04.02.2010 Yaxın aylarda TASİM layihəsinə dair yekun qətnamə qəbul ediləcək Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) layihəsinə dair qətnamə layihəsi BMT-nin Baş Assambleyasında baxılması üçün təqdim edilmişdir. Yaxın aylarda yekun qətnamənin qəbulu gözlənilir. Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər. Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Məclisi İkinci Komitəsinin (İqtisadi və maliyyə) növbəti iclasında Azərbaycan tərəfindən irəli sürülmüş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) təşəbbüsünə dair qətnamə layihəsi yekdilliklə qəbul edilmişdir. Layihənin məqsədi Qərb və Şərq arasında super informasiya magistralının yaradılması, region ölkələrinin informasiya- kommunikasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsidir. Magistral Əfqanıstan və Pakistan da daxil olmaqla, Şərqi Avropa, MDB məkanı ölkələri, Türkiyə, İran və Mərkəzi Asiya dövlətlərini birləşdirəcək, həmçinin bu regionda dünyanın yeni, nəhəng transmilli informasiya şəbəkəsinin təşkili üçün əlverişli şərait yaradacaqdır. TASİM-in dünyanın 20-dən çox ölkəsini əhatə edəcəyi nəzərdə tutulmuşdur. http://www.mincom.gov.az/ |