İKT Xəbərləri
IBM Kenexa şirkətinin alınmasına 1,3 milyard dollar ödəyəcək
IBM korporasiyası işçi heyətinin idarə edilməsi üzrə alətlərin hazırlanmasında ixtisaslaşan Kenexa şirkətinin alınmasına dair sazişin imzalandığını elan edib. Kenexa-nın proqram həlləri korporativ sifarişçilərə kadrların seçilməsində, əmək məhsuldarlığının optimallaşdırılması ilə əlaqədar məsələlərin həllində kömək edir. Şirkətin əczaçılıq, maliyyə servisləri, pərakəndə satış sahələri daxil olmaqla müxtəlif biznes-sahələrdə 8 900-ə yaxın müştərisi var. Kenexa-nın xidmətlərindən Fortune 500 reytinqinə daxil olan şirkətlərin yarısı istifadə edir.
Müqavilənin şərtlərinə əsasən, IBM Kenexa məxsus bir səhm üçün 46 dollar ödəyəcək ki, bu da cümə gününə olan vəziyyətə görə onların bazar qiymətini 42 faiz üstələyir. Bütün lazımi icazələr alındıqdan sonra başa çatdırılması dördüncü rübdə planlaşdırılan sövdələşmənin ümumi dəyəri 1,3 milyard dollar təşkil edəcək, Kompulenta yazır.
Alqı-satqının IBM-ə korporativ sosial servislər bazarında mövqeyini möhkəmlətməyə kömək edəcəyi gözlənilir. Bundan başqa, korporasiya sifarişçilərə yeni kommunikasiya alətləri təklif edə biləcək.
Sövdələşmə elan edildikdən sonra Kenexa-nın qiymətli kağızlarının dəyəri 13,4 dollar və ya 41,4 faiz – 45,8 dollaradək bahalaşıb. Bu, şirkət 2005-ci ildə birjaya çıxdıqdan sonra qeydə alınan rekord göstəricidir.