26.11.2007 Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin Bakutel-2007 sərgi-konfransının iştrakçılarına video müraciətindən hazırlanmış mətn Bakıda keçiriləcək Bakutel sərgisində böyük məmnuniyyətlə iştirak etmək istərdim, lakin bu əlamətdar tədbirə gələ bilməməyimə çox təəssüflənirəm. Bu konfrans Azərbaycanın növbəti illərdə İKT sahəsində planlaşdırdığı işləri nümayiş etdirir. İndiyə qədər Azərbaycanda gördüklərim məndə böyük təəssürat yaratmışdır. Mən Azərbaycanın tədqiqatlar, inkişaf, informasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi məqsədilə bir sıra təşəbbüslər irəli sürmüş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə öz salamlarımı çatdırmaq istərdim. Fikrimcə, bu sahədə öz sözünü demək üçün Azərbaycanın kifayət qədər resurslara malik olacağı mühüm bir faktdır. Belə düşünürəm ki, gələcək beş on il ərzində Azərbaycan neftdən iki yüz milyard ABŞ dolları gəlir əldə edəcək və bu məbləğin bir hissəsi Azərbaycanın inkişafı üçün qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə sərf oluna bilər. Beləliklə, biz belə bir qənaətə gələ bilərik: Bu gün dünya daha çox informasiya ətrafında mərkəzləşməkdədir. Informasiya müasir cəmiyyətin aparıcı qüvvəsidir. Əvvəllər isə enerji cəmiyyətin aparıcı qüvvəsi hesab edilirdi. Əlbbətə, enerji hələ də çox vacib əhəmiyyət kəsb etməkdədir, lakin informasiyanın təsiri çox aydın hiss edilir. Fikrimcə, Bakutel konfransı mühüm əhəmiyyət kəsb edir və 13-cü konfrans olmaqla informasiya texnologiyalarinin rolunu daha aydın şəkildə özündə əks etdirir. Mən daha konkret təkliflər irəli sürmək istərdim. Fikrimcə, regional mərkəzin yaradılması arzu olunan haldır. Regional mərkəzi “Azərbaycanın İnformasiya Texnologiyaları sahəsində Müasir Tədqiqatlar və İnkişaf Mərkəzi” də adlandırmaq olar. Ancaq ən mühüm məsələ ondan ibarətdir ki, orada çalışacaq insanların çox hissəsi Azərbaycandakı universitetlərdən, müəsisələrdən, hətta Türkiyə, İran, MDB ölkələri, Rusiya və ya dünyanın digər bölgələrindən gələn mütəxəssislər olacaq. Bu informasiya texnologiyalarının inkişafında xüsusi rolu olan, həmçinin yalnız sənaye sahələrinə deyil, həm də bütövlükdə cəmiyyətə xidmət göstərən bir mərkəzə çevrilə bilər. Düşünürəm ki, belə bir mərkəz yalnız dünyanın bir hissəsində deyil, eləcə də bir çox ölkələrdə mühüm rol oynayan bir mərkəz ola biləcək. Azərbaycana gəldikdə isə onu deyə bilərəm ki, ölkə bu proqramı reallaşdırmaq üçün kifayət qədər resurslara malikdir. Azərbaycanda belə bir təşəbbüsün irəli sürülməsi çox yaxşı fikir ola bilər. İnanıram ki, böyük potensiala malik insanları olan Azərbaycan bu işi həyata keçirə bilər. Azərbaycanda informasiya texnologiyaları sahəsində təhsilin gücləndirilməsi çox vacib məsələdir. Belə ki, professorlar, təhsil-tədqiqat mərkəzləri və məruzəçilər elm və texnologiyanın əsasları olan nanotexnologiya və bioinformatika sahəsində öz töhfələrini verəcəklər. Nəhayət, zənnimcə Azərbaycan bu məsələdə təşəbbüsü öz əlinə ala bilər. Azərbaycan hökumətinə öz salamlarımı çatdırmaq istərdim. Mən əminəm ki, Azərbaycan dövləti və onun prezidenti bu təşəbbüsün dəstəklənməsində əlindən gələni əsirgəməyəcəkdir. |