Sitemap Feedback

  25.12.2007 
Azərbaycan İP-telefoniyanı qanuniləşdirir


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə İnternet-telefoniya (IP-telefoniya) xidmətlərini qanuniləşdirmək niyyətindədir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun fikrincə, bu yeniliklər Nazirliyin tarif siyasətinə olan baxışlarını dəyişib və RİTN-i onları yenidən nəzərdən keçirməyə həvəsləndirib.

«Tədqiqatlarımız göstərir ki, bu gün respublikada İnternet trafik beynəlxalq telefon danışıqları trafikini xeyli üstələyib. Ölkədə IP-telefoniya xidmətlərinə maraq artır. Əgər əvvəllər həmin texnologiyadan istifadə olunması qanun pozuntusu kimi qəbul edilirdisə, bu gün onun inkişafını dayandırmaq, demək olar, qeyri-mümkündür. Respublikada yeni texnologiyaların inkişafı üçün qanunvericilik bazasını dəyişmək lazımdır. Hesab edirik ki, İnternet texnologiyaları əsasında məlumatların səsli ötürülməsi xidmətlərini leqallaşdırmaq və qanuniləşdirmək zəruridir», - deyə nazir qeyd edib.

İP-telefoniyanın cəlbediciliyi

Qeyd etmək lazımdır ki, səsin paket şəklində ötürülməsi üzrə digər texnologiyalarla müqayisədə məhz IP-telefoniya səsin bilavasitə abunəçiyə, özü də nəinki qlobal kanallardan, həm də lokal şəbəkələrdən istifadə etməklə ən müxtəlif miqyaslı həllərlə daha yüksək dərəcədə çatdırılmasına yönəldilib.

Məsələyə daha geniş yanaşsaq, IP-telefoniya İnternetlə telefoniyanın üstünlüklərini bir yerdə cəmləşdirən bir texnologiyadır. IP-telefon zəngində telefon operatoru heç cür iştirak etmədiyi üçün belə zəngin dəyəri ənənəvi telefon bağlantısının dəyərindən bir qədər azdır.

Abunəçilər bir tərəfdən səsin daxil edilib-çıxarılması sistemi olan kompüterə, digər tərəfdən isə planetin istənilən nöqtəsində yerləşən telefona malik olmalıdırlar. Bu prosesdə əsas rolu şlüz oynayır ki, o bir tərəfdən telefon xətləri ilə bağlıdır və dünyanın istənilən telefonu ilə birləşə bilər. Digər tərəfdən, şlüz İnternetlə bağlıdır və dünyada istənilən kompüterlə birləşə bilər. Server standart telefon siqnalını qəbul edir, onu rəqəmləşdirir, keyfiyyət itkisinə yol vermədən xeyli sıxır, eyni zamanda pauzaları aradan qaldırır, paketlərə bölür və İnternet protokolundan (TCP/IP) istifadə etməklə İnternet vasitəsilə təyinatı üzrə göndərir.

Bu rabitə növü həm abunəçilərə, həm də şirkətlərə ənənəvi voice-kanaldan 30-40% ucuz başa gəlir. Mütəxəssislərin sözlərinə görə, IP-telefoniya nəinki sərfəlidir, həm də çox rahatdır. Bununla əlaqədar, bir çox xarici şirkət IP-telefoniyanın beynəlxalq istiqamətini öz xidmətlərinə əlavə edir.
Əvvəllər IP-telefoniyaya olan yüksək maraq, ilk növbədə, beynəlxalq və şəhərlərarası danışıqlar zamanı uzaq rabitə operatorlarının kanalları vasitəsilə edilən ənənəvi zənglərlə müqayisədə vəsaitə xeyli qənaət etmək imkanlarından irəli gəlirdi. Lakin indi vendorlar getdikcə daha tez-tez qənaətə deyil, həmin texnologiyanın yeni servis imkanlarına diqqət yetirirlər.

IP-telefoniyanın inkişaf sürəti

Beynəlxalq təcrübə göstərir ki, bu gün IP-telefoniya tədricən ənənəvi telefon rabitəsini əvəz edir. Son illərin ən iri operatorlarının ən böyük layihələri onların şəbəkə infrastrukturunun IP-yə keçirilməsi və IP-servislərin tətbiqinə əsaslanır. Bu gün dünya üzrə beynəlxalq trafikin yarısından çoxu IP vasitəsilə ötürülür, halbuki 2000-ci ildə beynəlxalq səs trafikinin 1%-i, 2001-ci ildə 18%-i, 2002-ci ildə isə 33%-i IP-telefoniyanın payına düşüb.

Qeyd etmək lazımdır ki, ekspertlər 2006-cı il üçün IP-telefoniya xidmətlərinin bütün şəhərlərarası və beynəlxalq zənglərin təxminən 35%-ni təşkil edəcəyini («ESSL Technologies» şirkətinin məlumatları), 2010-cu il üçün isə bütün səs çağırışlarının 50%-nin İnternet vasitəsilə həyata keçiriləcəyi (MCI şirkətinin məlumatları) nəzərdə tuturdular. Göründüyü kimi, IP-telefoniyanın inkişaf tempi gözlənildiyindən qat-qat artıq olub.

IP-telefoniyanın gələcəyi

Son 2-3 ildə dünyada «abunə» IP-telefoniyası inkişaf etməyə başlayıb, yəni abunə terminalı kimi IP-telefon və ya IP-şlüz çıxış edir və səsli rabitə xidməti genişzolaqlı IP-qoşulma vasitəsilə gerçəkləşdirilir.

Telekommunikasiyaların gələcəyinə gəldikdə isə, bu gün o, IMS – IP Multimedia Subsystem abbreviaturası ilə əlaqələndirilir. 3G şəbəkələri (mobil rabitə şəbəkələri) arxitekturası kimi meydana çıxan IMS arxitekturası sürətlə naqilli şəbəkələrə də yayıldı. Hazırda telekommunikasiyalar bir növ dönüş dövrünü yaşayır. Beynəlxalq ekspertlərin proqnozlarına görə, bu «böyük dönüş»ün ən mühüm cəhətlərindən biri operator biznes-modellərinin yenidən qurulması olacaq ki, bu proses bütövlükdə dünya üzrə artıq başlayıb.

Həmin dəyişikliklər həm son bir neçə ildə veb-saytlarla rəqabət üzündən özlərini yaxşı hiss etməyən kütləvi informasiya vasitələrinə, həm də kontentə aid olacaq.

Azərbaycanda IP-telefoniyanın inkişaf proqnozları

RİTN-in istehsalat birlikləri bir müddətdən sonra həm naqilli, həm də naqilsiz kommunikasiyalar vasitəsilə təqdim edilən multiservis şəbəkəsi xidmətlərinin kütləvi inkişafına başlamaq niyyətindədir. Hazırda bir çox operatorlar, o cümlədən, «Azeurotel» Birgə Müəssisəsi (əvvəlcədən ödənilən kartlar vasitəsilə), «Catel», «Aztelecom» İstehsalat Birliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və s. IP-telefoniya xidmətləri göstərir.

Bu gün Wi-Fi standartında fəaliyyət göstərən və beynəlxalq zəngləri «Skype» (proqram müştərisi bazasında təqdim olunan səsli rabitə xidməti) vasitəsilə pulsuz həyata keçirməyə imkan verən mobil telefonlar mövcuddur. Bazarda provayderlər və ya İnternet-klublar tərəfindən «Skype», yaxud digər vasitələrin köməyilə istifadəçilərin məhdud dairəsinə göstərilən beynəlxalq rabitə xidmətləri mövcuddur, lakin bu, geniş yayılmayıb.

Azrbaycanın özəl şirkətləri IP-telefoniya xidmətlərinin lisenziyalaşdırılmasını zəruri hesab edir və bu onunla izah olunur ki, hər bir operator göstərdiyi xidmətin keyfiyyətinə görə məsuliyyət daşımalıdır. Bununla yanaşı qeyd edilir ki, lisenziyalaşdırma prosesi bütün təfsilatları ilə elə düşünülməlidir ki, lisenziyanın alınması şirkətlər üçün həlli müşkül problemə çevrilməsin.