İKT Xəbərləri
Azərbaycan Prezidenti idarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnaməni təsdiq edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sistemin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası idarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçılarında qovşaqların texniki vasitələrlə təmin edilməsinə dair tələbatı, elektron imza veriləcək iştirakçıların rəhbərləri və müavinləri, habelə elektron sənəd dövriyyəsini bilavasitə həyata keçirəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək müvafiq tədbirlər görməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə idarələrarası elektron sənəd dövriyyəsi sistemi iştirakçılarının qovşaqlarının texniki vasitələrlə təmin edilməsi üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciəti əsasında on beş gün müddətində Xidmətə ayrılmasını təmin etmək tapşırılıb.
Sənədin mətnini AzərTac yayıb.
Xəbər 53 dəfə oxunub