İKT Xəbərləri

RİTN-nin 2012-ci ilin 6 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında Aparat rəhbəri Vidadi Zeynalovun məruzəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi qüdrəti durmadan artır, siyasi arenada nüfuzu yüksəlir və ölkə əhalisinin maddi rifah halı yaxşılaşdırılır. Bu gün Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xəttini qeyri-neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar yaratmaqdır. Bu özünü 2012-ci ilin I yarımilliyinin yekunlarında da aydın şəkildə büruzə vermişdir. Belə ki, hesabat dövrünün yekunlarına görə ölkənin ÜDM-si 1,5%, qeyri-neft iqtisadiyyatı isə rekord həddə 11,3% artmışdır ki, bu da ən yüksək nəticədir. Bu isə onu göstərir ki, ölkədə real sektor inkişaf edir və neftdən asılılıq aradan qaldırılır.

 
Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri vardır. Respublikamızın sürətli sosial-iqtisadi inkişafı fonunda ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişaf edir və yola saldığımız 2012-ci ilin 6 ayı ərzində sektorda əhəmiyyətli tədbirlər görülmüş, müsbət uğurlara imza atılmışdır.

Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də qəbul olunmuş Dövlət Proqramlarının icrası Nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rabitə və informasiya texnologiyaları sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə təsdiq olunmuş Tədbirlər Planının və həmçinin RİTN tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən “2012-ci ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə” Tədbirlər Planının icrası nəzarətə götürülmüşdür.

Hesabat dövrü ərzində özəl sahibkarlıq subyektlərinin inkişafı, sektorun fəaliyyətinin təşviqi diqqət mərkəzində olmuş və bu istiqamətdə məqsədyönlü tədbirlər görülmüşdür.
2012-ci ilin 6 ayı ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0% artaraq 673,74 milyon manat təşkil etmişdir. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 19,2%, o cümlədən telekommunikasiya sektorunda 20,5%, İT sektorunda 4,9%, poçt sektorunda 9,3%, informasiya sektorunda isə 21,9% təşkil etmişdir. 
İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 74,3%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür. 

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,4%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 15,9 % təşkil etmişdir. 
2012-ci ilin 6 ayı ərzində ölkə üzrə ÜDM-nin həcmi 25,86 mlrd. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi isə 1,5% təşkil etmişdir. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,74% təşkil etmişdir. 
2012-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 12,37 mlrd. manat, real artım tempi isə 11,3% təşkil etmişdir. Sektor üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı 3,7% olmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2012-ci ilin 6 ayı ərzində 71 yeni iş yeri açılmışdır. 

01.07.2012-ci il tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 322,1 manat təşkil etmişdir ki bu da ötən ilin mavafiq dövrü ilə müqayisədə 12,5 % çoxdur. 
Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 695.5 manat, poçt sektorunda isə 211.9 manat təşkil etmişdir.
Məlumat üçün bildiririk ki, respublika üzrə orta aylıq əməkhaqqı 382,6 manat təşkil edir. 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir. Belə ki, 2012-ci ilin 6 ayı ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 160.5 mln. manat proqnoza qarşı 180.0 mln. manat gəlir əldə edilmişdir ki, bu da proqnozla müqayisədə 12,2%, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3% çoxdur. 

RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2012-ci ilin 6 ayı ərzində dövlət büdcəsinə 20,2 mln. manat, DSMF-yə isə 7,4 mln. manat vəsait ödənilmişdir.
Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olmuşdur. 
Bu məqsədlə hesabat dövrü ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 72.9 mln. manat investisiya qoyuluşu həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur. 
2012-ci ilin 6 ayı ərzində sektora 178,3 milyon manat investisiya qoyulmuşdur ki, bu da ölkə iqtisadiyyatına qoyulan investisiyanın 4,0%-ni təşkil edir. 

Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində hesabat dövründə 25 ədəd yeni EATS istismara verilmiş, 5 ədəd ATS rekonstruksiya olunmuş, 12 ədəd ATS-də genişləndirmə işləri aparılmış, 47 406 ədəd ADSL portu artırılmış, 21 ədəd TV-radio vericisi quraşdırılmış və 9 ədəd poçt şöbəsi binası tikilmişdir. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 8 895 nömrə artırılaraq 1 736 695 nömrəyə çatdırılmışdır. 81.0 km yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber-optik kabellər çəkilmiş və artıq ölkənin əksər rayonlarının bu xəttə qoşulması başa çatmışdır.
Həmçinin, Bakı-Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Gəncə və Bakı-Ələt-Şirvan-Salyan-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Gəncə ərazilərində müasir tipli DWDM şəbəkəsi qurulmuşdur.

2012-ci ilin 6 ayı ərzində “Aztelekom” İB-nin şəbəkəsində 17 372 yeni istifadəçinin genişzolaqlı internetə qoşulması imkanlığı yaradılmış və beləliklə də şəbəkənin ümumi tutumu 61 175-ə, bu xidmətin təşkil olunduğu TKQ-lərin sayı isə 57-yə çatdırılmışdır. Beləliklə Respublikanın bütün rayon mərkəzlərində abunəçilər sürətli internet xidmətindən istifadə etmək imkanı əldə etmişlər. 6 ay ərzində Birlik üzrə genişzolaqlı internet istifadəçilərinin sayı ilin əvvəli ilə müqayisədə 22 070 ədəd artırılaraq 42 168 ədəd təşkil etmişdir. 
2012-ci ilin 6 ayı ərzində BTRİB şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi üçün təqribən 8 milyon manat manat həcmində investisiya qoyuluşu həyata keçirilmiş və bunun nəticəsində 3 ədəd yeni ATS tikilmiş, 5 ədəd ATS rekonstruksiya olunmuş, 14816 nömrə tutumlu ATS-lər istismara verilmişdir.
BTRİB şəbəkəsində ATS-lərin ADSL, ASAM, Honet avadanlıqlarının montaj tutumları 2012-ci ilin 6 ayı ərzində 20 486 port artırılaraq 124 683 ədədə çatdırılmış və bu xidmət istifadəçilərinin sayı 16820 ədəd artırılaraq 88 937 ədədə çatdırlmışdır.

BTRİB-in “Bakinternet” internet xidmətinin mərkəzi platforması yüksək səviyyəli marşurutlayıcılar tətbiq olunmaqla yenidən qurulmuş, on-line rejimində abunəçilərin eyni vaxtda 30 000 abunəçidən 120 000 abunəçi səviyyəsinə çatdırılmışdır. “Bakinternet” internet platformasının əvvəlki abunəçilərinin yeni platforma üzərinə keçirilməsi təmin edilmişdir. “Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma sürəti ilin əvvəlinə nisbətən 4 Gbit/s artırılaraq 12 Gbit/s-ə çatdırılmışdır. Eyni zamanda BTRİB tərəfindən ayrılmış xətt vasitəsi ilə göstərilən internet xidmətlərinin tarifləri aprel ayının 1-dən etibarən 50%-ədək aşağı salınmışdır. 
BTRİB şəbəkəsində istismar edilən CDMA tipli stansiyaların sayı hazırda 23 ədəd təşkil edir və hazırda 1 ədəd yeni baza stansiyanın qurulması üzrə işlər aparılır. Cari ilin 6 ayı ərzində CDMA-nın istifadə tutumu 9077-ə çatdırılmışdır. 

Hazırda BTRİB və “Aztelekom” İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80%-ə qədərinin yaşadığı ərazini əhatə etmiş və abunəçilərin sayı 29 444 ədəd ( o cümlədən BTRİB üzrə 9077 ədəd, “Aztelekom” İB üzrə 20367 ədəd) təşkil edir.
Hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 6 268 ədəd artaraq 1 472 368 ədədə çatmışdır. 
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 37,0 ədəd, respublikanın digər ərazilərində 11,5 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir. 
Eyni zamanda, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 136,6 ədəd, respublikanın digər ərazilərində isə 47,6 ədəddir. 
Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. 

Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2011-ci illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq təqribən 200 Gb/s-ə çatmışdır. 
2012-ci ilin 6 ayı ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.3 mln. dəqiqə azalaraq 316.8 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 9.9 mln. dəqiqə artaraq 93.0 mln. dəqiqə təşkil etmişdir. 
Ötən ilin eyni dövrü ilə müqayisədə çıxış trafiki üzrə Azərbaycandan beynəlxalq istiqamətlərə ötürülən trafikin həcmi 11,8% artmışdır və bu artım “Azercell” MMC-dən beynəlxalq istiqamətlərə ötürülən trafikin hesabına baş vermişdir. Təhlillər göstərir ki, 2012-ci ilin 6 ayı ərzində “Azercell” MMC-dən beynəlxalq istiqamətlərə ötürülən trafikin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35.4% (13.8 milyon dəq.) artmışdır. Lakin, qeyd edək ki, 2011-ci ilin noyabr ayından başlayaraq Azərbaycana beynəlxalq giriş zəngləri azalmaqdadır. Beynəlxalq giriş zənglərinin azalmasının başlıca səbəbi ölkədə genişzolaqlı internetin inkişafı və bu xidmət üzrə tariflərin aşağı endirilməsi olmuşdur.
Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın dünya ölkələrinə çıxış telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunmuşdur. 
Rabitənin keyfiyyətinin artırılması məqsədilə “ancotel” GmbH (Frankfurt) “Telehouse” kommutasiya mərkəzində UK/BT, “Rostelekom” və “Tatacommunications” şirkətləri ilə mübadilə olunan trafikin həcminə əsasən kanalların sayının artırlması təmin edilmişdir. Bu tədbirlər nəticəsində, beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 269 ədəd artırılaraq 9385 ədədə çatdırılmışdır.
Xəzər dənizaltı fiber-optik kabelin tikintisi ilə əlaqədar Qazaxıstanın “KazTransCom” şirkəti və TASİM lyihəsi çərçivəsində müvafiq məsləhətçi şirkəti ilə müqavilələr əsasında tədbirlər davam etdirilmişdir.
“Dövlət informasiya sistemlərinin dövlət reyestri” və “Fərdi məlumatların informasiya sistemlərinin” və veb saytın yaradılması ilə bağlı “Azel” şirkətindən serverlər alınmış və server otağında yerləşdirilmiş və əməliyyat sistemləri yüklənmişdir.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlər hesabat dövründə də davam etdirilmişdir. 
Hesabat dövründə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi davam etdirilmiş noyabr ayının sonuna və ya dekabr ayının əvvəlinə istismara tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.
Telekommunikasiya peykinin hazırlanması üzrə işlər qrafik üzrə aparılır. Peykin test prosesləri may ayında başlayacaqdır. Peykin istehsalı və orbitə çıxarılması xərclərinin maliyyələşdirilməsi məqsədilə xarici maliyyə inistitutları ilə imzalanmış kredit sazişlərinə uyğun olaraq kredit vəsaitlərindən istifadə olunaraq, şirkətə ödənişlər aparılır.
AZERSPACE-1 telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə ilkin istismar dövrü üzrə sığorta olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. 
Cari ilin 6 ayı ərzində ölkəmizin ilk aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması, sığortası və orbitə çıxarılması üzrə tender elan olunmuş və hazırda tender təkliflərinin qiymətləndirilməsi aparılır. 

Hesabat dövründə operatorlar arasında qarşılıqlı arabağlantı münasibət¬lərinin tənzimlənməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilmişdir. Operatorlar arasında qarşılıqlı hesablaşmalarda yaranmış problemlərin və mübahisələrin həll edilməsi məqsədilə tərəflər arasında görüşlər keçirilmiş və müzakirələr aparılmışdır. 
Hesabat dövründə sürətli poçt xidmətləri üzrə 2 ədəd, telekommunikasiya xidməti üzrə 1 ədəd lisenziya verilmişdir. 
Respublikamızda 4G LTE texnologiyasının tətbiqi ilə bağlı müraciətlərə baxılaraq, müxtəlif tezlik diapazonlarından uyğun tezlik nominalları mobil operatorlara ayrılmışdır və hazırda xidmətlərin tətbiqi ilə bağlı işlər aparılır. 
2012-ci ilin 6 ayı ərzində ümumistifadəli telekommunika¬siya şəbəkəsində istifadə üçün operatorlara stasionar telefon rabitəsi xidməti üçün 208 ədəd prefiks (BTRİB-515-91-00÷515-93-07), hüquqi və fiziki şəxslərə sorğuların cavablandırılması üçün 15 ədəd üçrəqəmli nömrə və 2 ədəd dördrəqəmli nömrə ayrılmışdır.

Mövcud qanunvericiliyə uyğun qaydada RİTN-ə təqdim edilmiş müraciətlər əsasında 2012-ci ilin 6 ayı ərzində müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 175 ədəd xüsusi icazə verilmişdir. Müxtəlif tipli telekommuni¬kasiya vasitələri və qurğularına 762 ədəd “Uyğunluq sertifikatı” verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 ədəd çoxdur.
Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması işi təkmilləş¬dirilmiş, Azərbaycanda test-sınaq işlərinin beynəlxalq standartlar səviyyə-sində aparılmasına imkan verəcək müasir laboratoriya kompleksinin quraşdırılması üzrə işlər davam etdirilmişdir.
Hesabat dövründə informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülmüşdür. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında elektron xidmətlərin tətbiqinin vacibliyi ilə bağlı tapşırığından sonra dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkili prosesi daha da sürətlənmişdir. Belə ki, həmin tapşırıqdan ötən müddət ərzində “elektron hökumət” şlüzünə qoşulan qurumların sayı 16-dan 30-a, onların “elektron hökumət” portalına inteqrasiya edilən elektron xidmətlərinin sayı 56-dan 119-a, e-imza alan qurumların sayı 9-dan 25-ə (ümumilikdə 1926 ədəd e-imza verilmişdir. 

Bundan əlavə olaraq,
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” yenidən işlənmiş və Nazirlər Kabinetinə təqdim edilmişdir;
- RİTN-in tabeli qurumları tərəfindən telefon çəkilişi, nömrənin dəyişdirilməsi, addan-ada keçirilməsi, internetə qoşulma, dövri mətbuata internet-abunə xidmətlərinin göstərilməsi ilə bağlı müraciətin və tələb olunan sənədlərin elektron formada qəbulu və bu xidmətlərə görə nəzərdə tutulan ödənişlərin həyata keçirilməsi üçün elektron ödəmə sistemlərinə inteqrasiya təmin edilmişdir; 
- 5 interaktiv elektron xidmət hazırlanaraq istifadəyə verilmişdir (Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi, nömrə resurslarının ayrılması, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi, ixrac nəzarətinə düşən mallara xüsusi icazə verilməsi, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi). 
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən RİTN və onun tabeliyindəki qurumlar tərəfindən göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin layihələri hazırlanmış və təsdiq olunma proseduru aparılır;
- Həmçinin, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyəsinin artırılması üzrə tədbirlərin görülməsi məqsədilə RİTN-lə və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Bakı Ofisi arasında “Elektron Hökumət” təlim tədris Mərkəzinin yaradılması” qrant layihəsinin həyata keçirilməsi ilə bağlı Protokol imzalanmış və müvafiq işlərə başlanılmışdır;
- Dövlət qulluqçularının informasiya texnologiyalarından istifadəsi sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində elektron xidmətlərin təşkili və elektron imzanın tətbiqi üzrə kurslar və “Microsoft” şirkətinin mütəxəssislərinin iştirakı ilə “Kibertəhlükəsizlik” və “Elektron hökumət həllərində “Bulud” texnologiyalarının tətbiqi” mövzularında seminarlar təşkil edilmişdir;
- Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən təqdim edilmiş AZS 643-2012 (ISO/IEC 2382-7:2000) “İnformasiya Texnologiyaları. Hissə 7. Kompüter proqramlaşdırılması”, AZS 644-2012 (ISO/IEC 2382-28:1995) “İnformasiya Texnologiyaları. Hissə 28. Süni intellekt – Əsas anlayışlar və ekspert sistemləri”, AZS 645-2012 (ISO/IEC 2382-34:1999) “İnformasiya Texnologiyaları. Hissə 34. Süni intellekt – Neyron şəbəkələri” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır;
- İnformasiya təhlükəsizliyi sahəsində AZS ISO/IEC 27000:2009, AZS ISO/IEC 27003:2010, AZS ISO/IEC 27004:2009, AZS ISO/IEC 27006:2007 və AZS ISO/IEC 27033-1:2009 beynəlxalq standartları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
- İT terminologiya üzrə ISO/IEC 2382-18:1999 , ISO/IEC 2382-20:1990, proqram məhsulları üzrə ISO/IEC 14598-1:1999, ISO/IEC 14598-2:2000 və informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27011:2008, ISO/IEC 27033-3:2010, ISO/IEC 17021:2011 standartları əsasında milli standartlar hazırlanmışdır və bu standartların aidiyyəti qurumlarla razılaşdırılmışdırılması istiqamətində müvafiq işlər görülür; 
- RİTN, Azərbaycanın Təhsil Nazirliyi, “HP” və “Microsoft” şirkətləri ilə birgə “Xalq kompüteri” layihəsi davam edir. Hal-hazırda 18 435 nəfər layihə iştirakçısı kompüter əldə etmişdir;
- RİTN-nin dəstəyi ilə “İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyası üzrə müsabiqə keçirilmiş və qaliblər mükafatlandırılmışdır;
- RİTN-in təşkilatçılığı ilə NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatı müsabiqəsi keçirilmiş və qaliblər müəyyən olunmuşdur; 
- RİTN-in dəstəyi ilə keçirilən “Mən Azərbaycanlıyam” televiktorinasının 2-ci mövsümünün qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir təşkil olunmuşdur; 
Əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20.0 ədəd, internet istifadəçilərinin sayı isə 65.0 ədədə bərabərdir. Hazırda respublika üzrə hər 100 nəfərə 30-dan artıq genişzolaqlı internet istifadəçisi düşür. 
Hazırda ölkənin bütün yaşayış məntəqələrində əhalinin genişzolaqlı xidmətlərə yüksəkkeyfiyyətli çıxışını nəzərdə tutan respublikada genişzolaqlı internet xidmətlərinin təşkili layihəsi üzərində iş aparılır. 
Bu sahədə görülən işlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2012” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir. Bu hesabata əsasən ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də I yerdədir.
Bu il ölkəmizdə “Eurovision-2012” beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsi yüksək səviyyədə keçirilmiş və bu müsabiqənin təşkilində rabitə xidmətlərinin keyfiyyətli və dayanıqlı göstərilməsi üçün təxirəsalınmaz tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli 2095 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Fondun Əsasnaməsi və vəsaitlərindən istifadə ilə bağlı Qaydalar layihəsi, eyni zamanda, bu sahənin hərtərəfli inkişafını nəzərdə tutan təkliflər paketi hazırlanmış və müvafiq nazirliklərin rəy və təklifləri alınmış və münasibət bildirilməsi üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. 
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları sahəsi üzrə bölməsinin hazırlanması məqsədilə RİTN-in 25.01.2012-ci il tarixli 18 nömrəli əmri ilə Komissiya yaradılmışdır. Habelə Komissiyanın tərkibində işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu tərəfindən İnkişaf Konsepsiyasının İKT bölməsi ilə əlaqədar arayış hazırlanaraq Prezident Administrasiyasına təqdim olunmuşdur.Hal-hazırda İnkişaf Konsepsiyasının İKT üzrə bölməsinin yekun varinatı üzrə işlər İşçi Qrupda yekunlaşmaq üzrədir. İKT üzrə bölmənin hazırlanması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada İKT-nin inkişafı və gələcəkdə bu sahə ilə bağlı həyata keçiriləcək layihələr haqqında geniş məlumat verilmiş və bu sahədə geniş müzakirələr aparılmışdır. 
Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən “AzDataKom”şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 
01.07.2012-ci il tarixə “Azdatakom” şəbəkəsinin 1256 əhali, 1207 təşkilat abunəçisi vardır. 
Dövlət orqanlarının vahid sənəd dövriyyəsi sisteminin tətbiqi məqsədilə MHM-də pilot layihə hazırlanmışdır və bu layihənin ilkin mərhələdə RİTN-in struktur mərhələlərində tətbiqi planlaşdırılır.
MHM-in mərkəzi serverlərinin dayanıqlı işinin təmin edilməsi və virus hücumlarının qarşısının effektiv alınması üçün SSH texnologiyasını dəstəkləyən yeni “TELNET” proqramı yazılmışdır. 2012-ci ilin III rübü ərzində BTRİB, “Aztelekom” İB və “Azərpoçt” MMC istifadəçilərinin mərhələlərlə yeni “TELNET” proqramına keçilməsi planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası ərazisində kommunal xidmət haqlarının yığımı üzrə avtomatlaşdırılmış qeydiyyat sisteminin yaradılması məqsədi ilə məlumat bazası yaradılmış və proqram təminatı yazılmışdır.
Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2012-ci ilin 6 ayı ərzində “Teleradio” İB tərəfindən 21 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilmişdir. Bundan 17 ədədi analoq radio-TV verici, 4 ədədi isə DVB-T TV rəqəmli vericilərdir.
Televiziya və radio proqramlarının əhali üzrə yayım əhatəsi AzTV üzrə 99,9%, 2005-ci ildə yaradılmış İctimai TV üzrə 89,0%, Lider TV üzrə 55,8%-ə, ATV üzrə 82,2%, ANS TV üzrə 80%, Xəzər TV üzrə 78%, ATV-İNT üzrə 23%-ə, Mədəniyyət TV üzrə isə 70% təşkil edir. 
Hazırda respublika əhalisinin yaşadığı ərazi¬lərin 85%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilmişdir. İyul ayının sonuna kimi əlavə olaraq 6 ədəd rəqəmli TV vericinin quraşdırılması nəzərdə tutulur ki, bununla da rəqəmli yayımın əhatə faizi 87%-ə yüksələcəkdir. 
2012-ci ilin 6 ayı ərzində DRİ tərəfindən daxil olunmuş müraciətlərə uyğun olaraq 302 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilmiş və müvafiq texniki baxış aktları tərtib olunmuşdur. Texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 723 ədəd REV aşkarlanmışdır. Onlardan 143 ədədi qeydiyyata salınmış, 274 ədədi möhürlənmiş, 305 ədədinin qeydiyyata alınması üçün isə müvafiq tədbirlər görülür və 1 ədədi isə silinmişdir.

Efirə radiomübadilənin düzgün aparılmaması ilə bağlı 181 ədəd qayda pozuntusu aşkar olunmuş və aidiyyatı istifadəçilərə xəbərdarlıq məktubları göndərilmişdir. 20 qeydiyyatda olmayan tezlik aşkarlanmış və bu məqsədlə təkrar radionəzarət aparılır və qanunvericilik əsasında müvafiq tədbirlər görülür.
DRİ-də qeydiyyatda olan REV-lərin sayı 01.07.2012-ci il tarixə 35 580 ədəd təşkil etmişdir. Hesabat dövründə DRİ tərəfindən 44 hüquqi və fiziki şəxslərə tezlik ayrılmış və 4245 ədəd yeni REV-i qeydiyyata alınmışdır.
Respublika ərazisində yayımlanan TV və FM radioproqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə DRİ-nin mütəxəssisləri tərəfindən respublikanın yaşayış məntəqələrində TV siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülmüşdür. Həmçinin radiomanitorinq işləri aparılmışdır. Manitorinq nəticəsində televiziya yayımı üzrə 52 məntəqədə 712 ölçü, radioyayımı üzrə isə 51 məntəqədə 545 ölçmə işləri aparılmışdır.

Respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 24 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılmışdır.
2012-ci ilin 6 ayı ərzində “Azərpoçt” MMC-in xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə 8 ədəd PŞ binası tikilmiş, eyni zamanda 10 ədəd inzibati və 8 ədəd PŞ binasının cari və əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda 3 ədəd PF, 3 ədəd PŞ binasının təmiri və 6 ədəd PŞ binasının tikintisi davam etdirilir.
Hesabat dövründə “Azərpoçt” MMC-nin PF-lərinin tabeliyində olan PŞ-ində struktur islahatları həyata keçirilmiş, normativlərə uyğun gəlməyən PŞ-lərin bağlanması və yeni PŞ-nin açılması yönümündə bir sıra işlər görülmüşdür. 
“Azərpoçt” MMC beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Cricket” sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 142 ölkəsi ilə əməkdaşlıq edir.“Azərpoçt” MMC dünyanın 66 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir. 
Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin nəticəsi olaraq, poçt şöbələri tərəfindən yeni bank-maliyyə xidmətləri göstərilir və tətbiq səviyyəsi genişləndirilir. Maliyyə xidmətlərinin göstərilməsi məqsədilə “Azərpoçt” MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də SWIFT sisteminə qoşulması tam başa çatdırılmışdır. MMC-nin əksər məntəqələrində 1054 ədəd bank hesabları açılmış, bir çox filiallarda ilk lokal plastik kartlar emissiya edilmiş, yerli və beynəlxlq ödəniş sistemlərinə, o cümlədən xarici banklarda-Citybank, Raifaizenbank və Rusiyanın Sberbnkında artıq müxbir hesablar açılmış və MasterCarda qoşulma prosesi başa çatdırılmışdır. 
“Azərpoçt” MMC-nin 63 PF-dən 62-si Western Union pul köçürmələri sisteminə qoşulmuş və qalan Xızı PF-nin qoşulması üçün işlər aparılır. 
“Azərpoçt” MMC ilə “Русславбанк” SKB arasında pul köçürmələrinin aparılması barədə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri PF-lərində və RPF-lərdə “Contact” sistemi üzrə 21 PŞ-də pul köçürmə əməliyyatı aparılmaqdadır. Digər PF-lərin “Contact” sisteminə qoşulması üzrə hazırlıq işləri görülür.
PŞ-lərə bank-maliyyə xidmətlərinin göstərilməsi məqsədilə Mərkəzi Bankdan icazə alınması üzrə işlər cari ildə də davam etdirilmişdir. 01.07.2012-ci il tarixə 976 ədəd icazə alınmışdır.
2012-ci ilin 6 ayı ərzində “Azərmarka” şirkəti tərəfindən 8 mövzuda 29 ədəd poçt markası, 6 mövzuda poçt kartı, 7 mövzuda isə poçt zərfi dövriyyəyə buraxılmışdır. 

Hesabat dövrü ərzində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, beynəlxlq əməkdaşlıq, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üzrə aşağıdakı istiqamətlərdə tədbirlər və görüşlər keçirilmişdir:
- Nazir Ə.Abbasov 25-29 yanvar tarixlərində cənab Prezidentin rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində İsveçrə Konfederasiyanın Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunun (“Davos Forumu”) İllik sammitində iştirak etmişdir; 
- 21-22 fevral tarixlərində Nazir Ə.Abbasovun rəhbərliyi ilə Azərbaycan hökumətinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 7-ci iclasında iştirak etmişdir. 
- Nazir Ə.Abbasov 5-7 mart tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası (ƏDL) ilə birgə əməkdaşlığı çərçivəsində keçirilmiş “Connect Arab” Sammitində iştirak etmişdir. Sammitin yekun plenar iclasında cənab Nazir əsas məruzəçi kimi Azərbaycanda İKT-nin inkişafı və bu sahədə həyata keçirilən dövlət proqramları, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) və “European-Persian Express Gateway” (EPEG) regional layihələri, Avrasiya və ərəb ölkələrinin sözügedən sahədə qarşılaşdıqları problemlər və onların birgə həlli məsələləri, İKT yönlü sahələrə xarici sərmayələrin təşviqatına dair məruzə ilə çıxış etmişdir;
- 16-18 aprel tarixlərində Nazir Ə.Abbasovun rəhbərlik etdiyi Azərbaycan Hökumətinin nümayəndə heyəti Braziliya Federativ Respublikasının Brazilia şəhərində keçirilmiş Açıq Hökumət Tərəfdaşlığının (AHT) 1-ci zirvə toplantısında iştirak etmişdir. 
- 12-13 iyun tarixlərində Nazir Ə.Abbasovun rəhbərliyi ilə Azərbaycanın rabitə və İKT sektorunun nümayəndələrindən ibarət nümayəndə heyəti Türkmənistanın Aşqabad şəhərində keçirilmiş MDB dövlətlərinin Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçılarının (AB) İcraiyyə Komitəsinin 46-cı Şura iclasında iştirak etmişdir. 
- 25-26 iyun tarixlərində Qətər Dövlətinin İKT Ali Şurasının Baş katibi xanım Hessa Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyəti cənab Nazirin dəvəti ilə ölkəmizə rəsmi səfər etmişdir. Səfər çərçivəsində xanım Hessa Əl-Cabir cənab Nazir tərəfindən qəbul edilmiş, eləcə də xanım Baş katibin rəhbərlik etdiyi nümayəndə heyəti RİTN-də, “Azərkosmos”da və AMEA-da görüşlər keçirmiş, İqtisadi inkişaf Naziri cənab Ş.Musatfayev tərəfindən qəbul edilmiş və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinə baş çəkmişdir. 
- 28 iyun tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilmişdir. 
“Mobil cihazların qeydiyyatının aparılması Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmişdir.
“Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmişdir.
“Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı qəbul edilmişdir.

FİM Bank işi üzrə Hollandiyanın Haaqa Apellyasiya Məhkəməsində 2012-ci il 24 yanvar tarixində şifahi məhkəmə çəkişməsi keçirilmişdir. İş üzrə məhkəmə qətnaməsinin 24.04.2012-ci il tarixində çıxarılması gözlənilsə də, məhkəmə qərarının elan edilməsi 14 avqust 2012-ci il tarixinə təyin edilmişdir. Azərbaycan tərəfinin məhkəmə prosesində hüquqlarının qorunması sahəsində tədbirlər davam edir.

Hesabat dövrü ərzində 1 nəfərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2 nəfərə “Rabitə ustası” fəxri adı, 17 nəfərə Fəxri Fərman, 13 nəfərə isə “Əmək veteranı” adı verilmişdir.

http://mincom.gov.az

 Xəbər 45 dəfə oxunub

 

where to buy cigarettes online in usa cialis preiswert kaufen