Azərbaycan Prezidenti: Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə İKT-ni görürəm

Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını (İKT) görürəm. Bu sözləri 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı ümumiyyətlə dünyanın inkişafının bu istiqamətdə getdiyini vurğulayıb.
“Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha da böyük dərəcədə müəyyən edəcəkdir. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir. Elm və təhsil sahəsinə xüsusi diqqət göstərilməlidir, bu sahə ön plana çıxmalıdır. Son illər elmin inkişafı və gənclərin təhsili ilə bağlı qəbul edilmiş proqramlar bu məqsədi güdür. Biz istəyirik ki, gənclərimiz bilikli, savadlı olsunlar. Azərbaycanda elm inkişaf etsin. Elm bilik, istedad, inkişaf deməkdir. Biz indi başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə edirik. Bu da təbiidir. Çünki biz dünya birliyinin bir hissəsiyik. Ancaq mən hesab edirəm ki, Azərbaycanda hazırda kifayət qədər güclü elmi potensial vardır. Növbəti illərdə bu potensial daha da güclənəcəkdir, xüsusilə gənclərin hesabına”, -Prezident İlham Əliyev deyib.
“Yəni, Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır ki, bu elita Azərbaycanı 20 il, 30 il, 50 il bundan sonra uğurla idarə etsin. Ona görə informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil sahələri növbəti illər üçün prioritet olmalıdır”, - dövlət başçısı əlavə edib.

 

http://mincom.gov.az/