29.10.2007 Bakıda Xəzər İnteqrasiya İşgüzar Klubunun (CİBC) «Caspian IT & Communication Club» iclası keçirilib Bakıda keçirilən Xəzər İnteqrasiya İşgüzar Klubunun (CİBC) «Caspian IT & Communication Club» iclasında Azərbaycanın informasiya-kommunikasiya texnologiyası (İKT) sahəsində mövcud olan problemlər müzakirə olunub. Tədbirdə CİBC-in prezidenti və icraçı direktoru olan Telman Əliyev, Milli Məclisin iqtisadi siyasət komissiyanın sədri Ziyad Səmədzadə və digər rəsmi şəxslər və Azərbaycanın demək olar bütün kompyuter və proqram təminatı istehsalçısı olan şirkətlərinin nümayəndələri iştirak ediblər. Görüş çərçivəsində T.Əliyev qeyd edib ki, görüşün əsas məqsədlərindən biri yeni Gömrük Məcəlləsinin layihəsi ilə bağlı təkliflərin hazırlanmasıdır. «Biz istəyirik ki, şirkətlərin İKT üzrə təklifləri də nəzərə alınsun. Ümid edirəm ki, qısa müddət ərzində bu məsələni həll edə biləcəyik», - deyə T.Əliyev bildirib. Öz növbəsində Z.Səmədzadə qeyd edib ki, hazırda iqtisadi qanunvericilik üzərində işləyən mütəxəssislərin biznes ictimaiyyətinin nümayəndələri ilə dialoq aparmasına ehtiyac var. «Hazırda İKT-nin ÜDM-da xüsusi çəkisi o qədər də çox deyil, lakin bu göstərici yaxın vaxtlarda arta bilər. Milli Məclis bir neçə qanunvericilik aktı üzərində iş aparır, o cümlədən də Gömrük Məcəlləsinin layihəsi üzrə. İKT neft sektorundan sonra ikinci prioritet sahə sayılır və buna görə də İT sahəsində fəaliyyət göstərən iş adamları dövlətlə sıx əməkdaşlıq etməlidir. Bizim əsas vəzifəmiz İKT-nin ÜDM-da xüsusi çəkisini 20-25%-ə çatdırmaqdır», - deyə Z.Səmədzadə vurğulayıb. Görüş çərçivəsində Z.Səmədzadə həmçinin Gömrük Məcəlləsi ilə bağlı məsələlərin müzakirə olunması məqsədilə xüsusi işçi qrupun yaradılması təklifi ilə çıxış edib. |