RİTN-in Həmkarlar İttifaqı Komitəsinin sayca III hesabat-seçki yığıncağı keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparat İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sayca III hesabat-seçki yığıncağı  keçirilib. Tədbiri Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov açıq elan edib.
Sonra Həmkarlar İttifaqının sədri Şirzad İsmayılov geniş hesabatla çıxış edib. O bildirib ki, Həmkarlar İttifaqının aparatda çalışan üzvlərinin sayı 91 nəfər təşkil edir. 2008-ci ilin yanvarın 1-dən bu günə qədər görülən işlərdən danışan Ş. İsmayılov deyib ki, bu müddətdə RİTN tərəfindən əməyin mühafizəsi və işçilərə qanunvericiliklə verilmiş hüquqlar sahəsində fəaliyyət gücləndirilib, Aparatda təhlükəsiz əmək şəraitinin yaradılması təşkil edilib.
Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının «Gender və qadın problemlərinə dair» qəbul edilmiş qərarına uyğun olaraq RİTN-də gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyanın yaradılması istiqamətində əsasnamə hazırlanıb və təsdiq edilib. Ş. İsmayılovun sözlərinə görə, ölkədə bədən tərbiyəsi və idman hərəkatının geniş vüsət almasının təmin olunması məqsədi ilə Respublika spartakiadalarında mini-futbol, şahmat, nərd, stolüstü tennis idman oyunları üzrə RİTN-in əməkdaşlarının iştirakı təşkil edilib. Üstəlik, Bakı şəhərində yaşıllıq sahələrinin artırılması məqsədi ilə rabitəçilərin iməciliyi keçirilib və xeyli sayda ağac əkilib. Ş. İsmayılov əlavə edib ki, hesabat dövründə işçilərin istirahəti ilə əlaqədar kütləvi tədbirlərin həyata keçirilməsi üçün 2009-2010-cu illər üçün gəlir xərclər smetası hazırlanıb və təsdiq edilib: «Bu smetada 30 təqvim günündən artıq müddətdə xəstəxanada stasionar qaydada müalicə olunmuş və cərrahi əməliyyat olunmuş işçilərə 60 manat, dövlət qulluğunda ən azı 3 il iş stajı olan işçinin ilk dəfə toyu olduqda 60 manat, işçinin özü və ya yaxın qohumu vəfat etdikdə 75 manat və digər təyinatlar üzrə müəyyən məbləğlərdə vəsaitin ayrılması nəzərdə tutulub. Bilirsiniz ki, komitənin maliyyələşməsi rabitə və birlik müəssisələrindən daxil olan vəsaitlər hesabına formalaşır. Daxil olan vəsaitlər ümumilikdə müxtəlif bayramlarla əlaqədar yardımların ödənilməsinə, işçilərin istirahət yollayışlarına yönəldilib».
Sonra Aparat rəhbərinin müavini, Təftiş Komissiyasının sədri İlham Mərdanov bildirib ki, vəsaitlər təyinatı üzrə xərclənib və ittifaqın fəaliyyətini qənaətbəxş hesab etmək olar.
Daha sonra Aparat İşçilərinin Həmkarlar İttifaqının İdarə Heyətinin yeni üzvləri seçilib. Yığıncaq iştirakçıları Şirzad İsmayılovun yenidən sədr olması üçün yekdilliklə səs veriblər.

http://mincom.gov.az