02.10.2007 Nazir Əli Abbasov: «Yaxın 10 ildə Azərbaycanın İKT sahəsində məhsul və xidmətlərin istehsalı 12 dəfə arta bilər» Azərbaycanın İKT sektorunda istehsal olunan malların və göstərilən xidmətlərin illik həcmi təqribən 1 mlrd. ABŞ dolları təşkil edir və nəzərdə tutulan kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində 2012-ci ilədək bu göstəricinin 4 dəfə, 2018-ci ilədək isə 10-12 dəfə artırılacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazir qeyd edib ki, Azərbaycanın belə yüksək göstəriciləri yaradılması nəzərdə tutulan regional innovasiya zonasının fəaliyyəti nəticəsində əldə edəcəyi gözlənilir. Regional innovasiya zonasının yaradılması üçün aparılan işlər artıq yekunlaşmaq üzrədir və problemlər yaranmayacağı təqdirdə bu zona gələn ildən yaradıla bilər. Ə.Abbasovun fikrincə, bu zona İKT sahəsində yeni tipli məhsul və xidmətlərin istehsalı və ixracına xüsusi şərait yaradacaq: «Biz ümidvarıq ki, bu zonanın fəaliyyəti üçün xüsusi güzəştlər olacaq. Bütün bunların əsasında isə qanun durur. Əgər parlamentin payız sessiyasında regional innovasiya zonası üçün ümumi çərçivə qanunu qəbul olunarsa, artıq digər problemlər olmayacaq». Nazir hesab edir ki, regional innovasiya zonalarının infrastrukturunun qurulması prosesinin hökumət tərəfindən təşkili nəzərdə tutulur. Məhsulların istehsalı, ixracı, elmi işlərin tətbiqi üçün isə kommersiya tipli layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu layihələrin dəyəri işlərin gedişindən asılı olacaq. |