06.10.2007 BAKIDA İƏT ÖLKƏLƏRİ POÇT İDARƏLƏRİNİN TOPLANTISI KEÇİRİLƏCƏKDİR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, oktyabrın 9-10-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) poçt idarələrinin dördüncü toplantısı keçiriləcəkdir. Tədbirdə ölkədə poçt xidmətləri sahəsinin inkişafı və İƏT ölkələrinin poçt idarələrinin toplantılarında qəbul olunmuş qərarların icrası haqqında məruzələr dinləniləcəkdir. Tərəflər İƏT ölkələri regionunda telekommunikasiya və poçt rabitəsinin inkişafı planına müvafiq olaraq, həmin ölkələrin bu sahədə əməkdaşlığı haqqında məsələləri müzakirə edəcəklər. Toplantıda poçt xidmətlərinin inkişafında özəl sektorun rolunun gücləndirilməsi, maliyyə xidmətlərinin göstərilməsi üzrə təcrübə mübadiləsi, birgə kursların və simpoziumların keçirilməsi, İƏT ölkələrində İKT sektorunun və elektron poçt xidmətlərinin inkişafı, ümumi filateliya sərgisinin təşkil olunması və digər məsələlər barədə məlumat veriləcəkdir. |