Sitemap Feedback

  20.10.2011 
Bakıda “İnformasiya Texnologiyaları Evi”nin açılışı olub


Dünən Bakıda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) layihəsi çərçivəsində Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin bilavasitə dəstəyi ilə yaradılan “İnformasiya Texnologiyaları Evi”nin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, parlament deputatları və KİV nümayəndələri iştirak ediblər.
“İnformasiya Texnologiyaları Evi” – ittifaqın nəzdində yaradılan və tələbələrə informasiya texnologiyaları sahəsində biliklərini artırmaq üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulan mərkəzdir. Layihə çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mərkəzə 25 kompüter (20 masaüstü kompüter və 5 noutbuk) hədiyyə edib.
Mərasimdə çıxış edənlər tələbələri mərkəzin açılışı münasibətilə təbrik edərək informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətini qeyd ediblər. Xüsusilə vurğulanıb ki, gələcəyi artıq informasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil, gənclərin İT sahəsinə marağı isə gündən-günə artır və bu təqdirəlayiq haldır.
Gənclər və idman naziri Azad Rəhimov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək gələcəkdə də belə birgə layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tələbələri “İT Ev”in açılışı münasibətilə təbrik edərək vurğulayıb ki, nazirlik gələcəkdə də gənclərin yanında olacaq və lazımi dəstəyi göstərəcək.
Gənclər bizim gələcəyimizdir, İKT sahəsinə gəldikdə, onlar burada yaradıcı şəxslər olmaqla yanaşı, ən fəal istifadəçi və yeni texnologiyaları inkişaf etdirən insanlardır, deyə nazir müavini gəncləri “İT Ev”in yaratdığı imkanlardan səmərəli istifadə etməyə çağırıb.

www.mincom.gov.az