13.10.2011 Azərbaycan və Avstriya İT və innovasiyalar sahəsində əməkdaşlıq haqqında sənəd imzalayıblar Dünən Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimi olub.
İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”u var.
Sənədi Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyinin baş direktoru Andreas Rayxhardt imzalayıblar.
Bundan başqa, “Krems Tətbiqi Elmlər Universiteti və Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və Krems Tətbiqi Elmlər Universitetinin icraçı direktoru Hayns Boyer imzalayıblar.
“SOCAR və OMV şirkətləri arasında enerji layihələri üzrə Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və OMV şirkətinin qaz və enerji məsələləri üzrə idarə heyətinin direktoru Gerhard Roiss imzalayıblar.
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Avstriya Respublikasının Federal Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Avstriya Respublikasının federal maliyyə nazirinin müavini Andreas Şider imzalayıblar. Məlumatı AzərTac yayıb. www.mincom.gov.az |