07.02.2007 Azərbaycan «Caspian Telecoms-2007» regional konfransda iştirak edəcək Azərbaycan «Caspian Telecoms-2007» regional konfransda iştirak edəcək Bu ilin aprelin 12-13-də İstanbulda Türkiyə, Xəzər və Qara dəniz regionları və MDB ölkələri üçün telekommunikasiya, kompüter texnologiyaları və investisiyalar üzrə «Caspian Telecoms-2007» VI konfransı və V mini-sərgisi keçiriləcək. Layihənin təşkilatçıları qismində beynəlxalq şirkətlər, ticarət-sənaye sərgiləri və konfranslarının peşəkar təşkilatçıları – ITE Group Plc. (Böyük Britaniya), EUF (Türkiyə) və ITE Moscow LLC. (Rusiya) şirkətləri çıxış edir. ITE Group-dan APA-ya verilən məlumata görə, konfrans və sərgi Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Moldova, Monqolustan, Əfqanıstan, Bolqrıstan, Yunanıstan, Rusiya, İran və Ermənistanın rabitə və milli telekommunikasiya nazirliklərinin himaçiliyi ilə keçiriləcək. İlk dəfə olaraq bu il tədbirə Çin, Pakistan və Rumıniya da qatılacaq. Xəzər və Qara dəniz ölkələrinin telekommunikasiya sahələri üzrə konfrans rabitə nazirləri, eləcə də dövlət telekommunikasiya şirkətlərinin telekommunikasiya və informasiya texnologiyaları sahəsində modernləşdirmə və özəlləşdirmə konsepsiyalarını beynəlxalq telekommunikasiya şirkətləri və investorlarına təklif edə biləcəyi platformadır. Konfrans kommersiya və dövlət telekommunikasiya təşkilatlarının aktual telekommunikasiya məsələlərini, o cümlədən telekommunikasiya təşkilatlarının lisenziyalaşdırılması, özəlləşdirilməsi, hüquqi və maliyyə problemləri ətraflı müzakirə edə biləcəyi forumdur. Toplantıda həmçinin seminarlar, eləcə də ölkələr və şirəktlər arasında tematik fikir mübadiləsi aparılacaq. Məruzəçilər, konfransın sponsorları və dəstəkləyici təşkilatlar telekommunikasiya sahəsinin mühüm iştirakçılarıdır və regionda sahənin inkişafı istiqamətində xeyli iş görüblər. İllik sammit nümayəndələrinin fikrincə, böyük maraq doğuran bu hadisə praktiki nəticəyə malikdir. Region operatorlarının yüksək texnoloji həllərə olan marağı yaxın gələcəkdə telekommunikasiya sahəsində onların daha sıx qarşılıqlı fəaliyyətini proqnozlaşdırmağa imkan verir ki, bu da nəzərdən keçirilən dövlətlərin keyfiyyətcə yeni inkişaf səviyyəsinə çıxmasına kömək edəcək. Dövlət nümayəndə heyətləri regional əməkdaşlıq və sosial-iqtisadi inkişaf, habelə milli və regional telekommunikasiya şəbəkələrinə sərmayə qoyuluşu məsələlərini müzakirə edəcəklər. Məlum olduğu kimi, son illər dünya siyasətində «Xəzər amili» adlanan amilin əhəmiyyəti güclənib, regiona diqqət artıb. Əksəriyyəti zəngin təbii potensiala malik olan və abunə bazasının inkişaf ehtiyatları getdikcə artan Xəzəryanı ölkələrin telekommunikasiya bazarına da maraq böyükdür. Adı çəkilən dövlətlərin rabitə və telekommunikasiya operatorlarının inzibati dairələrinin nümayəndələri ilə yanaşı, konfransda dünyanın bir çox ölkələrindən avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə qurumları, beynəlxalq təşkilatlar və s. iştirak edəcək. Qeyd edək ki, artıq bu günədək Azərbaycandan «AzEuroTel» Birgə Müəssisəsi, «Aztelekom» İstehsalat Birliyi, AB «SkyBell» şirkəti və «Azərrabitətikinti» SC sərgi-konfransın işində iştirak etmək niyyətində olduqlarını açıqlayıb. |