10.04.2008 GƏNCƏDƏ MDB REGİONAL RABİTƏ BİRLİYİNİN ELEKTRORABİTƏ OPERATORLARI ŞURASININ VƏ ELEKTRORABİTƏ ÜZRƏ KOMİSSİYASININ BİRGƏ İCLASI KEÇİRİLİR AzərTAc-ın müxbiri xəbər verir ki, aprelin 9-da Gəncədə MDB Ölkələri Regional Rabitə Birliyinin Elektrorabitə Operatorları Şurasının və Elektrorabitə üzrə Komissiyasının birgə iclası öz işinə başlamışdır. Doqquz ölkədən 40-a yaxın nümayəndə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil qoymuşlar. MDB Ölkələri Regional Rabitə Birliyinin Elektrorabitə Operatorları Şurasının sədri, “Belarustelekom”un Baş direktoru Konstantin Tikar qurumun növbəti iclasının Gəncədə keçirilməsindən məmnun qaldığını bildirmiş və bununla da Azərbaycanın bölgələri ilə daha yaxından tanış olmaq imkanı əldə etdiklərini diqqətə çatdırmışdır. “Aztelekom” İstehsalat Birliyinin Baş direktoru Məhəmməd Məmmədov şuraya daxil olan respublikaların telekommunikasiya baş idarələrinin təmsilçilərini, eləcə də rabitə şirkətləri nümayəndələrini salamlayaraq, son bir ildə Azərbaycanın rabitə sistemində baş verən yenilikləri diqqətə çatdırmışdır. “AZEVROTEL”, “Baltelekom”, ”Transtelekom”, ”Rostelekom”, ”Ukrtelekom” və “SOVİNTEL” kimi nəhəng rabitə şirkətlərinin, eləcə də Qazaxıstan, Qırğızıstan, Moldova və Özbəkistan telekommunikasiya idarələrinin nümayəndələri çıxış edərək, ötən iclasdan keçən dövr ərzində görülmüş işlərdən, beynəlxalq aləmə inteqrasiya istiqamətində qarşıda duran vəzifələrdən danışmışlar. İki gün davam edəcək iclasda “Transtelekom” şirkətinin şuraya qəbul olunması, qurumun işçi qrupunun təklif etdiyi yeniliklər, şuraya daxil olan ölkələrdə nömrələmənin planlaşdırılması və yeni universal xidmətin təklif olunması, həmçinin şura üzvü olan rabitə operatorlarına əlverişli şəraitin yaradılması, əməkdaşlığın genişləndirilməsi kimi məsələlər geniş müzakirə olunacaqdır. Aprelin 10-da MDB ölkələri Regional Rabitə Birliyinin Elektrorabitə Operatorları Şurasının növbəti iclasının vaxtı və keçiriləcək yeri barədə qərar qəbul olunacaqdır. |