirilməsi, sənayeləşmə prosesinin, Bakı və ətraf qəsəbələrin inkişafının sürətləndirilməsinin vacibliyini də qeyd edib.
Dövlət başçısı bu yaxınlarda ölkəmizdə keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışdı, onun yekunlarının səmərəli olduğunu dedi və Azərbaycanın uğurlarının bundan sonra da davam edəcəyinə əminliyini bildirib. 
www.trend.az

http://www.mincom.gov.az