22.01.2009 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya iclası keçirilib Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir Əli Abbasov 2008-ci ilin Azərbaycan üçün uğurlu olduğunu bildirib və qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində sürətli inkişafa nail olunub. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə 16 yanvar 2008-ci il tarixdə Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında söylədiyi fikirlər haqqında ətraflı danışaraq vurğulayıb ki, son illər aparılan uğurlu daxili və xarici siyasət bütün sahələr kimi informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafına təkan verib. Nazir ölkə ərazisinin tamamilə telefonlaşdırılması, əhalinin internetə çıxış imkanlığının daha da asanlaşması, regionlarda genişzolaqlı internet xidmətlərinin tətbiqinin, ölkə ərazisində AzDataCom şəbəkəsinin, TAE fiber-optik kabel xəttinin genişləndirilməsi haqqında ətraflı məlumat verərək bütün bunların ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan mühüm addım kimi dəyərləndirib, həmçinin ölkədə internet və mobil rabitə tariflərinin endirilməsi istiqamətində də işlərin aparıldığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Nazir Dünya Bankı ilə birlikdə həyata keçirilən Maliyyə xidmətlərinin inkişafı layihəsinin tətbiqi nəticəsində poçt rabitəsində daha sürətli şəkildə inkişaf edəcəyini, həmçinin sərhəd bölgələrdə televiziya proqramlarının yayım keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə yeni avadanlıqların alınıb qurulması nəticəsində AzTV və İTV proqramlarının keyfiyyətli yayımının təmin edildiyini bildirib. Sonra nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyevin 2008-ci ilin yekunlarına həsr olunmuş məruzəsi dinlənilib. Hesabat ilində qazanılan nailiyyətləri diqqətə çatdıran R.Nəbiyev bildirib ki, 2008-ci il ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 28,1 faiz artaraq 990.5 milyon manat olub. Əldə edilmiş gəlirin 80,3 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən göstərilib. Sektorda əldə olunan gəlirlərin 71,8 faizi mobil operatorların payına düşməklə, 2007-ci illə müqayisədə artım tempi 30,1 faiz olub. Məruzədə bildirilib ki, 2008-ci ildə ÜDM-nin həcminin 10,8 faiz artaraq 38 milyard manat olmasına baxmayaraq, İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı artaraq 1,9 faiz təşkil edib. 2008-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-nin həcmi 14750,7 mln. manat təşkil edib və artım tempi 15,7 faiz olub. İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı isə 5 faiz təşkil edib. 2008-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə gəlir, proqnozlaşdırılmış 191.9 mln. manat proqnoza qarşı 225.2 mln.manat gəlir əldə edilib ki, bu da 2007-ci illə müqayisədə 36.0 mln. manat (19,0 faiz) çox olub. Birlik və müəssisələr tərəfindən 2008-ci il ərzində dövlət büdcəsinə 28.6 mln. manat, DSMF-yə isə 11.4 mln. manat vəsait ödənilib. Daha sonra nazirliyin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov, İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov, Naxçıvan MR rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov və başqaları investisiya layihələrinin uğurla həyata keçirilməsindən, göstərilən genişzolaqlı internet xidmətlərindən, Respublikada GSM standartında fəaliyyət göstərən mobil telefon operatorları arasında arabağlantı münasibətləri və qarşılıqlı hesablaşmaların tənzimlənməsi, Naxçıvan MR-da telekommunikasiya və poçt rabitəsinin inkişafı, ərizə və müraciətlərə baxılması, yeni iş yerlərinin yaradılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. İclasın sonunda Əli Abbasov yekun nitqi söyləyib, müzakirələrdə ortaya çıxan məsələlər və onların həlli yolları ilə bağlı müvafiq göstərişlər verib. http://www.mincom.gov.az |