İKT Xəbərləri
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb.
Nazirlər Kabinetinə bir ay müddətində Dövlət Agentliyi haqqında Əsasnamənin layihəsini və işçilərinin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, həmçinin yaradılmış qurumun fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb. Sərəncamın mətnini AzərTac yayıb.
http://www.mincom.gov.az