Sitemap Feedback

  28.11.2007 
Azərbaycanda sürətli İnternetə qoşulma tariflərinin dünya üzrə orta qiymət səviyyəsinə endirilməsi üçün araşdırma aparılır


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sürətli İnternetdən biznes məqsədi ilə istifadə etməyən geniş əhali kütləsi üçün daha ucuz tarif paketlərinin təqdim olunması istiqamətində iş aparır.

Bu barədə «APA-ECONOMICS»ə məlumat verən Nazirliyin Informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov bildirib ki, hazırda Azərbaycanda İnternet provayderlər müxtəlif tarif paketləri təqdim edir: «Müxtəlif paketlərə baxanda onların arasında ucuzu da, bahası da var. Lakin məncə, bu sahədən bizim istifadəçilərin o qədər məlumatı yoxdur. Mənə verilən məlumata görə, axşam saat 21:00-dan səhər 09:00-a qədər 64-128 Gbit/saniyə sürətli İnternet xidməti var. Ay ərzində açıq olmaqla, onu 18 manata əldə etmək olar və bu, o qədər də baha deyil. Lakin bizim təhlil aparan mütəxəssislər genişzolaqlı, sürətli İnternetin biznes qurumlara, yəni İnternet kafelərə verilən qiymətini önə çəkirlər, bu da 600-700 dollardır. Təbii ki, bu, bahadır».

R.Gülməmmədov bildirib ki, nazirlik genişzolaqlı xidmətlərin, yəni sürətli İnternetə qoşulmağın qiymətinin dünya üzrə orta qiymətə endirmək üçün tələb olunan addımları atmağı planlaşdırır.

Şöbə müdiri onu da əlavə edib ki, bu gün Azərbaycanda İnternetə daha çox Dial-Up texnologiyası əsasında qoşulurlar. Modemlər isə 56 Gbit/saniyədən yüksək sürət almağa imkan vermir: «Dünyada Dial-Up texnologiyasından artıq demək olar ki, istifadə olunmur və daha çox genişzolaqlı xidmətlərdən istifadə edilir. Azərbaycanda da yeni yaradılan AzDATACOM şəbəkəsi imkan verir ki, hər bir evə genişzolaqlı və yüksək səviyyəli xidmət göstərilsin».