İKT Xəbərləri
Nazir Əli Abbasov: “Qətər və Azərbaycan arasında orbital əməkdaşlığın regiona müsbət təsirləri olacaq”
Azərbaycanla Qətər arasındakı əlaqələri yüksək qiymətləndirən nazir Əli Abbasov, əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirmiş, hər iki ölkənin ortaq tarixi oxşarlıqlarının olduğunu qeyd etmişdir. Nazir müsahibəsində hər iki ölkənin beynəlxalq və regional məsələyə baxışlarında yaxınlıq olduğunu vurğulamışdır. Nazir bildirmişdir ki, Qətər və Azərbaycan "enerji təhlükəsizliyi"nin təmin edilməsində iki başlıca dövlətdir. Çünki hər iki ölkə xarici bazarların, xüsusilə Avropa bazarlarının ən mühüm enerji təminatçısıdır.
Ə.Abbasov regionda baş verən transformasiya, islahat və yeniliklərdə Qətərin rolunu yüksək qiymətləndirmişdir. "Biz Azərbaycanda, Yaxın Şərq regionunda və ümumiyyətlə, dünyada sülh və təhlükəsizliyin bərqərar olmasını istəyirik".
-Qətər-Azərbaycan əlaqələrini necə xarakterizə edirsiniz?
-Əslində, əlaqələrimiz müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf edir, əməkdaşlığın genişlənməsi üçün münbit şərait var. Hər iki ölkə təbii sərvətlərlə- neft və qazla zəngindir. Bu sahədə böyük layihələr həyata keçirilir. Biz Qətər bazarında həyata keçirilən bütün layihələri nəzərdən keçiririk, bir çox layihələrdə oxşarlıq mövcuddur. Bizim aramızda qarşılıqlı əməkdaşlıq konstruktiv şəkildə inkişaf edir.Bu yaxınlarda Qətər ilə Azərbaycan arasında birbaşa hava xətti açıldı. Hətta Qətər-Azərbaycan relsi açılandan sonra bu xətdən istifadə edən ilk sərnişinlərdən olduğuma fərəhləndim.
-İki ölkə arasında və həyata keçirilən layihələrdə oxşarlıq olduğunu qeyd etdiniz. Bunu nə ilə əsaslandırmaq olar?
-Qətərlə əlaqələrdən söhbət gedirsə, qeyd etməliyik ki, bu yüksək əlaqələr müştərək tarixi mədəni və humanitar mənbələrdən qaynaqlanan nüanslara əsaslanır ki, bu da, ümumiyyətlə, əlaqələrin inkişaf etdirilməsi üçün zəmin yaradır. Misal üçün, turizm sahəsini götürsək, görərik ki, Azərbaycan və Qətər turizm ölkəsidir. Bizdə Qətərdə olmayan qış turizmi, Qətərdə isə il boyu sürən yay turizmi vardır. Biz bu çərçivədə konstruktiv əməkdaşlığa imkan yaradan mühüm yaxınlaşma nöqtəsi tapırıq. Bundan başqa, hər iki ölkə arasında nəqliyyat sektorunda da yeni əməkdaşlıq əlaqələri qurulub.
Azərbaycan Zaqafqaziya regionundan yüklərin daşınması üçün yerlər yaratmış ən yeni dövlətdir. Biz bu sahədə ən böyük hava yollarına malikik və görürük ki, Qətər də bu yolla gedir. Bu, hər iki tərəf üçün yaxşı investisiya imkanları yaradır. Belə ki, Qətər cənubda ticari əlaqələri genişləndirmək üçün Azərbaycana hava dəhlizi açır. Bunun müqabilində Azərbaycan Qətər üçün nəqliyyat sahəsində şimal yollarını açır.
-Ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıqla bağlı müəyyən sazişlər varmı?
-Bəli, burada ticarət və iqtisadiyyat sahəsində, investisiyaların qarşılıqlı himayəsi sahəsində hər iki tərəf arasında ikiqat vergitutmanın ləğv edilməsi haqqında sazişlər vardır və burada qeyd etmək istəyirəm ki, Qətərlə Azərbaycan arasında hazırlanmış ən yeni saziş İKT sahəsindədir. Bu layihə yaxınlarda imzalanacaq.
-İki ölkə arasında müştərək xətləri təşkil edən və onlar arasında inkişafın səviyyəsinin keyfiyyətcə yeni formasını əks edən başqa oxşar nöqtələri hansılardır?
-Çoxlu müştərək məqamlar var. Azərbaycanda 2020-ci illə bağlı inkişaf strategiyası mövcuddur. Biz bununla neft resurslarından asılılığı azaltmağa və inkişaf etmiş müasir dövlət çərçivəsində bütün sahələrdə texnoloji imkanları inkişaf etdirməyə çalışırıq. Bu, eyni zamanda Qətərdə də belədir. Qətərin də 2030-cu illə bağlı strategiyası var.
Qətər bu strategiya vasitəsilə öz imkanlarını genişləndirmək üzərində işləyir. Həmçinin, Qətər neft və qaz kimi təbii sərvətlərdən asılılığını azaltmaq üzərində çalışır, texnoloji cəhətdən inkişaf etməyi hədəf seçib. Biz Qətər təcrübəsini öyrənirik, bundan başqa, aramızda başqa ortaq nöqtələr də var. Buna misal kimi ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün bizə geniş imkanlar yaradacaq humanitar dəyərləri göstərə bilərik
-İki ölkə arasında iqtisadi əlaqələrin gedişində hər hansı qarşıdurma varmı? Xüsusilə, qeyd etdiyiniz kimi, bu ölkələr Avropa bazarlarını qazla təmin edən əsas mənbələrdir...
-Əlbəttə, yoxdur. Əvvəldə qeyd etdiyim kimi, aramızda yenicə başlamış iqtisadi əlaqələr hər ölkənin xüsusiyyətini nəzərə alır. Belə ki, Qətər xaricə böyük investisiya yatırır, Azərbaycan da xaricə böyük investisiyalar yatırır. Bu məsələ mənafelərdə toqquşma yaratmır. Çünki biz mənafelərin yerinə yetirilməsində heç bir tərəddüd olmadan ortaq nöqtələrin dərinləşdirilməsinə çalışırıq.
-Burada çoxlu əməkdaşlıq sahələri vardır. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün ideyalar var. İkitərəfli əməkdaşlıq Qətər investorları sahəsində bu mühüm sahəni inkişaf etdirmək üçün Azərbaycan investorları üçün imkan yarada bilərlər. Turizm sahəsində, İKT, nəqliyyat, diplomatik sahədə əməkdaşlıq əlaqələri mövcuddur.
-Ərəb dünyasındakı transformasiyalar və Qətərin bunlara münasibətini necə qiymətləndirirsiniz?
-Azərbaycanda dünyada, xüsusilə Yaxın Şərq və Qafqaz regionunda baş verən transformasiyalar və islahatları, eləcə də hadisələri böyük maraqla izləyirik. Çünki biz sabitliyin, sülhün və təhlükəsizliyin bərqərar olunmasının tərəfdarıyıq və region ölkələrinin hamısı ilə dostluq və qardaşlıq əlaqələri yaratmaq üçün var gücümüzü sərf edirik. İki ay bundan qabaq Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir və buradan da beynəlxalq sülhün möhkəmləndirilməsi üçün bacardığımızı edəcəyik.
-Suriyada baş verən hadisələrlə bağlı fikriniz necədir?
-Biz qan axıdılmasından çox narahatıq və bu hadisələrlə bağlı Beynəlxalq Təhlükəsizlik Şurasının qərarlarını dəstəkləyirik. Unutmayın ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, ölkəmiz 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salınmasına gətirib çıxarmış erməni təcavüzünə məruz qalıb.
Torpaqlarımıza erməni təcavüzündən danışarkən Qətər dövlətinə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür etmək istəyirəm. Bu da beynəlxalq təşkilatlarda iki ölkə arasında qarşılıqlı əməkdaşlıq üçün mühüm ortaq məqamlardır.
-İki ölkə arasında siyasi baxışlarda uyğunluq varmı?
-Bəli, burada beynəlxalq təhlükəsizlik və sülhün bərqərar edilməsinə səy edənləri maraqlandıran müxtəlif məsələlər ətrafında regional və beynəlxalq səviyyələrdə siyasi baxışlarda yaxınlıq vardır.
-Rabitə və informasiya texnologiyaları naziri kimi ölkənizlə Körfəz dövlətləri arasında bu sahədə əməkdaşlıq layihələri ilə bizi tanış edə bilərsinizmi?
-Hazırda bəşəriyyətin həyatında mühüm olan bu sahə ilə bağlı iki iri layihəmiz vardır. Bu layihələr bütün region dövlətlərini, o cümlədən, Körfəz ərəb dövlətlərini əhatə edir. Burada qeyd etmək istəyirəm ki, 2009-cu ildə BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü ilə irəli sürülən "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsini dəstəkləmişdir. Bu layihə Avrasiya və Sakit Okean ölkələri arasında rabitə dəhlizi rolunu oynayacaq. Azərbaycan layihənin koordinatorudur.
Burada başqa reallaşdırılması nəzərdə tutulan daha bir mühüm layihə də vardır. Bu, gücü 500 m/bit olan fiberoptik rabitə layihəsidir ki, Almaniyanın Frankfurt şəhərindən başlamaqla Oman sultanlığına qədər uzanan ərazini birləşdirir, Qətər, Azərbaycan və müxtəlif Körfəz ölkələrini bir-birinə bağlayır. Yaxın gələcəkdə layihənin gücü 3 dəfə artacaq, bu da Körfəz regionunun və regionumuzun nəhəng elektron potensialının inkişafına böyük kömək göstərəcək.
-Sizi region dövlətləri ilə bağlayan başqa layihələr varmı?
-Bəli, orbital əməkdaşlıq çərçivəsində layihə var. Qətər bu yaxınlarda süni peykini orbitə buraxacaq, Azərbaycanda isə 2013, 2014 və 2015-ci illərdə süni peyklər orbitə qaldırılacaq. Bunun da Qətər, Misir, Türkiyə və Rusiya kimi regionun digər dövlətləri ilə müxtəlif sahələrdə konstruktiv əməkdaşlığa müsbət təsiri olacaq.