Xəbərlər
Forum uğurla başa çatdı
Milli Qurtuluş günü ərəfəsində, iyunun 12-də Mingəçevir şəhərində “Aztelekom” İstehsalat Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda internetin bu günü və sabahı” adlı forum keçirildi. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin tərəfdaş qismində təmsil olunduğu forum Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Təhsil Nazirliklərinin dəstəyi və nümayəndələrinin iştirakı ilə keçirildi. Foruma Milli Məclisin deputatları Aydın Mirzəzadə, Azər Badamov və Tahir Rzayev, yerli idarəetmə orqanlarının, əsasən gənclərlərlə işləyən qeyri-hökumət təşkilatlarının, regionda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin, İKT sahəsində ixtisaslaşmış regional müəssisə və təşkilatların, həmçinin, regionda xidmət təklif edən özəl internet provayderlərin nümayəndələri də dəvət olunmuşdu.
Forum iştirakçıları əvvəlcə Milli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə işinə başlayan forumın moderatoru, “Aztelekom” İstehsalat Birliyinin Maliyyə, İqtisadi Təhlil və İnvestisiya şöbəsinin rəisi Faiq Cəfərov iştirakçıları salamladıqdan sonra forumun reqlamentini elan etdi.
Milli Qurtuluş günü ərəfəsində bu günün tarixini ehtiva edən film nümayiş olundu.
“Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov forumın işinə uğurlar arzuladı və birliyin genişzolaqlı internetin inkişafı istiqamətində gördüyü işlərə həsr edilmiş qısa videoçarx təqdim olundu.
Layihənin meneceri, “Aztelekom” İstehsalat Birliyinin Marketinq və Satış Departamentinin strateji araşdırmalar şöbəsinin rəisi Mədinə Əliyeva forumın məqsədi barədə çıxışından sonra forum işinə digər rəsmi qurumlar və şirkətlərin nümayəndələrinin çıxışları ilə davam etdi.
Çıxışlar:
1. Prezident Adminstrasiyasının Gənclərlə iş üzrə şöbəsinin müdiri Vüsal Quliyev
2. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov
3. Gənclər və İdman Nazirliyinin yanınnda İctimai Şuranın rəhbəri Nurəddin Mehdiyev
4. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdirilması İdarəsinin rəis müavini Ayaz Abışov
5. Milli Məclisin deputatı Aydın Mirzəzadə
6. Milli Məclisin deputatı Tahir Rzayev
7. AMEA İnformasiya Texnologiyaları İnstitutun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudov
8. Azərbaycan İnternet Cəmiyyətinin sədri Hörmətli Qalib Qurbanlı
9. Çin Xalq Respublikasının “Huawei” şirkətinin nümayəndəsi Tural Zərbəliyev
10. Sloveniya Respublikasının “İskratel” şirkətinin Azərbaycandakı nümayəndəsi Fərid Nəsibov
11. “azedunet” şirkətinin nümayəndəsi Emin Seyidov
Çıxışlardan sonra forumun 2-ci hissəsi, “Aztelekom” İstehsalat Birliyinin internet layihələri, mərhələlər, perspektivlər” (Moderator – Şahin İsgəndərzadə, “Aztelekom” İstehsalat Birliyinin şöbə rəisi), “İnternetin tarixi” (moderator Etibar Quluzadə - “Aztelekom” İstehsalat Birliyinin proqramçı-mühəndisi), “İnternetdə informasiya təhlükəsizliyi” (moderator Elxan Sadıqlı - “Aztelekom” İstehsalat Birliyinin şəbəkə inzibatçısı), “Proqram təminatı, e-sənəd dövriyyəsi, praktik tətbiqlər (moderator Ədalət Abbasov – “Aztelekom” İstehsalat Birliyinin şöbə rəisi), “İnternetdə PR-ən rolu və əhəmiyyəti” (moderator Leyla Kərimova – Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin layihələr üzrə koordinatoru) mövzuları üzrə debatlar başladı.
Canlı diskussiyalar şəraitində keçən debatlarda aktiv iştirakları ilə seçilən gənclərə “Aztelekom” İstehsalat Birliyinin xatirə hədiyyələri təqdim olundu.
Forumdan qeydlər:
Hazırda Azərbaycan İnternetin, bötüvlükdə, İKT sektorunun inkişaf tempinə görə dünya ölkələri arasında ön sıralardan birini tutur. Müxtəlif nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu nailiyyətlərini təsdiq edir. Bütün bunlar ölkəmizdə dinamik sosil-iqtisadi tərəqqinin, İnternet infrastrukturunun inkişafının, İnternet azadlıqlarının yüksək səviyyədə təmin olunmasının göstəricisidir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İnternet infrastrukturunun davamlı inkişafı, informasiya cəmiyyəti quruculuğunun yüksək səviyyədə aparılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi öz əksini tapıb.
Prezident İlham Əliyev cənabları tərəfindən ötən 2013-cü ilin ölkədə İnformasiya Texnologiyaları ili elan edilməsinin son illər bu sahədə yüksək tərəqqinin göstəricisidir. İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindəndir. Ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı İnternet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramlarının, həyata keçirilən layihələrin əhəmiyyəti danılmazdır. “Azərbaycan Respublikasının inkişafi naminə informasiya və kommunikasiya texnologiyalari üzrə Milli Strategiya”, “E-Azərbaycan”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə” dövlət proqramlarının bu istiqamətdə atılmış əməli addımlardandır.
Cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında “Elektron hökumət” xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasında RYTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılmasının xüsusi əhəmiyyəti var. Elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılması baxımından agentlik strateji qurumdur. Ölkəmizin İKT sahəsində əldə olunan nailiyyətlər, inkişaf tempinin yüksəlməsi nəticəsində 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizənin daha yüksək səviyyəyə çatacağı şübhəsizdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə çatmaq üçün İKT mütəxəssislərinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulmuşdur.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin ən son nailiyyətlərini ölkəmizin bütün regionlarında da tətbiq etməklə “rəqəmsal uçurum”un aradan qaldırılması istiqamətində mühüm islahatlara həyat vəsiqəsi vermiş “Aztelekom” İstehsalat Birliyi regionlarda, xüsusi ilə də ucqar yaşayış məntəqələrində yaşayan sakinlərin elektron xidmətlərdən daha aktiv istifadə etmələri üçün mütəmadi tədbirlər görür. İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya texnologiyaları təşkil edir. Respublikamızda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün də əhəmiyyətli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir.
Ölkədə, xüsusən də regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə “Aztelekom” İstehsalat Birliyinin rayon Telekommunikasiya Qovşaqlarının xidmət ərazilərində “Genişzolaqlı internetin inkişafı” layihəsi işlənib hazırlanmış və icrasına başlanılmışdır. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, yüksəksürətli genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə elektron xidmətlərin, distant-təhsil, elektron ticarət və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.
Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, şəbəkənin tam elektronlaşdırılması, istənilən yerdə internetə məhdudiyyətsiz çıxış imkanının yaradılması kimi layihələri uğurla həyata keçirmiş “Aztelekom” İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi” çərçivəsində ən yaxın gələcəkdə 300 min nömrənin rekonstrusiya edilməsi şərtilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsi nəzərdə tutulur.
Ən yeni informasiya-kommunikasiya texnologiyalarının iri şəhərlər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə və ucqar yaşayış məntəqələrində də tətbiqi, internet radio-televiziya proqramları, elektron nəşrlərin yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi respublikamızda İKT-nin inkişafının bariz göstəricisidir. Elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması ilə istiqamətində ən mühüm addım – Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə üçün münbit şərait yaradır.
Azərbaycanda “Elektron hökumət” quruculuğu istiqamətində işlər intensivləşdikcə müxtəlif dövlət qurumları tərəfindən əhaliyə təklif olunan elektron xidmətlərin çeşidi də artır. Dövlət strukturları haqqında müvafiq məlumatların açıq şəbəkədə yerləşdirilməsi ilə artıq hər bir vətəndaş istənilən nazirlik, komitə, mənzil-təsərrüfat idarəsi, səhiyyə, təhsil müəssisələri və s. qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron qaydada müraciət edə bilər. Qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etməklə məmurla vətəndaş arasında birbaşa təması minimuma endirərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasında mühüm amil olan elektron xidmətlərdən regionlarda geniş istifadənin təməlində əlbəttə ki, ilk növbədə sürətli internetin hər bir potensial istifadəçi üçün əlçatan olması dayanır.
Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetsiz keçinmək demək olar ki, mümkünsüzdür. Ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyasının təmin edilməsində “Aztelekom” İB-nin payı kifayət qədər böyük və əhəmiyyətlidir. Belə ki, regionlarda genişzolaqlı internetin inkişafı, istifadəçilərin bu xidmətdən daha rahat və daha çox yararlanması “Aztelekom” İstehsalat Birliyi üçün başlıca şərtlərdəndir. Məhz bu baxımdan birlik kommersiya maraqları güdmədən, bölgələrdə internetin daha geniş istifadəsinə nail olmaq üçün 2004-cü ildə “aztelekom.net” internet provayderini təsis etdi.
“Aztelekom” İstehsalat Birliyi tərəfindən yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının regionlarda aktiv tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış “Aztelekom.NET” İnternet Provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir. Şəbəkəsinin qurulmasında dünyanın İKT sahəsi üzrə ixtisaslaşmış aparıcı istehsalçılarının yüksək keyfiyyətli, sertifikatlaşdırılmış və tələb olunan bütün lisenziyalara malik avadanlıqlarından istifadə olunan “Aztelekom.NET” İnternet Provayderi hazırda Azərbaycanda bu sahədə fəaliyyət göstərən provayderlər arasında dəyişməz liderlərdən biridir.
“Aztelekom” İstehsalat Birliyinin şəbəkəsində genişzolaqlı internet xidmətlərinin tətbiqi 2005-cü ildən, bu xidmətin kütləvi istifadəsi isə əsasən 2012-ci ildən başlanır. 2013-cü ilin sonlarına doğru “Aztelekom.net” internet provayderinin istifadəçilərin sayı 100 mini, qlobal internet şəbkəsinə (BGP– Border Gateway Protocol) bağlantı kanalının tutumu 20 Gb/saniyəni keçdi. Bu həddin aşılmasından sonra qarşıya çıxa biləcək problemlərin əvvəlcədən həlli məqsədi ilə NAT (Network Address Translation – şəbəkə ünvanlarının çevrilməsi) funksiyalarını özündə birləşdirən, xidmət ərazisi üzrə 128.000 genişzolaqlı internet istifadəçilərinin 2x10 Gb/san sürətlə Qlobal internet şəbəkəsinə qoşulmasını təmin edə biləcək avadanlıqların tədarükü üçün hazırlıq işlərinə başlandı. İstismarda olan “Aztelekom.net” platformasının alternativliyinin təmin edilməsi funksiyasını özündə cəmləşdirən və regionlarda İKT-nin inkişafına təkan verəcək yeni mərkəz Yevlax rayonunda yaradıldı. İP-MPLS şəbəkəsi üzərindən 10 Gb/san sürətlə qlobal internet şəbəkəsinə qoşulmuş bu sistem, Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü günündə, yəni 21 noyabr 2013-cü il tarixdə istismara verildi. “Aztelekom.net” provayderinin alternativi olaraq yaradılmış yeni sistemin fəaliyyəti nəticəsində həm qərb regionunda xidmət keyfiyyəti dəfələrlə artdı, eyni zamanda, digər bölgələrin genişzolaqlı internet istifadəçiləri üçün də pik saatlar da daxil olmaqla günün istənilən vaxtı daha yüksək keyfiyyətli xidmət təmin olundu. Bundan əlavə, əsas və alternativ provayder mərkəzləri fors-major hallarda bir-birinin funksiyalarını icra etməklə daha dayanıqlı xidməti də təmin etmiş oldu.
Azərbaycanda ən yeni texnologiyaların tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet, elektron kitabxana və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir.
Elektron hökumətin və idarəetmənin təşkilinin tələbləri, konsepsiyaları və bu prosesin yerinə yetirilməsi qaydaları günün tələbinə çevrilib. Elektron hökumətin qurulmasının ilkin şərtlərindən biri ölkədə şəbəkə texnologiyalarından istifadə imkanlarının yüksəkliyi nəzərdə tutulurdu. Bu gün respublikaməzda istifadə olunan telefon şəbəkəsi tamamilə elektron qurğularla təmin olunub. Bu isə şəbəkə texnologiyalarının tətbiqinə münbit şərait yaradır.
Elektron idarəetmə və hökumətin təşkili həm də informasiya texnologiyalarının mahiyyətinin bütün ölkə vətəndaşlarına çatdırılması, onun üstünlüklərinin təbliğini tələb edir. Hazırda respublikamızda ümumtəhsil məktəblərini ən aşağı siniflərindən bu texnologiyaların öyrənilməsinə başlanılıb. Digər tərəfdən İKT sahəsi mütəxəssislərini hazırlanması üçün ölkə ali məktəblərində xüsusi ixtisas və fakültələr fəaliyyət göstərir. Artıq istehsalatda olan səriştəli mütəxəssislərdən digər işçilərin yenidən hazırlanması və müasir informasiya texnologiyaları ilə işləmə vərdişlərini öyrədilməsi dövlət idarə və müəssiusələrində geniş vüsət alıb.
Ümumiyyətlə, ölkəmizdə İKT-nın tətbiqi və elektron xidmətlərdən istifadənin diapazonu günü-gündən genişlənir. Əhaliyə yeni, daha müasir texnoloji yeniliklər təklif edilir. Bu isə sübut edir ki, iqtisadi cəhətdən sabit duruma malik respublikamız yaxın gələcəkdə informasiya cəmiyyətinin yaradılmasına və ən müasir, tam demokratik, şəffaf dövlət idarəetməsinə və hakimiyyətə malik olacaq.
İnformasiya cəmiyyətində yalnız istehsal dəyişmir. Burada, bütün həyat tərzi, dəyərlər sistemi dəyişikliklərə uğrayır, mədəni asudəliyin əhəmiyyəti artır. İndustrial cəmiyyətdən fərqli olaraq, informasiya cəmiyyətində hər bir şey əmtəələrin istehsalı və istehlakına deyil, intellektin istehsal və istehlakına yönəlir ki, bu da özü özlüyündə əqli əməyin həcm artımı ilə müşayiət edilir. Ona görə də informasiya cəmiyyətində insandan daha çox yaradıcılıq, kreativlik bacarığı istənilir və burda biliyə olan tələbat daim artır.
İnformasiya cəmiyyətində komyuterləşmə, internetin genişlənməsi prosesi insanların fiziki işlərini optimallaşdıraraq onların informasiya mənbələrinə daha etibarlı girişini təmin edir. Proses informasiya cəmiyyəti texnologiyalarının inkişafı və elektron hokumət konsepsiyasının artan əhəmiyyət ilə daha geniş sosial-iqtisadi məzmun alır. Bu isə onu gostərir ki, cəmiyyətin inkişafının hərəkətverici gucu daha cox material deyil, informasiya məhsulunun emalı ilə bağlı olacaqdır. Həmcinin, bu çevrədə material məhsul ozu də daha cox informasiya bicimli olaraq, onun innovasiyalığını artırılmasına xidmət edəcəkdir.
İKT sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasında, demokratiyanın gücləndirilməsində səmərəli bir alətdir. İnformasiya resurslarından və texnologiyalarından cinayət və terror məqsədləri ilə istifadə etməyin qarşısının alınması, insan hüquqlarının qorunması, fərdi məlumatların toxunulmazlığı və söz azadlığı haqqında müddəalara əməl olunması ön plana çəkilir. İnsan haqlarının qorunması ilə yanaşı, internetdə terrorizmin bütün formaları və təzahürlərinə qarşı mübarizənin vacibliyi, rəqəmsal bərabərsizliyin aradan qaldırılması üçün tədbirlərin görülməsi vurğulanır və uşaqların, gənclərin inkişafında, şikəst insanların, gender probleminin həllində İKT-nin rolunun artırılması cəmiyyətin inkişafında taleyüklü məsələlərə çevrilir.
Məlumdur ki, qlobal informasiya cəmiyyətində informasiya iqtisadiyyatın, elmin, təhsilin, siyasi və ictimai fəaliyyətin digər sahələrinin aparıcı amilinə çevrilir. Müxtəlif informasiya və telekommunikasiya sistemləri cəmiyyətin və dövlətin inkişafının mühüm amili kimi çıxış edir.