Sitemap Feedback

  01.02.2010 
Azərbaycan Gəncləri günü qeyd olundu


Azərbaycan Gəncləri günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində də qeyd olundu. Bu münasibətlə fevralın 1-də birliyin "Konfrans zalı"nda gənclərin toplantısı keçirildi. Tədbiri giriş sözü ilə "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov açaraq gəncləri bayram münasibəti ilə təbrik etdi. Məhəmməd Məmmədov dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışdı. O qeyd etdi ki, Azərbaycan gənclərinin qazandıqları nailliyyətlər, onlara göstərilən dövlət qayğısı imkan verir ki, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətlərində gənclərimiz tərəfindən daha çox fəallıq nümayiş etdirilməlidir.

"Aztelekom" İB-nin Gənclər Təşkilatının sədri Vüsalə Niftəliyeva çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə qısa hesabat verdı. V.Niftəliyeva bildirdi ki, 2 fevral tarixinin Azərbaycan gəncləri üçün böyük önəmi var. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumu keçirildi. Bu, ölkədə gənclər hərəkatının vüsət almasına təkan verdi. Bu tədbir ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçirildi. Həmin günün əhəmiyyətini nəzərə alaraq, ümummilli liderimiz 2 fevral tarixini Gənclər Günü kimi elan edərək müasir Azərbaycan tarixinə yazdı.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Bəxtiyar Ələsgərov, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, YAP Yasamal rayon təşkilatının Gənclər birliyinin sədr müavini Sadiq Hacıyev çıxış etdilər. Çıxışlarda ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdikləri vurğulandı.

Tədbir iştirakçıları Azərbaycan gənclərinin hazırkı durumu, onların qayğıları və digər məsələlərlə bağlı fikir mübadiləsi etdilər. Səslənən digər çıxışlarda da xüsusilə vurğulandı ki, ulu öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar.

Tədbir "Aztelekom" İstehsalat Birliyinin 2009-cu ildə əldə etdiyi nailiyyətlərdə xüsusi əməyi olan, ictimai işlərdə fərqlənən gənclərin fəxri fərmanla təltif olunaraq qiymətli hədiyyələrlə mükafatlandırılması ilə yekunlaşdırıldı.