İKT Xəbərləri
AHILLAR GÜNÜ QEYD OLUNDU
1 oktyabr Beynəlxalq Ahıllar günü münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində geniş toplantı keçirildi. Toplantıda Birliyin Baş Direktoru Məhəmməd Məmmədov müəssisədə çalışan ahılları təbrik etdi, belə bir günün təntənəli qeyd olunmasının əhəmmiyətini qeyd etdikdən sonar vurğuladı ki, Ahıllar gününün Beynəlxalq səviyyədə qeyd olunması nə qədər əlamətdar olsa da, dogma Azərbaycanımızda ahıllara – ağsaqqal və ağbirçəklərimizə hörmət, xüsusi ehtiram, ağsaqqal sözünün qanun kimi qəbul edilməsi ənənələrinin tarixi daha qədimdir və bu gözəl ənənələr bu gün də aktualdır. Azərbaycan mühitində ahılların onların ailələrində, ictimaiyyət içərisində və cəmiyyətdə oynadığı mühüm rol onu deməyə əsas verir ki, bu gün ölkəmiz ahıllara münasibətdə dünya ölkələrinin əksəriyyəti üçün örnək sayıla bilər. Məhəmməd Məmmədov mərasimdə iştirak edən ahılların hər birinin milli rabitəmizin inkişafında böyük əməyinin olduğunu, onların əksəriyyətinin əmək fəaliyyətinin çiçəkləndiyi dövrün Respublikamıza ümummilli liderimiz HEYDƏR ƏLİYEV cənablarının rəhbərlik etməyə başladığı dövrə təsadüf etdiyindən Azərbaycan rabitəsinin yüksəlişinin biləvasitə iştirakçıları olduqlarını xüsusi qeyd etdi. Məhəmməd müəllim köhnəlmiş stereotiplərin ucbatından ahılların zəif, daim qayğıya möhtac insanlar kimi qəbul edildikləri bəzi sahələrdən fərqli olaraq, “Aztelekom” İstehsalat Birliyində ahılların hələ uzun müddət müəssənin fəaliyyətində xüsusi yer tutacaqlarını bildirdi, gənc nəslin püxtələşmiş rabitəçilər kimi yetişməsində ahılların təcrübəsinin əvəzsiz olaraq qaldığını vurğuladı.
Mərasimdə “Aztelekom” İB-nin ahılları adından çıxış edənlər – Birliyin “Ağsaqqallar şurası”nın sədri Zeynal Novruzov, Hüquq şöbəsinin rəisi İmanqulu Əzizov və Tədris Mərkəzinin rəis müavini İltifat Əliyarlı Azərbaycanda vətandaş cəmiyyətinin qurulmasına, sosial inkişafın başlıca elementi kimi nəsillər arasında qarşılıqlı dəstək və həmrəyliyin təmin olduğuna görə ölkə başçısına, həmçinin, Ahıllar gününün təntənəli qeyd olunmasına, təqdim olunan qiymətli hədiyyələrə görə birliyin rəhbərliyinə minnətdarlıq etdilər. Veteran rabitəçilərin çıxışları zamanı xatirələr də “vərəqləndi”. Xüsusilə də 60-cı illərdə digər sahələrdə göstəricilər üzrə ittifaq miqyasında axırıncı yerlərdə qərarlaşdığı, milli rabitəçi kadrların barmaqla sayılacaq qədər az olduğu bildirildi, qeyd olundu ki, məhz Heydər Əliyev cənablarının respublikaya rəhbərlik etməyə başlaması ilə rabitə sahəsinin də inkişafı başladı.
Birliyin Həmkarlar təşkilatının sədri Bəylər Qurbanov son dövrlər vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması, demək olar ki, xalq təsərrüfatının bütün sahələri, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə də əmək haqlarının xeyli artırıldığını, rabitəçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin bundan sonar da davam etdiriləcəyini qeyd etdi.
Xəbər 71 dəfə oxunub