Xəbərlər

Yeni Azərbaycan Partiyası - dünənin, bu günün və gələcəyin partiyası

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir.

Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan və fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 21 il ötür. Ümumiyyətlə, YAP ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Belə ki, 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə hakimiyyət böhranı, həmçinin, həmin illərdə Azərbaycanda rəhbərliyə gətirilən səriştəsiz, imperiya ağaları qarşısında əyilən, milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək, Vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək əvəzinə öz hakimiyyətlərini qorumaq uğrunda mübarizə aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Ölkəni bürüyən total böhran AXC-"Müsavat" tandeminin bacarıqsızlığı və səriştəsizliyi səbəbindən daha da dərinləşmişdi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, həmçinin, ziyalılar dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu öndər Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı.

YAP xalqımız qarşısındakı ali missiyasını uğurla yerinə yetirir

Bu, bir həqiqətdir ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 21 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Məhz buna görə də, ümumxalq partiyasına çevrilən, 600 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib.
Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Yaxın tariximizə mərhələli şəkildə nəzər salsaq, aydın şəkildə görərik ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycan öz dövlət müstəqilliyinin dönməzliyini təmin edib, sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər qazanıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınıb, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda, diplomatik cəbhədə düşmən üzərində üstünlük əldə edilib.
Bu da bir gerçəklikdir ki, hər zamanın özünəməxsus tələb və vəzifələri var. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycanın qarşısında duran vəzifələri dəqiq göstərərək, dövlətimizin söykəndiyi təməl prinsipləri müəyyən edib. Bu gün Azərbaycan məhz həmin prinsiplərə istinad edərək inkişaf edir. Ulu öndərin müəyyən etdiyi təməl prinsiplərindən biri də hüquqi-siyasi varislikdir. Təsadüfi deyil ki, hələ Ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Muxtar Respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olundu, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürüldü, ali qanunverici və icra hakimiyyəti orqanlarının - Ali Məclisin və Nazirlər Kabinetinin adları dəyişdirildi, Sovet qoşun hissələri Naxçıvandan çıxarıldı, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradıldı. Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu proses davam etdirildi.
Təbii ki, varislik prinsipi, eyni zamanda, müstəqil dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olmasıdır. Məhz bu ali məqsədin reallaşması naminə Ümummilli liderimiz Heydər Əliyev böyük çətinliklərlə qurduğu dövlətə rəhbərlik etmək üçün namizədini elan etdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımzın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu fikirlərin məntiqi nəticəsi cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə Prezidenti seçilməsi oldu. Xalq liderinin sözünə güvənərək öz tarixi seçimini etdi. 2005-ci ilin mart ayında isə YAP-ın III Qurultayı keçirildi. Qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyev partiyanın Sədri seçildi. Beləliklə, cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı.
Bu dönəmdən başlayaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli–mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə YAP daim ön sırada yer aldı. YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.
Onu da vurğulayaq ki, cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olunur. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. V Qurultaydan sonra isə, başqa sözlə, hazırda isə partiyamızın üzvlərinin sayı 600 mindən çoxdur.

YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur

Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Qeyd etdik ki, YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər qismində partiyanın müxtəlif zaman kəsiklərində keçirdiyi qurultayların nəticələri və bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir. YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 2003, 2008 və cari ildəki prezident seçkiləri buna sübutdur.
Onu da qeyd etmək gərəkdir ki, bu dövrdə partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin - referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi.
YAP bu uğurları və qələbələri 2004-cü və 2009-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə seçkilərdə 64 deputat mandatı qazanmaqla partiyamız öz rəqiblərini xeyli geridə qoydu. Məlumdur ki, 2010-cu il noyabrın 7-də Azərbaycanda 4-cü çağırış Milli Məclisə seçkilər keçirildi. Bu seçkilərdə mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP bu seçkilərdə də əhəmiyyətli qələbə qazanaraq 70-dən çox deputat mandatı əldə etdi. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.

YAP-ın V Qurultayı partiyanın və Azərbaycanın tarixində önəmli hadisədir

YAP-ın 21 illik keçmişinə nəzər salarkən partiyanın 2013-cü il 7 iyun tarixində keçirilən və Azərbaycan siyasi tarixinin əlamətdar hadisəsi olan V Qurultayını ayrıca qeyd etmək lazımdır. Qurultay çərçivəsində qəbul edilən qərarlar partiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edib. Partiyanın V Qurultayında əsas diqqət mərkəzində olan məsələlər Prezident İlham Əliyevin yenidən partiyanın Sədri seçilməsi və yenidən 2013-cü il 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi idi. Bu qərarlar YAP-ın 600 minlik üzvü və bütövlükdə Azərbaycan xalqı tərəfindən gözlənilən qərar oldu. Seçkilərin nəticələri də qurultayın qərarının ümumxalq səviyyəsində dəstəkləndiyini təsdiq etdi.
Bununla yanaşı, V Qurultayda partiyanın strukturlarına yeni seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla bərabər, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verdi. Xüsusilə vurğulamaq gərəkdir ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində çoxşaxəli və genişmiqyaslı fəaliyyət göstərən ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın, idmanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə ölkəmizdə və beynəlxalq aləmdə təqdir olunan Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini seçilməsi əlamətdar hadisə kimi səciyyələndirilməlidir. Sirr deyil ki, Mehriban xanım Əliyeva həm də millət vəkili kimi təqdirəlayiq fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir. Bu isə Mehriban xanım Əliyevanın milli maraqlar nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edən ictimai-siyasi proseslərin dinamikasına və müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini göstərir. Mehriban xanım Əliyevanın YAP Sədrinin müavini seçilməsi partiya və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi istiqamətində mötəbər hadisədir.
V Qurultayda yaddaqalan məqamlardan biri də Prezident İlham Əliyevin nitqində Azərbaycanın öz yolunda inamla irəlilədiyini ifadə etməsi idi. Bildiyimiz kimi, son illərdə regionda və dünyada çox mürəkkəb ictimai-siyasi proseslər baş verir, milli siyasi iradəni qoruyan, onu təmin edən liderlərə qarşı təzyiqlər olur, aktor kimi milli dövlətlər beynəlxalq münasibətlər sistemində sıxışdırılır. Belə şəraitdə Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin yenidən Azərbaycanın müstəqilliyinə və suverenliyinə aksent etməsi, onun Azərbaycan xalqı, hər bir azərbaycanlı üçün vazkeçilməz olduğunu bir daha Qurultayda səsləndirməsi və Azərbaycanın əsla və əsla milli maraqlardan geri çəkilməyəcəyini bəyan etməsi Azərbaycanın gələcəyi baxımından olduqca əhəmiyyətli tezislər idi.
Yeni Azərbaycan Partiyasının V Qurultayında diqqəti cəlb edən başqa bir məsələ YAP Sədrinin, dövlət başçısının öz nitqində son 10 ildə Azərbaycanın keçdiyi yola işıq tutması idi. Prezident İlham Əliyev Qurultay nümayəndələri qarşısında öz nitqində Azərbaycanın siyasətinin, eləcə də, iqtisadiyyatın, regionların, elmin, təhsilin gələcəyi ilə və Azərbaycan dövlətinin gələcəyinin strateji inkişaf istiqamətləri ilə bağlı əsas mövqeyini ifadə etdi. Bəlli oldu ki, növbəti illərdə də əsas diqqət mərkəzində olan məsələlərdən biri, ilk növbədə, regionların inkişafı ilə bağlı olacaq, xarici siyasətdə əsas prioritetlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsi olacaq. Həmçinin, elmin, təhsilin inkişafı, Azərbaycanın sosial dövlət olmaq istiqamətinin daha da inkişaf etdirilməsi də Yeni Azərbaycan Partiyasının Sədrinin qarşıya qoyduğu əsas vəzifələrdir.
Beləliklə, V Qurultayı xarakterizə edərkən, ilk növbədə, qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət əldə etdi, siyasi təşkilat olaraq daha da gücləndi, monolit siyasi güc kimi ölkənin siyasi sisteminə hakim olduğunu nümayiş etdirdi. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının V Qurultayı yuxarıda sadaladığımız əsas amilləri həll etməklə bərabər, Azərbaycan xalqının tarixinin gələcəyi ilə də bağlı, əslində qərar vermiş oldu.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasında son islahatlar partiyanın V Qurultayında alınan qərarlarla məhdudlaşmır. Belə ki, YAP-ın idarə heyətinin bu ilin noyabr ayında keçirilən iclasında partiyanın Sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib. Bu, bir daha onu göstərir ki, YAP öz fəaliyyətini davamlı olaraq təkmilləşdirir, zamanın tələblərinə uyğun addımlar atır və daha çox inkişaf edir.

Prezident seçkilərində möhtəşəm qələbə YAP-ın yüksək nüfuzundan xəbər verir

Sirr deyil ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirdilər. Tezliklə zaman göstərdi ki, xalqın seçimi bu dəfə də dəyişməzdir və verilən proqnozlar özünü doğrultdu.
Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,59 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Bu uğur, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxili və xarici siyasət kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Bu qələbə həm də Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı roluna xalqın verdiyi qiymət idi. Bildiyimiz kimi, fəaliyyət göstərdiyi 21 il ərzində YAP sosial, iqtisadi sahələrdə əldə olunan uğurlarda, ölkənin beynəlxalq mövqelərinin güclənməsində, daxili və xarici siyasət kursunun həyata keçirilməsində və ən nəhayət, növbəti dəfə seçkilərdə möhtəşəm qələbənin qazanılmasında hər zaman Heydər Əliyev yolunun davamçısı olub. Bu, o deməkdir ki, Azərbaycanın siyasi reallığında öz fəaliyyətini milli maraqlar əsasında quran Yeni Azərbaycan Partiyası ölkədə əsas milli qüvvə kimi çıxış edir.
Bu baxımdan, 9 oktyabr qələbəsi Yeni Azərbaycan Partiyasının namizədinə və həm də partiyanın özünün fəaliyyətinə, cəmiyyətdəki roluna xalqın verdiyi dəyərdir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qalib gəlməsinin əsasında da xalqın iradəsi, inamı və seçimi dayanır. Azərbaycan xalqı bir daha təsdiq etdi ki, ölkəmiz doğru yolda irəliləyir. Seçkilərdə yüksək fəallıq göstərən Azərbaycan seçicisi bir daha təsdiq etdi ki, xalq bundan sonra da Heydər Əliyev yolunun davam etdirilməsini istəyir. Siyasi plüralizm, şəffaf, ədalətli, demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil, hərtərəfli inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi. Və əminliklə demək olar ki, öz yolunda inamla irəliləyən Azərbaycanda növbəti 5 ildə də davamlı inkişafın, yeni nailiyyətlərin şahidi olacağıq.

Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur

Beləliklə, sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP-ın siyasi sistemdəki mövqeyini və fəaliyyətinin əsaslarını statik və dinamik detallar əsasında analitik tədqiqatların obyektinə çevirdikdə məlum olur ki, sözügedən siyasi institut təmsil etdiyi qrupların ali mənafeyini və dövlətçilik maraqlarını özünün Məramnamə və Nizamnaməsində əks etdirən, həmçinin bunları praktik müstəvidə yüksək səviyyədə reallaşdıran ümumxalq partiyasıdır. Ümumxalq partiyası ifadəsini YAP-ın timsalında təsadüfən işlətmədik. Çünki konkret faktlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə siyasi sistemin dinamikliyinə və onun elementlərinin təkmilləşməsinə xüsusi təkan verən elit institutdur. Söylədiyimiz tezisi daha da aydınlaşdırmaq üçün YAP-ın fəaliyyət substratlarının əsasında aşağıdakı siyasi ümumiləşdirmələri aparmaq lazımdır:
- Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır: Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 600 mindən çox olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir;
- Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə və fəaliyyət mexanizminə görə rəqabət partiyası (başqa sözlə, səfərbəredici partiya) kimi səciyyələndirilir. Belə ki, YAP öz fəaliyyəti ilə rəqiblərini aktiv siyasi mübarizəyə və rəqabətə cəlb edən, sosial konsensusu və siyasi sistemin rəqabətlilik qabiliyyətini təmin edən təsisatdır. Qısacası, Yeni Azərbaycan Partiyası siyasi plüralizmin yüksək səviyyədə təmin olunmasına və sistemin komponentlərinin tərəqqisinə xüsusi təkan və töhfələr verməkdədir;
- YAP ideoloji xarakteristikasına görə islahatçı, praqmatik və mütərəqqi siyasi institutdur. Partiyanın fundamental ideoloji prinsipləri azərbaycançılıq, güclü və müstəqil dövlətçilik, yüksək rifah, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, milli həmrəylik, sosial ədalət, sağlam rəqabətə əsaslanan siyasi mübarizə kimi təməl dəyərləri özündə ehtiva edir. Bu da nəticə etibarilə sözügedən siyasi institutun siyasi palitrada mövqeyini möhkəmləndirməyə və fəaliyyət sahəsini daha da genişləndirməyə imkan verir;
- Yeni Azərbaycan Partiyası daxili təşkilati strukturuna görə antreprener (açıq) sistemə malikdir. Belə ki, təşkilati strukturuna görə YAP mərkəzləşdirilmiş partiya intizamının yüksək səviyyədə təmin olunduğu, cəmiyyətin bütün qruplarının, əhalinin ən müxtəlif təbəqələrinin maraqlarının ifadə olunduğu siyasi təsisatdır. Digər tərəfdən, sözügedən kriteriyaya görə, partiya müxtəlif sahələrə yararlı, yüksək səviyyəli kadr potensialı hazırlayan daxili fəaliyyət mexanizminə malikdir. Dolayısıyla, bütün bu xüsusiyyətlərin fonunda Yeni Azərbaycan Partiyası nəzəri-konseptual, proqram-siyasi və aktual-praktik səviyyədə üzvlərinin-təmsil etdiyi qrupların ali maraqlarını yüksək səviyyədə ifadə və təmin etməkdədir;
- YAP siyasi sistemdəki mövqeyinə müvafiq olaraq leqal və demokratik ictimai-siyasi təsisatdır. Belə ki, partiyanın qatıldığı ümummilli və lokal səciyyəli bütün seçkilərdə rəqibləri ilə sağlam mübarizə aparması faktı sübut edir ki, sözügedən siyasi təsisat legitim fəaliyyət mexanizminə və substratlarına malikdir.
Beləliklə, yuxarıda sadalanan fundamental faktlar və reallıqlar YAP-ın ictimai-siyasi mövqeyini və nüfuzunu gücləndirməkdədir. Sadalananları ümumiləşdirsək, yekun olaraq qeyd edə bilərik ki, xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 20 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard sosial-siyasi təsisatdır.

YAP-ın ideoloji prinsipləri milli həmrəylik və bütövlüyü təmin edən mexanizm kimi...

YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Hakim partiyanın ideoloji siyasətinin əsasları onun başlıca ideoloji prinsiplərində öz əksini tapıb. Partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında qəbul edilmiş Proqramda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində aşağıdakı ideoloji prinsiplərə əsaslanır:
- Müstəqil dövlətçilik prinsipi: yaşadığımız tarixi dövrün reallıqları müstəqil dövlət quruculuğu prosesində xalqın iradəsini əsas imperativ kimi qəbul etməyi, intellekt azadlığına, peşəkarlığa, səriştəliliyə əsaslanıb əhalinin bütün səylərini birləşdirməklə sosialyönümlü iqtisadiyyata arxalanan demokratik, hüquqi, dünyəvi dövlət qurmağı tələb edir. Odur ki, müstəqil, güclü və qüdrətli dövlətçilik Yeni Azərbaycan Partiyasının birinci əsas prinsipidir.
- qanunçuluq prinsipi: hüquqi dövlət və vətəndaş cəmiyyəti hakimiyyətin qanunverici, icraedici, məhkəmə qollarına bölünməsini və onlar arasında bir-birini tamamlayan qarşılıqlı münasibətlərin yaradılmasını tələb edir. Sivil, demokratik dövlətin fundamental əsaslarından birini təşkil edən bu prinsip ictimai praktikada reallaşdırılmadan qanunların aliliyi, idarəetmədə peşəkarlığın üstünlüyü və dövlət idarəçiliyinin mükəmməlliyi təmin edilə bilməz. Dünya praktikası sübut edir ki, hüquqi dövlət və vətəndaş cəmiyyətində qanunun aliliyi qorunur və ictimai həyatda hüquqi normalara hörmət etməklə vətəndaş birliyi yaranır. Məhz bu baxımdan, YAP-ın uğrunda mübarizə apardığı əsas amallardan biri cəmiyyətdə qanunun aliliyini qorumaq, yalnız qanunlar çərçivəsində insanların və hakimiyyət orqanlarının fəaliyyətini tənzimləməkdir. Buna görə də, partiyanın ikinci əsas prinsipi qanunçuluqdur.
- Azərbaycançılıq, vətənçilik prinsipi: Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik və sosial mənşəyindən asılı olmayaraq, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı isə onların ümumi, bölünməz Vətəni, doğma yurdu hesab edir. Azərbaycan dövləti milli varlığımızın, birliyimizin, dinc və firavan həyatımızın təmin edilməsinin, hər kəsin hüquq və azadlıqlarının qorunmasının yeganə, etibarlı vasitəsidir. Odur ki, partiyanın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən Azərbaycançılıq və Vətənçilikdir.
- varislik, yaradıcı təkamül prinsipi: YAP-ın dördüncü əsas prinsipi özündə milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsini və onların yaradıcı təkamül yolu ilə inkişafını ehtiva edən varislikdir. Dövlətçiliyin varislik və yaradıcı təkamül prinsipinə əsaslanması həm cəmiyyətin, həm də ictimai şüurun inkişaf qanunauyğunluqlarından irəli gəlib tərəqqinin qüdrətli vasitəsinə çevrilir.
- konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi prinsipi: partiyanın beşinci əsas prinsipi vətəndaş həmrəyliyinə nail olmaq üçün Azərbaycanda fəaliyyət göstərən mütərəqqi və sağlam mövqeyə malik olan ictimai təşkilatlarla və partiyalarla fəal və konstruktiv əməkdaşlıq etməkdən, milli maraqlarımızın qorunması naminə bütün səviyyələrdə ümumi mənafeləri uyğunlaşdırmaqdan, başqa əqidədə olanlarla vicdanlı və açıq dialoqa hazır olmaqdan ibarətdir.
- sosial ədalət prinsipi: cəmiyyətdə müxtəlif təbəqələrin nümayəndələrinə bərabər imkanların yaradılması, sosial dövlət vasitəsilə sosial rifahın təmin olunması kimi başlıca məsələlər YAP-ın ideoloji siyasətində sosial ədalət prinsipi ilə ifadə olunub.
Beləliklə, sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəylik və bütövlüyü təmin edən mexanizm qismində çıxış edir. Eyni zamanda, bir neçə istiqamətdə xüsusi əhəmiyyət kəsb edir:
-YAP-ın ideoloji siyasəti sosiumda siyasi iştirakçılığın və sosiallaşmanın artmasına fundamental töhfələr bəxş edir. Beləliklə, vətəndaşların siyasi iştirakçılıq səviyyəsinin artması cəmiyyətdaxili dinamikanı artırır və milli inkişafı sürətləndirən mexanizm qismində çıxış edir;
- YAP-ın öz fəaliyyətində rəhbər tutduğu ideoloji prinsiplər cəmiyyətdə təşəkkül tapmış demokratik norma və dəyərlərin möhkəmlənməsinə mühüm töhfələr bəxş edib və bu proses hazırda da davam etməkdədir. Yeni Azərbaycan Partiyasının bilavasitə təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ictimai, siyasi və hüquqi anlamda mühüm əhəmiyyət kəsb edən qanunlar qəbul olunmaqdadır. Qüvvəyə minmiş qanunların tətbiqi mexanizmlərinin mükəmməl surətdə müəyyən olunması ictimai, siyasi, iqtisadi və hüquqi müstəvidə inkişafa yol açan əhəmiyyətli dəyişiklikləri şərtləndirən faktor kimi çıxış edir.
Beləliklə, Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri cəmiyyətdə milli dəyərlərin təşəkkül tapmasını və möhkəmlənməsini şərtləndirən, milli həmrəylik və bütövlüyü təmin edən mühüm institusional mexanizm qismində dəyərləndirilməlidir.

YAP-ın gənclər siyasəti ölkənin etibarlı gələcəyini təmin edir

Vurğuladığımız kimi, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndərin rəhbərlik etdiyi və Onun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, hələ 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ulu öndərin səsləndirdiyi fikirlər həm gənclərimizə, həm də ölkəmizin mövcudluğunu həzm edə bilməyən qüvvələrə önəmli mesaj idi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik".
Beləliklə, Ulu öndərə böyük inam və etimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və hakim Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ümummilli lider gənclərin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə aktiv cəlb olunması yönündə əməli addımlar atdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu həm gənclərin təhsil almasında, həm sosial-maddi problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi.
Zaman keçdikcə YAP-ın gənclərə olan diqqət və qayğısı artdı, gənc nəslə yönələn fəaliyyəti genişləndi. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu.
Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Təsadüfi deyil ki, məhz həmin vaxt Ulu öndərin Sərəncamı ilə 2 fevral tarixi Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü. Cənab İlham Əliyevin 2001-ci il 21 noyabrda YAP-ın II Qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi isə gənclərimizdə daha böyük ruh yüksəkliyi yaratdı.
Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.
Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir. Dövlət başçısının müvafiq sərəncamları ilə 2007-ci ilin "Gənclər ili" elan edilməsi, bu ilin iyul ayının 7-də isə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir.
YAP-ın Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür.

Yeni Azərbaycan Partiyası çoxşaxəli beynəlxalq əlaqələrə malikdir

Hazırda daxili siyasətdə aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.
YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl surətdə inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı" (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Qeyd edək ki, İCAPP-ın təsis toplantısı 2000-ci ilin sentyabr ayında, Filippinin paytaxtı Manila şəhərində keçirilib. Təşkilatın məqsədi regionun müxtəlif siyasi partiyaları arasında əməkdaşlığa və təcrübə mübadiləsinə nail olmaq və birgə səylərlə Asiya qitəsinin iqtisadi–ictimai inkişafına töhfələr verməkdir. Hazırda qitənin 300–dən artıq siyasi partiyası qurumun fəaliyyətində bu və ya digər formada iştirak edir. Əməkdaşlıq münasibətlərinin qurulduğu dövrdən etibarən, Yeni Azərbaycan Partiyasının nümayəndələri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə yaxından və fəal iştirak edir, qurumun iclaslarında səmərəli müzakirələr apararaq, təklif və layihələr iləri sürürlər. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 23-26 sentyabr 2009-cu ildə Astanada keçirilən V Baş Assambleyasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bu qurumun Daimi Komitəsinin üzvü seçilib. Onu da bildirmək yerinə düşər ki, İCAPP-a üzv olan partiylardan yalnız 18-i bu qurumun Daimi Komitəsində təmsil olunur.
Beləliklə, 22-23 noyabr 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirildi. Konfransın açılış mərasimində çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-ın təşkilatçılığı ilə Bakıda İCAPP-ın Gənclər Forumunun keçirilməsini və bu Assambleyada İCAPP-ın Qadınlar Təşkilatının yaradılmasını təklif edib. Sonra İCAPP VII Baş Assambleyasına sədrlik səlahiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevə verilib. Sədrlik səlahiyyətlərini rəmzi olaraq qəbul edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Məktubda Prezident İlham Əliyev İCAPP-ın fəaliyyətini yüksək qiymətləndirib və quruma gələcək fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı bu tədbirin, ümumiyyətlə, İCAPP-ın dünyada baş verən ictimai-siyasi proseslərə öz müsbət töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, bu ilin aprel ayında İCAPP-ın Qadınlar Qolunun ilk toplantısı, avqust ayında isə Gənclər Qolunun toplantısı Bakı şəhərində keçirilib. Bütün bunlar isə ölkəmizin, Yeni Azərbaycan Partiyasının beynəlxalq müstəvidə nüfuzunun göstəricisidir.
Bununla yanaşı, YAP-ın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Onu da qeyd etmək lazımdır ki, üzvlərinin sayı 600 mini ötən Yeni Azərbaycan Partiyası dünyanın aparıcı ölkələrində uzun illər fəaliyyət göstərən bir çox güclü partiyaların sırasına cəmi 21 ildə qatıla bilib. Deməli, bu partiya həqiqətən demokratik, hüquqi dəyərləri özündə cəmləşdirmiş gənc partiya kimi daim inkişafda, möhkəmlənməkdə, demokratik dünyaya inteqrasiya etməkdədir.

"Yeni Azərbaycan"ın Analitik Qrupu

http://mincom.gov.az

Xəbər 1264 dəfə oxunub