11.08.2011 Chrome ən sürətli brauzer adlandırılıb Compuware şirkətinin Gomez bölməsi istifadəçilərin müxtəlif brauzerlərində veb-saytların yüklənmə sürətinin ölçülməsi üzrə yeni araşdırmanın nəticələrini açıqlayıb. Bir ay ərzində mütəxəssislər tərəfindən 200-ə yaxın resursda 1,8 milyarddan artıq yüklənmə təhlil edilib.
Belə ki, saytların real açılması sürətinə görə birinci yerə Google internet-şirkətinin Chrome 12 brauzeri layiq görülüb. Bu brauzerdə saytın orta yüklənmə sürəti 3,433 saniyə təşkil edib.
Firefox 5 brauzeri yüklənmə sürətinə görə reytinqin ikinci pilləsində yer alıb. Firefox 5-in müvafiq göstəricisi 3,9 saniyə olub.
Apple Safari 5 və Microsoft Internet Explorer 9 ən zəif sürət göstəriciləri nümayiş etdirib. Safari 5-də saytlar orta hesabla 4,5 saniyəyə açılır, IE 9-da isə bu göstərici 4,5 saniyədən də artıqdır, Cnews yazır.
Xatırladaq ki, NSS Labs şirkətinin bu yaxınlarda dərc etdiyi hesabatda ən təhlükəsiz brauzer Internet Explorer 9 hesab olunub. SmartScreen aktivləşdirilmiş keçid filtrasiyası üzrə IE 9 mütəxəssislərin test çərçivəsində açdıqları 650 zərərli resursdan 92 faizinin qarşısını ala bilib.
Təhlükəsizlik reytinqinin ikinci yerinə Internet Explorer-in 8-ci versiyası layiq görülüb. Bu brauzerin xaker resursları ilə mübarizə sahəsində effektivlik göstəricisi 90 faiz təşkil edib.
Microsoft-un veb-brauzer bazarında əsas rəqibləri Safari 5, Firefox 4 və Chrome 10 məhsulları IE-dən təhlükəsizlik göstəricisinə görə xeyli geridədir. Belə ki, hər üç brauzer sözügedən test çərçivəsində açılan zərərli saytların yalnız 13 faizini bağlaya bilib. Ən zəif nəticə isə Opera 11 brauzerində müşahidə olunub – 5 faiz.
|