06.02.2007 Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İranın Radio və Televiziya Təşkilatı arasında protokol imzalanıb İranın Radio və Televiziya Təşkilatının (RTT) rəhbəri İzzətullah Zərqaminin rəhbərlik etdiyi nümayəndə heyətinin fevralın 1-dən 3-dək davam edən səfərinin nəticəsi olaraq, bu gün həmin qurumla Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında görüş protokolu imzalanıb. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, görüş zamanı tərəflər iki ölkə arasında TV və radio yayımları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və mövcud problemlərin tənzimlənməsi üzrə razılığa gəlib. Protokola əsasən, TV və radio yayımlarının tənzimlənməsi və koordinasiyası məqsədi ilə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrup yaradılacaq, onlar müvafiq təkliflər hazırlayacaqlar. İki ölkə arasında TV və radio yayımları üzrə koordinasiya zonası müəyyənləşdiriləcək. Qəbul olunmuş koordinasiya zonası hüdudlarında hər iki ölkənin mövcud və planlaşdırılan TV və radio yayımı stansiyalarının texniki parametrləri qarşılıqlı mübadilə ediləcək və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələrinə uyğun razılaşdırılacaq. İki ölkənin milli peyk şəbəkələrinin yaradılmasında və koordinasiyasında qarşılıqlı əlaqələr qurulacaq. TV və radio yayımı sahəsində yeni texnologiyaların tətbiqi ilə əlaqədar birgə təcrübə mübadiləsi aparılacaq, bu sahədə avadanlıqların istehsalı və alğı-satqısında qarşılıqlı əməkdaşlıq ediləcək. Nazirin sözlərinə görə, gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur: “Bu sənədə qədər bizim bir neçə işçi görüşümüz olub və biz onları sənədləşdirmişik. Belə yüksək səviyyədə razılaşmanı isə ilk dəfə edirik. Bu sənəd sonra hökumətlərarası sazişə çevrilə bilər”. |