Sitemap Feedback

  26.01.2009 
RABİTƏ XİDMƏTLƏRİNİN HƏCMİ ARTMIŞDIR


Bakı, 26 yanvar (AzərTAc). Dövlət Statistika Komitəsindən bildirmişlər ki, 2008-ci ildə telekommunikasiya və poçt müəssisələri tərəfindən əhaliyə və təsərrüfat subyektlərinə faktiki qiymətlərlə 925,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox rabitə xidməti göstərilmişdir. Xidmətlərin 76 faizi bilavasitə əhali kateqoriyasını əhatə etmişdir.

Əldə olunmuş gəlirlərin 71,8 faizi mobil telefon rabitəsinin payına düşmüşdür. 2007-ci illə müqayisədə bu növ xidmətlərin məbləği 30,1 faiz artmışdır.

Rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 15,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonunda 16,4 faiz, Dağlıq Şirvan iqtisadi rayonunda 29,8 faiz, Şəki-Zaqatala iqtisadi rayonunda 17,8 faiz, Aran iqtisadi rayonunda 15,8 faiz, Lənkəran iqtisadi rayonunda 15,4 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 13,2 faiz artmışdır.