Sitemap Feedback

  18.10.2011 
Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib


Oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Mərasimə toplaşanlar dövlət başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. Azərbaycanın dövlət himni səslənib. Bunun ardınca ölkə Prezidenti tədbirdə nitq söyləyərək Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik edib. 
“Biz 20 il ərzində böyük yol keçmişik - müstəqillik yolu, suverenlik yolu, azadlıq yolu. İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyildir. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik. Ancaq biz hamımız, burada əyləşənlər, bu gün bizə baxanlar, bizim vətəndaşlarımız bilirik ki, müstəqil Azərbaycan üçün bu, birinci addımlardır. Müstəqil
Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaq. Müstəqil respublikamız əbədi yaşayacaq”, dövlət başçısı öz nitqində deyib.
Rəsmi qəbulda Azərbaycanın müstəqilliyin 20 ili ərzində bütün sahələrdə əldə etdiyi nailiyyətləri əks etdirən filmin nümayişi olub. Tədbir incəsənət ustalarının konserti ilə başa çatıb, AzərTac xəbər verir.

www.mincom.gov.az