İKT Xəbərləri

Texnologiyaların köməyi ilə biznes dünyası sürətlə dəyişir

Texnoloji savadsızlıq bazar imkanlarının bərabərliyini məhdudlaşdıracaq
 
Beynəlxalq ekspertlərin yaxın gələcək üçün proqnozlarına görə, Çin tezliklə dünyada ingiliscə danışan bir nömrəli ölkəyə çevriləcək.  London isə müasir dünyanın yeddinci ən böyük fransız şəhəri hesab olunur. Bu da o deməkdir ki, Londonda fransızca danışanların sayı Fransanın özündən daha çoxdur. Amma bu, dillərə qarşı adi maraq deyil, yeni əsrin diktə etdiyi yeni bacarıqlar vərdişidir.

Belə ki, uğurlu iqtisadi inkişaf ənənəvi sənaye sahələrinin qorunub saxlanması və inkişaf etdirilməsi ilə informasiya erasının yeni imkanlarından maksimum dərəcədə istifadəsi arasında uyğun tarazlığın əldə edilməsindən asılıdır.
 
Yeni texnoloji məlumatların miqdarı hər iki ildə iki dəfə artır
 
Tədqiqatlar göstərir ki, yeni texnoloji məlumatların miqdarı hər iki ildə iki dəfə artır. 2010-cu ildən bu rəqəmin hər 72 saatda iki dəfə artdığı bildirilir. 3 illik dərəcə proqramında təhsil almağa başlayan tələbə üçün isə bu, o deməkdir ki, birinci il öyrəndiklərinin yarısı məzun olduğu vaxt artıq köhnəlmiş olacaq. Alınan bu nəticə mübahisə predmeti olsa da, hələlik hazırkı araşdırmalar bunu təsdiqləyir. Amma texnologiyaların köməyi ilə iş, biznes dünyasının sürətlə dəyişməsi də danılmaz faktdır.

Təxmin edilir ki, bu gün hər bir təhsil alan şəxs  38 yaşına çatana qədər 10-14 iş yeri olacaq. Texnologiyalar əsrində əsas yük təhsilin üzərinə düşdüyü üçün yeni texnologiyaların bu sahədə tətbiqi müəllimlərin işini daha da artırır. Hesab olunur ki, müəllimlərin gücü yeni texnologiyalarla vəhdətdə uşaqlara daha çox səmərə verəcək ki, bu gün təhsil müəssisələrinin qarşısında da duran əsas məsələ məhz öyrənənlərin bu dəyişikliklərə hazırlanmasıdır. Çünki bu gün texnologiyalar həm ölkələrin iqtisadi inkişafı, həm də təhsilin əsasını təşkil edən ən vacib amillərdən birinə çevrilib.
 
 
İnkişafda aparıcı rol texnologiyaların üzərinə düşür

Hazırda ölkələr maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsinə diqqət edirlər. Ən inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, inkişafda ən aparıcı rol oynayan amil elmi-texniki tərəqqi, yeni texnologiyalardır. Bu baxımdan, XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu son dərəcə aktuallaşıb.

Belə ki, təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, müəllimlərin İKT vərdişlərinə yiyələnməsi hazırda gündəmdə olan əsas məsələlərdəndir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində çalışan 160 minə yaxın müəllimdən 2010-cu ilə qədər yalnız 55 min 680 müəllim bu vərdişlərə yiyələnib.

2011-ci ilin sonuna isə Təhsil Nazirliyi ümumi orta məktəb müəllimlərinin təxminən 38 faizinin təlimlərdən keçməsinə nail olub. Ümumiyyətlə, kompyuterlə işləmək bacarıqlarını inkişaf etdirmək üçün bu vaxta qədər 78 min nəfərdən çox müəllim “İntel: Gələcək üçün təhsil” proqramı çərçivəsində təkmilləşdirmə kursundan keçib. Təhsil Nazirliyindən bildirilib ki, müasir təlim strategiyalarının, fəal təlim metodlarının tətbiqinin təhsilin keyfiyyətinə təsirinin öyrənilməsi üçün hələ 2009-cu ildə tədqiqatlar aparılıb. T

Tədqiqatların nəticəsi olaraq, son 4 ildə 35 mindən çox ibtidai sinif müəllimi kurrikulum üzrə təlimlərdən keçib. 1000 nəfərə qədər kurrikulum üzrə təlimçi müəllim hazırlanıb. Yeni ümumtəhsil kurrikulumlarının tətbiqi ilə bağlı rayon və şəhər təhsil şöbələri metodistləri üçün müvafiq təlimlər hazırda da keçirilir. Bundan başqa, müəllimlərin kompyuter bacarıqlarının inkişaf etdirilməsi üçün təşkil olunan təlim kursları da davam etdirilir. Ümumilikdə proqramın sonunadək müəllimlərin 67 faizinin təlimlərdən keçməsi mümkün olacaq. Bu da təxminən 114 min nəfər deməkdir. Amma göstərici qənaətbəxş olmadığından, nazirlik gələcəkdə müəllimlərin çoxpilləli treninqlərdən keçirilməsini nəzərdə tutur.
 
“Texnoloji inqilab”
 
 Ümumiyyətlə, “texnoloji inqilab” adlandırılan İKT-nin təhsildə tətbiqi ilə müəllimlərə bu bacarıqların aşılanması üçün qlobal zərurət mövcuddur. Bəs bu gün şagird və tələbələr universiteti, məktəbi uğurla bitirmək üçün nə etməlidir? Avstraliyada aparılan araşdırmalar göstərir ki, bu, yalnız onlara verilən biliklərdən deyil, bacarıqlardan da asılıdır.

Bir sözlə, təhsilin məktəb və universitetdəki tələbələri gələcək çətinliklərə hazırlamaq və onları dəf etmək üçün müvafiq bilik və bacarıqlarla təmin etməsi labüddür. Təhsildə İKT-nin tətbiqi zamanı isə üç amilə - infrastruktur, məzmun və bacarıqlara diqqət olunmalıdır.

Yalnız hər üç istiqamətin birlikdə inkişaf etdirilməsi yaxşı təhsilin zəmanətidir. Əgər məktəbdə kompyuter varsa, amma istifadə edilməzsə, onun heç bir  mənası olmayacaq. Uğurlu nəticə üçün yalnız texnologiyanın olması yetərli deyil, həm də ondan səmərəli istifadə əsasdır. Liderlik, rəhbərlik, təlim, İKT və İKT imkanlarının qiymətləndirilməsinə diqqət olunmalıdır.

Texnologiyanın üstünlükləri ilə bağlı sübutlara əsaslanan araşdırmalar göstərir ki, yaxşı İKT resursları olan məktəbdə təhsilin keyfiyyəti zəif resurslara malik olan məktəbdən daha yüksəkdir. Texnologiyalardan istifadə öyrənənlər tərəfindən də müsbət qarşılanır, uşaqlarda daha yaxşı bacarıqlar formalaşdırır, bu, onları böyük həyata hazırlayır.
 
Kompyuterlərin sayının artması yeni iş imkanlarını genişləndirir
 
Ekspertlər İKT-nin tətbiqinin bütün sahələrin inkişafı, insan kapitalının formalaşdırılması, məhdudiyyətsiz təhsil almaq baxımından müsbət rolu olmasını bildirirlər. Hesablamalara görə, bu gün dünyada 3 milyard insanın internetə çıxış imkanı var. Çünki bu gün “Hər bir evdə kompyuter olmalıdır” fikri sürətlə inkişaf edir. Kompyuterlərin sayının artması ölkələrdə yeni iş yerlərinin yaradılması imkanlarını da genişləndirir. Bu iş imkanlarının əsasında isə, təbii ki, İKT bacarıqlarına yiyələnmək və ondan səmərəli istifadə dayanır.

Ümumiyyətlə, 21-ci əsrdə funksional savadlılıq formalaşıb ki, bu savadlılıq da özündə rəqəmsal savadlılığı əks etdirir. Bu günün tələblərinə görə, rəqəmsal savadı olmayanlar artıq savadsız sayıla bilər. Hər bir uşağın məktəbdə təhsil almaq hüququ olduğu kimi, rəqəmsal savadlılıq da bu hüquqlardan biridir. Ömrüboyu öyrənmək təhsil hüququnun bir hissəsidirsə, bu da insan hüquqları baxımından, ümumi insan haqlarının bir hissəsidir.
 
 Rəqəmsal savadı olmayanlar artıq savadsız sayılır
 
 Ekspertlər rəqəmsal savadlılığı olmayan şəxslərin cəmiyyətə inteqrasiya oluna bilmədiklərini vurğulayır. Ona görə də hamının rəqəmsal savadlılığa əlçatanlığı təmin olunmalıdır. Bunlar olmadan əmək bazarına adaptasiya da mümkün deyil ki, bu da işsizliyə gətirib çıxarır.

Mütəxəssislər sürətlə dəyişən texnologiyalar aləmində texnoloji savadsızlıq nəticəsində bazar imkanlarının bərabər olmayacağını da bildirirlər. Ona görə də hökumətləri bərabər bazar imkanları yaradılmasına məcbur etmək ehtiyacı ortaya çıxır. Ekspertlər hesab edirlər ki, texnologiyaları daha asan mənimsəyən gənclərdən fərqli olaraq, yaşlıların rəqəmsal savadlılığı daha çox diqqətdə olmalıdır.

Bu baxımdan, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili Azərbaycan təhsili üçün də yenidir. Belə ki, dərəcələrin yüksəldilməsi təhsili orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutur. Yaşlıların təhsili isə vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən təhsil növüdür.

İlk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri üzrə tənzimləyici qaydalar “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” ilə bağlı sənəddə öz əksini tapıb. Həmin sənəddə əlavə təhsilin hər bir istiqaməti üzrə məzmunun çərçivəsi, təhsilə cəlb olunanlar, monitorinq və qiymətləndirmə, verilən təhsil sənədi, maliyyə mənbəyi, eləcə də digər məsələ və qaydalar da yer alıb.

Ümumiyyətlə, bu gün texnologiyaların artımı ilə iqtisadiyyatda baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq üçün rəqəmsal savadlılığa yiyələnmək günün başlıca şərtidir. Xüsusən də Azərbaycanda “Elektron hökumət” quruculuğunun davam etdiyi indiki məqamda əhalinin bütün təbəqələrinin İKT bacarıqlarına və ondan istifadə vərdişlərinə yiyələnməsi aktuallığını saxlayır.

http://ictnews.az

 



 

 

 

 



best way to mail a carton of cigarettes cialis espagne test viagra rezeptfrei