Sitemap Feedback

  26.12.2007 
İmişli şəhər telekommunikasiya şəbəkəsi tam elektronlaşdırıldı


Son illərdə respublika iqtisadiyyatının əsaslı dəyişikliklərlə müşahidə olunan sürətli artımı, gerçəkləşən irimiqyaslı müxtəlif regional və beynəlxalq layihələr telekommunikasiyanın inkişafı və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi üçün yeni imkanlar yaratmışdır. Dövlət başçısı tərəfindən Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının prioritet sahə elan edilməsi ilə ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin yeni mərhələsinin başlanğıcı qoyulmuşdur. "Aztelekom" İstehsalat Birliyi də öz ənənəsinə sadiq qalaraq 2007-ci ili yüksək texniki-iqtisadi göstəriciləri ilə başa vurmuş, uğurlu nəticələr əldə etmişdir. İlin əvvəlindən 20,0 milyon manat məbləğində investisiya layihələri həyata keçirilmiş, 62 min nömrə tutumu, 442 km fiber-optik kabel magistralları və birləşdirici xətlər, 14 km uzunluğunda KSPP kabel xətləri, 30 minə yaxın abunəçi xətti istismara verilmişdir. ATS-lərin montaj olunmuş tutumları 30 min nömrədən çox artırılaraq 644 min nömrəyə çatdırılmış, regionlar üzrə elektronlaşma səviyyəsi 70,0%-i keçmişdir. 2007-ci ildə həyata keçirilmiş investisiya layihələri içərisində Şamaxı Rayon mərkəzi və kənd yaşayış məntəqələrində pilot NGN şəbəkəsinin yaradılması layihəsi özünün əhəmiyyətinə görə xüsusilə mühüm yer tutur. "Elektron Azərbaycan"ın kiçik bir modeli olan "Elektron Şamaxı" layihəsinin həyata keçirilməsi Şamaxı Rayon telefon şəbəkəsinin yeni, müasir NGN texnologiyası əsasında yenidən qurulmasını təmin etmiş, Şamaxı rayon mərkəzində və kənd yaşayış məntəqələrində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi üçün mühüm infrastruktur yaratmışdır. NGN şəbəkəsi Şamaxı rayon mərkəzində və kənd yaşayış məntəqələrində ənənəvi rabitə xidmətləri ilə yanaşı İP TV, İP telefon, "Triply play" və s. multi media xidmətlərinin və informasiya texnologiyalarının ən son yeniliklərini dəstəkləyən digər xidmətlərin göstərilməsini təmin edəcəkdir. Həyata keçirilmiş 2,9 milyon manat məbləğində investisiya layihələri nəticəsində telefon şəbəkəsinin ümumi tutumu 50%-ə qədər artırılaraq 11500 nömərəyə çatdırılmış, şəbəkə tam elektronlaşmışdır. Nəticədə "Aztelekom" İB üzrə telefon şəbəkələri tam elektron olan telekommunikasiya qovşaqlarının sayı 21-ə çatdırılmışdır.

2007-ci ildə Birlik tərəfindən həyata keçirilən investisiya layihələrindən öz əhəmiyyətinə görə xüsusilə fərqlənən layihələrdən biri də İmişli rayon mərkəzi ATS-inin tam rekonstruksiyasıdır. Dekabrın 24-də mərkəzi elektron ATS-in açılışı münasibətilə toplantı keçirildi.

İmişli Telekommunikasiya Qovşağının telefon şəbəkəsi ümumi tutumu 4456№ olan 2 şəhər ATS-ini (4200 nömrə ATSK-100/2000, 256 nömrə KAREL DS-200), 1000№ tutumlu CDMA tipli yeni simsiz telefon şəbəkəsini, tutumu 300 nömrə olan 1şəhər tipli qəsəbə ATS-ini və tutumu 2992 nömrə olan 16 kənd ATS-ini özündə birləşdirirdi. 2007-ci ildə rayon ərazisində 1000№ tutumlu CDMA tipli yeni simsiz telefon şəbəkəsi qurularaq istismara verilmişdir.

Yeni EATS-in istismara verilməsi ilə rayon mərkəzi ATS-i tam elektronlaşdırılır, tutumu 1048№ və ya 23,5% artırılaraq 5504№-yə çatdırılır. Şəbəkəyə 1184 kanal tutumu əlavə edilmişdir.

İmişli mərkəzi ATS-inin rekonstruksiyası ilə rayon telekommunikasiya şəbəkəsinin ümumi elektronlaşma səviyyəsi 84,7%-ə çatdırılmışdır ki, bu da Respublika üzrə orta göstəricidən xeyli artıqdır. İmişli mərkəzi ATS-inin rekonstruksiyası ilə "Aztelekom" İB-nin şəbəkəsində mərkəzi ATS-ləri tam elektron olan TKQ-lərin sayı 38-ə çatdırılmışdır.

"Elektron Şamaxı" və İmişli rayon mərkəzi ATS-inin tam rekonstruksiyası layihələrinin uğurla həyata keçirilməsi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Rabitə və İnformasiya Texnologiyalırının tətbiqinin genişləndirilməsi və xidmətin keyfəyyətinin yüksəldilməsi istiqamətində atılmış növbəti addımdır.