06.02.2007 Lisenziyası olan İnternet provayderləri İnternet Telefoniya xidməti göstərə bilərlər Prezident İlham Əliyevin fərmanı ilə yanvarın 1-dən İnternet Telefoniya (IP) ölkə ərazisində xüsusi razılıqla həyata keçirilən rabitə xidməti kimi fəaliyyət göstərir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, çox səmərəli sistem olan İnternet Telefoniyanın İnternet provayderləri tərəfindən həyata keçirilməsi mümkündür: “İisenziyası olan provayderlər bu xidməti göstərə bilərlər”. İnternet Telefoniyanın beynəlxalq standartlara uyğun rabitə xidmətlərinin təşkilində də çox böyük rol oynayacağına əmin olan nazir “İntel”, “Microsoft” və “Cisco” şirkətlərinin Azərbaycana bəzi sahələrdə yardım göstərəcəyini də söyləyib: “Dövlət başçının Davosa səfəri zamanı böyük rabitə şirkətləri, o cümlədən “İntel”, “Microsoft” və “Cisco” şirkətlərinin rəhbərləri ilə görüşüb. Azərbaycanda elektron avadanlıqların istehsalı və ixracatı, insan potensialının inkişafı və s. məsələlərdə hər üç şirkətin rəhbəri aktiv iştirak edəcək. “Microsoft”un rəhbəri Bil Qeyts isə dövlət başçısına yüksək texnoloji tutumlu iqtisadi sektorlarının inkişafında Azərbaycanla geniş əməkdaşlıq edəcəyini çatdırıb”. |