İKT Xəbərləri
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
Yanvarın 21-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya üzvlərini Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası çərçivəsində ölkə Prezidenti İlham Əliyevin ötən ilin iqtisadi göstəricilərini, o cümlədən informasiya-kommunikasiya sektorunun nəticələrini qiymətləndirməsi barədə məlumatlandırıb.
Nazir qeyd edib ki, ötən il qeyri-neft sektorunun payının artırılması davam edib ki, bu da hökumətin neftdən asılılığının azaldılması və elmi yönümlü innovasiyalı iqtisadiyyatın yaradılması üzrə elan etdiyi məqsədlərinə dəlalət edir. Əli Abbasov sevinc hissi ilə vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayaraq ən sürətlə inkişaf edən istiqamətlərdən biri olub.
Nazir çıxışında iştirakçılara rabitə və informasiya texnologiyaları sektorunun artımını əks etdirən bəzi rəqəmləri qısa şəkildə təqdim edib. Belə ki, rəsmi statistikaya əsasən, 2010-cu illə müqayisədə sektor üzrə gəlirlərin artımı 11,8 faiz təşkil edib, sektora təxminən 400 milyon dollar sərmayə yatırılıb.
Sabit telefon şəbəkəsinin tam rəqəmsal sistemə keçirilməsi üzrə işlər başa çatdırılıb. Mobil şəbəkədə də müsbət dinamika müşahidə edilməkdədir, əhalinin hər 100 nəfərinə 110 mobil telefon düşür.
İnternet istifadəçilərinin sıxlığı 65%, genişzolaqlı internetə çıxışa malik istifadəçilərin sayı isə 30%-i ötmüşdür. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35% aşağı düşmüşdür.
Bu ilin sonunda həyata keçiriləcək birinci telekommunikasiya peykinin buraxılması, elektron hökumətin formalaşdırılması kimi əhəmiyyətli layihələr üzrə işlər uğurla davam etdirilir, eləcə də elektron imzanın verilməsinə başlanılıb.
Regional səviyyədə Avro-Asiya Transmilli İnformasiya Supermagistralı və Avropa-Yaxın Şərq İnformasiya Magistralı layihələrin həyata keçirilməsi üzrə işlər aparılır.
Kollegiyada nazirin giriş nitqindən sonra nazirlik Aparatının rəhbəri Vidadi Zeynalovun 2011-ci ilin yekunları haqqında məruzəsi oxunub.
Bundan başqa, kollegiyada informasiya təhlükəsizliyi sahəsində cari vəziyyətlə bağlı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək respublikada İKT sektorunun qurulduğu ilk vaxtdan təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirildiyini qeyd edib. Bununla belə, internet və texnologiyaların inkişafı müsbət amillərlə yanaşı, informasiya təhlükəsizliyi riskləri kimi mənfi faktorlara da yol açıb. Elmir Vəlizadə çıxışında bu istiqamətdə əlavə, kompleks təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac olduğunu bildirib.
Bunun ardınca iclas iştirakçıları vətəndaşların RİTN-ə müraciətlərinə baxılması barədə hesabatı dinləyiblər.
Həmçinin tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri, RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.
İclasa yekun vuran nazir Əli Abbasov sektorda əldə olunan nailiyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib, iclasda səslənən bir sıra məsələlərin həlli istiqamətində tapşırıqlarını verib.
http://www.mincom.gov.az