İKT Xəbərləri
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak etmişdir
Fevralın 26-da Bakıda XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürüşdə iştirak etmişdir.
Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Ön sırasında Prezident İlham Əliyevin olduğu yürüş iştirakçıları “Azadlıq” meydanından Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar. Bu izdihamlı yürüşün keçdiyi prospekt və küçələr boyu əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq çağırışları, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadları yazılmış transparantlar, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”,”Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!” və s. sözlər yazılmış plakatlar tutan gənclər düzülmüşdür. Eyni məzmunlu transparantlar və plakatlar yürüş iştirakçılarının əllərində də var idi.
İnsanların hüznlü çöhrələrinə baxanda görünürdü ki, ötən 20 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silməmişdir. Bircə gecədə yerlə yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.
Bütövlükdə bu ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin kulminasiya nöqtəsi hesab etmək olar. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözləri qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.
Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva abidənin önünə tər çiçəklər qoydular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.
Ümumxalq yürüşündə iştirak edən insanlar abidə önündə soyqırımı qurbanlarının xatirəsini hüznlə yad edərək, “Xocalıya ədalət”, “Xocalını unutmayın”, “Xocalı - əsrin soyqırımı” şüarlarını səsləndirmişlər.
X X X
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmışdır. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş və onun dinc əhalisinə amansızcasına divan tutmuşlar. Aylarla blokadada qalaraq zəifləmiş Xocalı şəhərinin müdafiəçiləri sayca onlardan qat-qat çox olan, təpədən-dırnağa qədər silahlanmış ermənilərin hücumunu dəf edə bilməmişlər. Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalmışdır, 150 nəfərin taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilmişdir. Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər.
Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılmış və yeganə bir məqsədlə törədilmişdir – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.
Faciənin 20-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində vurğulandığı kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur. Dövlət başçısının müraciətində deyilir: “Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”.
Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş, bilmişlər ki, onlar öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanımış və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksika parlamentləri də bu qırğının soyqırımı aktı kimi tanınması haqqında qətnamələr qəbul etmişlər.
Bu il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100 nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır.
Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri sərgiləri təşkil olunur. Qardaş Türkiyədə, Böyük Britaniyada və bir sıra digər Avropa dövlətlərində, müsəlman ölkələrinin çoxunda keçirilmiş anım tədbirləri ictimaiyyət arasında böyük əks-səda doğurmuşdur.
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində deyilir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.
Dövlətimizin başçısı əmin olduğunu bildirmişdir ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
X X X
Fevralın 26-da bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etmişdir. Yüz minlərlə insan soyqırımı abidəsini ziyarət etdi. Abidənin önünə tər çiçəklər qoyuldu, şəhidlərin ruhuna dualar oxundu. Mərasim iştirakçıları ümidvardırlar ki, Azərbaycanın haqq səsi eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzalarına çatacaq, Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.
http://azertag.com