İKT Xəbərləri
Cenevrədə IGF 2012 forumunun keçirilməsi müzakirə olunur
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə olunması üzrə Foruma (IGF) dair çoxtərəfli məşvərətçi qrupun görüşündə və açıq məsləhətləşmələrdə iştirak edir.
Cenevrədə baş tutan budəfəki görüş IGF 2012-in planlaşdırılmasında mühüm rol oynayır və burada gələcək Forumun struktur, proqram və mövzusu, eləcə də əsas sessiya və seminarları müzakirə olunur. Cenevrədə Azərbaycan nümayəndə heyəti tərəfindən IGF 2012-nin keçirilməsi üzrə praktiki tədbirlərə həsr edilən təqdimatın olacağı gözlənilir.
IGF 2005-ci ildə Tunisdə keçirilən ümumdünya informasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyəli görüşün ikinci mərhələsinin yekunları üzrə yaradılıb. İlk iclası 2006-cı ildə Afinada keçirilən tədbir internetin idarə olunması üzrə problemlərin müzakirəsinin yeni beynəlxalq modelidir. Forumun əsas məqsədi ictimaiyyətin qlobal şəbəkənin cari və perspektiv inkişaf prosesləri barədə məlumatlandırılmasına imkan yaratmaq, internetin idarə olunmasının üsul və alətləri barədə müzakirələri stimullaşdırmaq, habelə ictimai inkişaf marağı baxımından ondan istifadənin müxtəlifliyini təqdim etməkdir.
http://mincom.gov.az