Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilmişdir
Prezident İlham Əliyev konfransda iştirak etmişdir

Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.
Mərkəzdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasından bəhs edən sərgi açılmışdır.
Sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynamışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
2003-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçmişdir. Həmin dövrdə muxtar respublikada ümumi daxili məhsulun həcmi 13,9 dəfə, adambaşına ümumi daxili məhsul 12 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə artmışdır. Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə hərtərəfli yenidənqurma işləri aparılmışdır.
Sərgidə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, o cümlədən Fondun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumatlar da geniş əksini tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev konfransı giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin
giriş nitqi

- Bu gün biz Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasını müzakirə edəcəyik. Bildiyiniz kimi, ikinci Dövlət Proqramı bir ay bundan əvvəl başa çatdı. Beləliklə, bu proqramların müzakirəsinə ehtiyac vardır. Əslində, biz hər il bu proqramların icrasını müzakirə edirik. Hər il təhlil edirik və görüləcək işlər haqqında göstərişlər verilir.
2004-cü ildə birinci proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol oynamışdır. Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir.
Belə də oldu, proqram qəbul edildi. Birinci beşillik proqram demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur.
Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir.
Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir. Əlbəttə ki, sabitlik və düşünülmüş siyasət iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki istiqamət arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər.
İki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Ümumiyyətlə, keçən il iqtisadiyyat təqribən 6 faiz artmışdır.
Əlbəttə, 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axını başlamışdır. O illərdə iqtisadi artım daha çox neft amilinə bağlı idi. Ancaq biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə edə bilmişik. Bu sahədə də Azərbaycan təcrübəsi nümunə ola bilər. Şəffaflıq təmin edildi, neft gəlirləri artırıldı, eyni zamanda, əldə edilmiş gəlirlər iqtisadiyyatın real sektoruna, infrastruktur layihələrinə istiqamətləndirildi. Yəni, hesab edirəm ki, biz burada da çox düzgün balans saxlaya bilmişik. Valyuta ehtiyatlarımız ildən-ilə artır. Ancaq, eyni zamanda, ölkə iqtisadiyyatına böyük investisiya qoyulmuşdur. Bu investisiya hesabına sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası mümkün olmuşdur. İndi Azərbaycanı bunlarsız təsəvvür etmək mümkün deyildir.
Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir.
Əlbəttə, əldə edilmiş bütün bu nailiyyətlər statistik göstəricilərdə də əks olunur. Qeyd etdiyim kimi, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Ölkədə bir milyon 200 min iş yeri açılmışdır ki, onların 900 mini daimi iş yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Hesab edirəm ki, bu da dünya miqyasında, ən yüksək göstəricidir.
Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq. Qoyulan investisiyalar ya xaricdən cəlb edilən investisiyalardır, ya da ki, dövlət büdcəsindən ayrılan, o cümlədən Dövlət Neft Fondunun hesabına qoyulan vəsaitdir. Yəni, biz beynəlxalq maliyyə bazarlarından maliyyə resursları cəlb etməmişik. Yəni, onları çox aşağı səviyyədə cəlb etmişik ki, ölkə borclanmasın. Bu gün inkişaf etmiş ölkələrdə bu göstərici 100 faizdən də çoxdur. Ancaq Azərbaycanda 8 faizdir. Misal üçün, xarici dövlət borcunun 50 faizi ümumi daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30 milyard dollar kredit resurslarını alsaq, yenə də bu göstərici ən yüksək səviyyədə olacaqdır. Yəni, bu, Azərbaycanın iqtisadi potensialını əyani şəkildə göstərən amildir. Gələcək illərdə xarici borcun aşağı səviyyədə saxlanması hesab edirəm ki, düzgün siyasət olacaqdır.
Son on il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir. Son illərdə sərmayənin həcmi daha da artır. Keçən il rekord səviyyəyə çatmışdır, Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir. Bu da çox müsbət haldır. Düzdür, daxili sərmayələrin tərkibində dövlət investisiya xərcləri hələ ki, üstünlük təşkil edir. Bu da təbiidir. Çünki infrastruktur layihələri və ölkə iqtisadiyyatı üçün lazım olan digər proqramlar icra edilir. Ancaq özəl sektor da Azərbaycana investisiya qoyuluşunu artırır. Bu da ilk növbədə, ölkəmizdə hökm sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır. Çünki görüləsi işlər çoxdur.
Ümumiyyətlə, 160 milyard dollar həcmində qoyulan sərmayə Azərbaycan iqtisadiyyatına böyük təkan vermişdir. Bu müsbət meyllər güclənir. Gələcəkdə həm dövlət, həm özəl, həm xarici və daxili sərmayələrin qoyuluşu gözlənilir.
Azərbaycan, baxmayaraq ki, əsas neft kontraktları artıq imzalandı və icra edilir, yenə də xarici iş adamları üçün cəlbedici ölkə kimi çox maraqlıdır. Bu gün daha çox qeyri-neft sektorunun inkişafına vəsait qoyulur. Əlbəttə ki, biz bunu alqışlayırıq. Ölkəmizdə yaradılan investisiya iqlimi çox müsbətdir. Adambaşına düşən birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında ön sıralardadır.
Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir. Sahibkarlığın inkişafı üçün xüsusi tövsiyə planları da tərtib edilmişdir. Ölkə iqtisadiyyatında ən çox lazım olan sahələri inkişaf etdirmək üçün artıq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər ayrılır.
Beləliklə, biz son illər ərzində əsas ərzaq məhsullarımızla özümüzü daha da böyük səviyyədə təmin edirik. Mən bir neçə il bundan əvvəl qarşıya vəzifə qoymuşdum ki, biz özümüzü 100 faiz təmin edək. Hələ ki, buna çatmamışıq. Bu barədə danışacağıq. Ancaq sahibkarların fəaliyyəti hesabına və düşünülmüş dövlət siyasəti sayəsində bu istiqamətdə də çox ciddi addımlar atılmışdır.
Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni, dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir.
Son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi. Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır. Azərbaycanda 10 il ərzində 17 elektrik stansiyası tikilmişdir. Onların ümumi generasiya gücü 2300 meqavatdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi generasiya gücümüz 6300 meqavatdır. Onların 2300-ü son on il ərzində yaradılmışdır. Əgər bu elektrik stansiyaları tikilməsə idi, bu gün ölkəmizin təxminən 30 faizi işıqsız qalardı və heç bir sənaye inkişafından söhbət gedə bilməzdi. Çünki Azərbaycanda sənayenin inkişafı əlbəttə ki, infrastruktur layihələri ilə təmin edilməlidir. Ona görə biz, ilk növbədə, elektrik stansiyalarının yaradılması ilə məşğul olduq. Deyə bilərəm ki, bu gün enerji təhlükəsizliyimizi artıqlaması ilə tam təmin etmişik. Hazırda bizim təxminən 600-700 meqavat həcmində ixrac potensialımız vardır.
Ancaq Azərbaycan dinamik şəkildə inkişaf edir. Əhali artır, iqtisadiyyat inkişaf edir. Bizim gələcək sənaye inkişafımızla bağlı böyük planlarımız vardır. Azərbaycan yüksək texnologiyaları ilə özünü göstərəcəkdir. Azərbaycan müasir industrial ölkəyə çevriləcəkdir. Yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaranacaqdır. Ona görə enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ona görə gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji növlərinə də əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu istiqamətdə də ciddi addımlar atılmışdır.
Son on il ərzində qazlaşdırma ilə bağlı böyük işlər görüldü. Bu, həm sosial, eyni zamanda, iqtisadi məsələdir. Çünki qaz olmayan yerlərdə insanlar daha çox elektrik enerjisindən istifadə edirlər. Bu, həm onlar üçün iqtisadi cəhətdən çox səmərəsizdir, eyni zamanda, elektrik enerjisinə tələbat artır. Belə olan halda əlbəttə ki, qazlaşdırma layihələrinə üstünlük verildi. Hazırda ölkəmizin bütün şəhərləri, kəndlərin əksəriyyəti qazlaşdırılıb və ümumilikdə Azərbaycanda təqribən 90 faizə yaxın qazlaşdırma təmin edilibdir. Ancaq əlbəttə, bəzi kəndlərə hələ ki, qaz xətləri çəkilməyib. Bu, proqramda vardır. Növbəti beş il ərzində qazlaşdırmanın səviyyəsi 95-96 faizə çatdırılmalıdır.
Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə, magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir. Burada əyləşən bütün rayonların icra başçıları bu işlərə fəal şəkildə cəlb edilmişlər. Mən hər bir rayonda olarkən onlardan daha yeni təkliflər alıram. Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Növbəti beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır.
Sosial infrastrukturun yaradılması ilə bağlı son on il ərzində böyük işlər görülmüşdür. Su layihələri icra edilir. Mən su layihələrini sosial infrastruktur layihələrinə aid edirəm. Çünki bu, ilk növbədə sosialyönümlü tədbirlərdir. Bu gün ölkəmizin hər bir şəhərində içməli su, kanalizasiya layihələri icra edilir. Bir neçə şəhərdə artıq bu layihələr başa çatıb. Mən açılışlarda iştirak etmişəm. Artıq insanlara 24 saat ərzində fasiləsiz olaraq Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində keyfiyyətli su verilir. Növbəti beş il ərzində bütün şəhərlərdə və əksər kəndlərdə yeni su xətləri çəkiləcək, kanalizasiya sistemi qurulacaqdır. Beləliklə, bütün dövrlərdə Azərbaycan xalqına böyük əziyyət verən su qıtlığı problemi aradan götürüləcəkdir.
Digər sosial infrastruktur layihələri icra edilmişdir, 2700 məktəb tikilmişdir. 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. 41 Olimpiya İdman Kompleksi yaradılmışdır, 8-i hələ tikilir və yenə də tikiləcəkdir. Bizim mədəniyyət ocaqları bərpa edilib.
Yəni, regional Dövlət proqramlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün sahələr orada əhatə edilir. 2009-cu ildə qəbul olunmuş proqram mətbuatda da dərc edilib. Hər bir vətəndaş oxuya bilər, onun rayonunda, kəndində hansı işlər görüləcəkdir. Bu iki proqramın formalaşmasında Azərbaycan vətəndaşları fəal iştirak etmişlər. Çünki bu proqramlar yerlərdən gələn təkliflər hesabına yarandı. Yerlərdə yaşayan insanlar daha yaxşı bilirlər ki, orada hansı işlər görülməlidir, ilk növbədə hansı problemlər öz həllini tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət büdcəsi qəbul edilərkən proqramın icrası, investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar konkret xarakter daşıyır.
Ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir.
Bu illər ərzində Azərbaycan böyük uğurlara imza atmışdır. Şəhərlərimiz abadlaşdı. Hər bir şəhərdə, hər bir rayonda abadlıq işləri görülür, ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar abadlaşır. Əlbəttə ki, Bakı hər bir şəhər üçün nümunədir. Bakı bu gün artıq dünya miqyasında ən gözəl şəhərlərdən biridir, dünyanın ən gözəl şəhərlərindən biridir. Əlbəttə, təbiidir ki, digər şəhərlər də Bakıya oxşamaq istəyir. Ancaq hər bir şəhərin öz xüsusiyyəti, tarixi, özəlliyi vardır. Əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək üçün normal, yaxşı şərait yaradılsın.
Bu gün Azərbaycan dövləti güclü dövlətdir, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Biz bu təhlükəsizliyi, ictimai asayişi, iqtisadi inkişafı təmin edirik. Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bizim hər bir məsələ ilə bağlı öz fikirlərimiz, mövqeyimiz vardır. Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün ilk növbədə, daxildə bütün işlər lazımi səviyyədə təşkil edilməlidir. Əlbəttə ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə gücləndirmişdir.
Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri həll edilir. Nəqliyyat təhlükəsizliyi həll olunur. Bu gün biz dünya üçün, nəinki qitə üçün, dünya üçün nəqliyyat mərkəzinə çevrilirik. Əlbəttə ki, infrastruktur layihələri bizim coğrafi vəziyyətimizi daha da yaxşılaşdırır. Çünki infrastruktur, logistika, nəqliyyat infrastrukturu olmadan heç bir coğrafi vəziyyət heç bir məna daşımır. Necə ki, təbii resurslar. Dənizin altında, dərinlikdə yerləşən təbii resurslar çıxarılmasa, heç bir dəyəri yoxdur. Ancaq o dəyər təbii resurslar çıxarılanda yaranır. Ona görə, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi bizim əsas diqqət yetirdiyimiz sahələrdir və hər istiqamət üzrə gözəl nəticələr vardır.
Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. “Əsrin kontraktı”, yəni XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı imzalanmışdır. Bu salonda böyük tədbir keçirilmişdir. Müxtəlif ölkələrdən dövlət, hökumət başçılarının iştirakı ilə tədbir keçirilmişdir. Azərbaycan əsas iqtisadi yükü və əsas məsuliyyəti öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik və biz liderlik göstərərək bu layihələri, böyük layihələri icra edə bilərik.
Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın əlindədir. Biz inamla irəliləyirik. Qarşıda duran bütün vəzifələri icra edirik. Ölkəmizin hərtərəfli inkişafı üçün çalışırıq. İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan bu inkişaf və tərəqqi əlbəttə ki, bizi daha da gücləndirir.
Bu gün biz görülən işlərlə bağlı məruzələri dinləyəcəyik. Burada daha da konkret fikirlər, faktlar səslənəcəkdir. Üçüncü Dövlət Proqramının qəbul edilməsi ilə bağlı işlər artıq görülür. Artıq bir neçə aydır ki, üçüncü Dövlət Proqramı hazırlanır və qəbul ediləcəkdir. Beləliklə, növbəti beş il üçün bir fəaliyyət planı tərtib ediləcəkdir.

X X X

İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 10 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür.
Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan Dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Nəticədə 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun 900 mini daimidir.
Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən daha yüksək olmuşdur. Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Möhtərəm cənab Prezident! Sizin 10 il ərzində bölgələrə səfərləriniz çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakınız, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağınız, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə imzaladığınız 240 sərəncam regionların inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir.
Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.
Proqramların icrası ilə bağlı konfranslarda verdiyiniz tapşırıqların yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir.
Regionların inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə 10 ildə yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılmış, nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bundan əlavə, son 10 ildə su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunmuşdur. Bu obyektlər aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirir, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaradır.
Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilmiş, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet, 48-i isə genişzolaqlı internet istifadəçisidir.
Regionlarda “ASAN xidmət”in fəaliyyətə başlaması göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artırmış və əhalinin gündəlik həyatını asanlaşdırmışdır.
Hesabat dövründə əhəmiyyətli ekoloji tədbirlər həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi iki dəfə artırılaraq 900 min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və bəzək kolu əkilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Cənab Prezident!
Proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olmuşdur. Fondun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açmışdır.
Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə yerləşdirilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.
Möhtərəm cənab Prezident, Sizin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinizə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, 10 il ərzində regionlarda 100 mindən çox sahibkarın iştirakı ilə 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.
Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görmüş, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi Broyler”də həyata keçirilən layihələrdə iştirak etmişdir.
Bu tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.
Sözsüz ki, müasir tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin inşası ilə bərabər, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır.
Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü üzrə işlər davam etdirilir.
2014-cü ilin “Sənaye ili” elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək və sənayeləşməni sürətləndirəcəkdir.
Cənab Prezident, İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasətiniz, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz nəticəsini vermiş, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Sizin göstərişinizə əsasən yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılmışdır. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır.
Aqrar sektorda emalçılar ilə istehsalçılar arasında münasibətlərin tənzimlənməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins heyvandarlıq ailə təsərrüfatlarının yaradılmasına başlanılmışdır. Bu mexanizm ət və süd məhsulları istehsalının artırılmasında, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunmasında, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, kiçik sahibkarlığın daha sürətli inkişafında əhəmiyyətli olacaqdır.
Hesabat dövründə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilmişdir.
Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilmiş, sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatdırılmış, quş əti istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən sənaye üsulu ilə 2,6 dəfə artaraq 55 min ton olmuşdur. Görülmüş tədbirlər nəticəsində quş əti idxalı 73 faiz azalmışdır.
Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı artmış, özünütəminetmə səviyyəsi yüksəlmişdir.
Eyni zamanda, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksinin və illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal və ixrac imkanları xeyli artmışdır.
Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır.
Cənab Prezident! Ötən konfranslarda yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və ərzaq məhsullarının ixracının artırılması ilə bağlı verdiyiniz göstərişlərin icrası məqsədilə ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqətdə saxlanılmış, qablaşdırma, saxlanma, daşınma imkanlarının artırılması üzrə layihələr həyata keçirilmiş, Aktau şəhərində logistik mərkəzin yaradılmasına başlanılmışdır.
Ümumilikdə, 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artmışdır.
Ötən müddətdə 14 beşulduzlu otel də daxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaratmışdır.
Möhtərəm cənab Prezident!
Regionların müəllifi olduğunuz inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir.
Sizin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasətiniz bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram!

X X X

Nəqliyyat naziri Ziya MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikası regionlarının inkişafı, ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə 2009-2013-cü illərə dair qəbul edilmiş Dövlət Proqramında Nəqliyyat Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası, cənab Prezident, Sizin diqqət və dəstəyiniz sayəsində tərəfimizdən təmin edilmiş, bu istiqamətdə müvafiq işlər görülmüş, yerli və regional əhəmiyyətli layihələr həyata keçirilmişdir.
Dövlət Proqramında yol-nəqliyyat kompleksinin – dəmir yolu, avtomobil, hava, su nəqliyyatı və avtomobil yolları sahələrində müasir infrastrukturların yaradılması üzrə 64 tədbir nəzərdə tutulmuşdur ki, bunların icrası barədə məlumatları ali diqqətinizə məruzə etmək istərdim.
Proqram çərçivəsində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunmuşdur.
Abşeron iqtisadi rayonu üzrə 174 kilometr yol, 18 körpü, Gəncə-Qazax iqtisadi rayonu üzrə 626 kilometr yol, 21 körpü, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 206 kilometr yol, 34 körpü, Lənkəran iqtisadi rayonu üzrə 168 kilometr yol, 25 körpü, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 293 kilometr yol, 30 körpü, Aran iqtisadi rayonu üzrə 1068 kilometr yol, 26 körpü, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 96 kilometr yol, Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 386 kilometr yol və 10 körpü tikilmiş və yenidən qurulmuşdur.
Proqramın magistral avtomobil yollarının yenidən qurulması bölməsi üzrə Bakı–Ələt-Gürcüstanla dövlət sərhədi, Bakı–Quba–Rusiya ilə dövlət sərhədi, Ələt–Astara–İranla dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri davam etdirilmiş, Bakı–Hacıqabul-118 kilometr, Yevlax–Gəncə-87 kilometr, Gəncə dövrələmə - 39 kilometr, Bakı–Gəndob-132 kilometr və Ələt–Kürsəngi-30 kilometr avtomobil yolları 4 zolaqlı - birinci texniki dərəcəyə, Bakı–Şamaxı-118 kilometr və Hacıqabul – Bəhramtəpə istiqamətində 50 kilometr avtomobil yolları isə ikinci texniki dərəcəyə uyğun çəkilmişdir. Beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələrinin də 4 zolaqlı olmaqla yenidən qurulması işləri davam etdirilir.
Eyni zamanda, Qusar-Əniğ-Ləzə-39 kilometr, Şəki-Qax-35 kilometr, Qəbələ-Oğuz - 46 kilometr, Ağstafa-Poylu-Sadıxlı - 59 kilometr, Ağdaş-Ləki - 12 kilometr, Goran-Naftalan - 18 kilometr və digər yerli əhəmiyyətli avtomobil yolları da yenidən qurulmuşdur.
Möhtərəm cənab Prezident, proqramda nəzərdə tutulmuş tədbirlərdən əlavə, regionlara etdiyiniz çoxsaylı səfərlər zamanı bölgələrdə avtomobil yollarının yenidən qurulması və təmiri ilə bağlı imzaladığınız sərəncamlara əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayırdığınız vəsaitlər hesabına 1334 kilometr kəndləri rayon mərkəzləri ilə birləşdirən və kəndlərarası yollar əsaslı təmir edilmişdir.
Proqrama uyğun olaraq, Bakı şəhərində yol şəbəkəsinin inkişafı məqsədilə 379 kilometr yol çəkilmiş, müxtəlif səviyyəli 40 yol qovşağı, körpü və tunel tikilmiş və yenidən qurulmuş, vətəndaşların təhlükəsizliyini təmin edən 37 piyada keçidi inşa edilmişdir.
Bakı şəhərində hərəkətin və nəqliyyat axınlarının idarə olunması, ictimai nəqliyyatın işinin təkmilləşdirilməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Sistemi yaradılmışdır. Paytaxtda və bölgələrdə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi, nəqliyyat parkının və infrastrukturun yeniləşdirilməsi üzrə tədbirlər həyata keçirilmişdir.
Sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kiçik tutumlu 4700 mikroavtobus, iri və orta tutumlu 2240 müasir sərnişin avtobusu ilə əvəz edilmiş, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və magistral yollarda 750-dən artıq avtobus dayanacağı quraşdırılmış, 130-a yaxın taksi dayanacağı yaradılmışdır. Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Qax, Quba, Yevlax, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar, Ucar və Tovuz avtovağzalları yenidən qurulmuşdur. Daşkəsən, Horadiz və Gəncədə isə yeni avtovağzalların tikintisi aparılır.
Regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə şəhərlərarası və rayonlararası xətlərdə marşrutların sayı 1,2 dəfə artmışdır. Eyni zamanda, Bakıdan və respublikanın digər şəhərlərindən qonşu ölkələrə 21 beynəlxalq marşrut üzrə 310 avtobus sərnişinlərə xidmət göstərir.
Qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikası əhalisinin Bakı şəhərinə gediş-gəlişinin asanlaşdırılması üçün İran ərazisindən keçməklə avtobus marşrutu təşkil olunmuş və gündəlik olaraq 5 reys həyata keçirilir.
Dəmir yolu nəqliyyatında struktur islahatları aparılmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Dəmir yolu infrastrukturunun yeniləşdirilməsi üzrə 318 kilometr yol, Saatlı-Becar və Çarxı-Sarvan mənzillərində 2 dəmir yolu körpüsü tam yenidən qurulmuş, Ağstafa rayonunda Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi, Yevlax rayonunun ərazisində isə mövcud körpünün bərpası yekunlaşmaq üzrədir. Həmçinin vağzal və stansiyaların təmiri, sərnişin vaqonlarının və lokomotivlərin tərkibinin yeniləşdirilməsi, rabitə, işarəvermə və elektrik təchizatı sistemlərinin yenidən qurulması həyata keçirilir.
Regionun ən böyük nəqliyyat layihələrindən biri olaraq Avropa və Asiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılmışdır. Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı cari ildə istismara hazır olacaqdır. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.
Möhtərəm cənab Prezident, ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilmişdir.
Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur.
Zati-aliləri, Sizi əmin etmək istərdim ki, gələcək illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında Nəqliyyat Nazirliyinə həvalə edilən tədbirlərin yerinə yetirilməsi tam təmin olunacaqdır.
Diqqətinizə görə minnətdaram!

X X X

Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Azərbaycanda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm həlqələrindən biri olan regionların sosial- iqtisadi inkişafı Dövlət proqramları ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olmuşdur. Hələ 2003-cü ildə maliyyə resurslarının çatışmadığı bir dövrdə belə proqramların icrasının kifayət qədər riskli olmasına baxmayaraq, cənab Prezident, Siz öz qəti niyyətinizi və iradənizi ortaya qoymaqla bu sənədi təsdiq edərək reallaşdırılması çətin olan bir çox digər layihələr kimi, bu niyyətinizi də gerçəkliyə çevirdiniz. Məhz bunun nəticəsidir ki, hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları iqtisadi inkişafın əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilmişdir. Ona görə də başlıca strateji hədəfi qeyri-neft sahələrinin inkişafı olan bu proqramın icrası nəticəsində aqrar sektorun çoxsahəli sabit inkişafının təmin edilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, 2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır. Kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsində də əhəmiyyətli artımlara nail olunmuşdur. Bu amillər hesabına həmin dövrdə bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq 2 milyard 627 milyon manat təşkil etmişdir. Heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək və yaxud təxminən 3,8 dəfə artaraq ümumi kənd təsərrüfatı məhsulunun strukturunda payı 49,5 faizə çatmışdır.
Heyvandarlıqda həyata keçirilən islahatlar nəticəsində mal-qaranın baş sayının sabit templə artımına nail olunmuşdur. Belə ki, 2004-2013-cü illər ərzində iribuynuzlu mal-qaranın baş sayı 17,1 faiz artaraq 2 milyon 713 minə, qoyun və keçilərin baş sayı 15,6 faiz artaraq 8 milyon 661 minə, quşların sayı isə 40,1 faiz artaraq 25,5 milyona çatmışdır. İribuynuzlu mal-qaranın baş sayının 17,1, qoyun və keçilərin baş sayının 15,6 faiz artması müqabilində intensiv inkişaf, yəni, onların cins tərkibinin dəyişdirilib, daha məhsuldar cinslərlə əvəz edilməsi həmin dövrdə ət istehsalının 51,3, süd istehsalının 49,9, yumurta istehsalının isə 68,9 faiz üstün artımına səbəb olmuşdur.
Son 10 ildə torpaqların istifadə vəziyyətinin statistik təhlili göstərmişdir ki, 2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ilə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkin aparılmışdır ki, bu da əkin sahəsinin demək olar tam həcmdə dövriyyəyə cəlb olunduğunu göstərir.
Respublikanın ümumi ərazisinin 52,4 faizi kənd təsərrüfatına yararlı torpaqlardır. Təhlil göstərir ki, bir tərəfdən əhalinin təbii artımı ilə, digər tərəfdən isə torpaqların müxtəlif deqradasiya proseslərinə uğraması, tikinti işlərinin aparılması, eləcə də qlobal iqlim dəyişikliyi və sair səbəblərdən adambaşına düşən əkin sahəsinin azalması tendensiyası gözləniləndir. Ona görə də bir tərəfdən kənd təsərrüfatına yararlı torpaqların maksimum intensiv istifadə edilməsi ilə yanaşı, ekstensiv istifadə imkanlarından faydalanmağa, yəni, digər sahələrdə mövcud olan əkinəyararlı sahələrin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə əlavə olunmasına zərurət yaranmaqdadır.
Möhtərəm cənab Prezident, Sizin Sərəncamınızla 2004-cü ildə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılmış, təkrar istifadədən qaytarılan 179 milyon manat və eləcə də müxtəlif mənbələrdən ayrılan 13 milyon manat da daxil olmaqla, onun investisiya portfeli 650 milyon manat təşkil etmişdir. Bu vəsaitlər hesabına həmin dövrdə 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq 6591 nəfər müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynamışdır. Eyni zamanda, torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq məqsədilə 121 milyon manat dəyərində 400 min ton müxtəlif növ mineral gübrələr alınmış, heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədilə 2009-cu ildən başlayaraq Sizin göstərişinizlə 9306 baş ətlik və südlük istiqamətdə iribuynuzlu damazlıq heyvanlar və 1321 baş yüksək məhsuldarlı cins keçilər alınaraq güzəştli şərtlərlə lizinqə verilmişdir. Məlumat üçün ali diqqətinizə məruzə edirəm ki, Sizin qayğınız nəticəsində Prezidentin ehtiyat fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına qarşıdakı 3-4 ay ərzində dünyanın ən tanınmış şirkətlərindən 470 ədəd yeni kombayn və yerli istehsal olan “Belarus” tipli 600-dən artıq traktor alınıb istifadəyə veriləcəkdir ki, bu da əvvəlki illərdə alınmış bütün işlək kombaynların təxminən yarısına bərabər olmaqla texniki təchizatda dönüş nöqtəsi yaradacaqdır.
Hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnmiş, ötən dövr ərzində onlara istifadə edilən yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi, eləcə də buğda və toxum istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ümumilikdə 663 milyon manat həcmində subsidiyanın verilməsi təmin olunmuşdur. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, hazırda dünyada səslənən yeni çağırışlar və Sizin strateji hədəf və niyyətləriniz fonunda hələ də bu sahədə görəcəyimiz işlər mövcuddur ki, onların icrası üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm. Belə ki, rayon və şəhərlərdə pərakəndə halda fəaliyyət göstərən struktur bölmələrinin bazasında vahid kənd təsərrüfatı siyasətinin həyata keçirilməsini təmin edən ərazi idarələrinin yaradılması, baytarlıq və fitosanitar xidmətlərinin özəlləşdirilməsi, elmi-tədqiqat institutlarında işin təşkilinin və strukturunun təkmilləşdirməsi və yeni tələblərə uyğunlaşdırılması, aqrar sahədə risklərin sığortalanması işinin beynəlxalq təcrübəyə uyğun təşkil edilməsi, kənd təsərrüfatına yararlı torpaq sahələrinin qeyri-qanuni istifadəsi ilə bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi, süni mayalanma texnologiyasının intensiv tətbiqi görüləcək işlər siyahısına daxildir. Onu da tam məsuliyyət və səmimiyyət hissi ilə qeyd etmək istəyirəm ki, aqrar sektorun islahatlarının banisi ulu öndər Heydər Əliyev, onun dərinləşdirilməsinin və yeni ideyalarla zənginləşdirilməsinin banisi isə Zati-aliniz olduğundan sadəcə Sizin ayrı-ayrı müşavirələrdə, toplantılarda və görüşlərdə etdiyiniz çıxış və məruzələri diqqətlə öyrənmək, bu hədəflərə nail olmağın və problemləri həll etməyin yol xəritəsini tərtib etməyə kifayət edəcəkdir. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Sizin tapşırığınızla yerlərdə əhali ilə görüşlər zamanı kənd zəhmətkeşləri dövlətin onlara müxtəlif formada göstərdiyi qayğını, dəstəyi yüksək qiymətləndirməklə bərabər, müasir kənd təsərrüfat texnikalarının qiymətinin yüksək olduğu üçün onun bir hissəsinin dövlət tərəfindən qarşılanmasını, bu səbəbdən yaranmış borcların müəyyən qisminin dövlət tərəfindən bağışlanmasını, güzəştlə verilən mineral gübrələrin həcminin artırılmasını və ya faizinin daha da yüksəldilməsi arzusunda olduqlarını Zati-alinizin yüksək diqqətinə çatdırılmasını xahiş etmişlər.
Möhtərəm cənab Prezident, bir ingilis iqtisadçısı demişdir ki, torpaq kənd təsərrüfatının anası, əmək isə onun atasıdır. Ona görə də biz əminik ki, Sizin rəhbərliyiniz altında fədakar kənd zəhmətkeşləri torpağa möhkəm bağlanaraq öz əməkləri ilə daha böyük nailiyyətlərə imza atacaqlar.
Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq ABDULLAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Zati-alinizin müdrik rəhbərliyi altında dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və dinamik iqtisadi inkişafa nail olan Azərbaycan dünya iqtisadiyyatındakı mürəkkəb problemlər fonunda böyük inamla irəliləyir. Ulu öndər Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyasının məharətlə davam etdirməyiniz, gərgin əməyiniz sayəsində ölkəmizdə, sözün əsl mənasında, sıçrayışlı sosial–iqtisadi yüksəliş əldə olunmuşdur. Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, ölkəmiz qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilmişdir.
2006-cı ildən etibarən “Şahdəniz” layihəsi üzrə aparılmış işlər nəticəsində ölkəmiz beynəlxalq bazarda özünü yeni alternativ təbii qaz mənbəyi təchizatçısı kimi təqdim etmişdir. Ötən ilin sonlarında “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması Zati-alinizin rəhbərliyi altında beş ildən artıq bir müddətdə aparılmış gərgin fəaliyyətin uğurlu nəticəsidir. Bu hadisə Azərbaycanın inkişafını yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Dövlət Neft Şirkətinin “Şahdəniz 2” layihəsində ən fəal tərəfdaşlardan və ən böyük investorlardan biri olmasını neftçilərimizə göstərdiyiniz böyük etimad kimi qəbul edirik.
2004-2008-ci və 2009-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşımıza qoyulmuş vəzifələr üzrə görülmüş işlər bu sahədə fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması ölkəmizin qaz hasilatını 2004-cü ildəki 5,5 milyard kubmetrdən 29,5 milyard kubmetrə çatdırmağa imkan vermişdir. Dəniz yataqlarından hasil olunan və əvvəllər atmosferə atılan, şamda yandırılan səmt qazları yığılıb sistemə ötürülmüşdür. Bu, ətraf mühitin qorunması işinə də mühüm töhfə vermişdir.
2013-cü ildə 13,3 milyard kubmetr qaz respublikanın qaz nəql sisteminə təhvil verilmişdir. İki böyük yatağın – “Ümid” və “Abşeron” qaz yataqlarının kəşf edilməsi Azərbaycanın zəngin potensialının tam və səmərəli istifadə olunması üçün daha böyük perspektivlər açmışdır. “Ümid” yatağının bir neçə gün bundan əvvəl təhvil verilmiş 12 nömrəli kəşfiyyat quyusundan alınan nəticələr yatağın daha böyük ehtiyata malik olduğunu təsdiq etmişdir. Bulla-dəniz yatağının ikinci tektonik blokunda yerləşən 90 nömrəli quyunun nəticələri isə göstərmişdir ki, çoxdan istismarda olan yataqların aşağı laylarında məhsuldarlıq perspektivləri yüksəkdir.
Möhtərəm cənab Prezident, Sizin qaz anbarlarının aktiv tutumunun artırılması haqqında tapşırığınızın icrası ilə bağlı məruzə etmək istəyirəm. Əvvəllər qaz anbarlarının tutumu bizə 800 milyon kubmetr qaz saxlamağa imkan verirdi. Görülmüş işlər nəticəsində artıq bu gün anbarların tutumu 8 dəfə artırılaraq 5 milyard kubmetrə çatdırılmışdır.
2013-cü ildə anbarlara 3,5 milyard kubmetr qaz yığmışıq. Havaların soyuq keçdiyi günlərdə anbarlardan sistemə gündəlik 25-26 milyon kubmetr qaz verilir ki, bu da “Şahdəniz” yatağından gündəlik hasil olunan qazın həcminə bərabərdir. 2004-cü ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın kənd və qəsəbəsi təbii qazla təmin olunurdu. Ölkə üzrə qazlaşma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdi. Bu gün respublikanın bütün rayon mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və kənddə qazlaşdırma işlər tam başa çatdırılmışdır.
2013-cü ildə qazlaşma səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılmışdır. Ölkə üzrə real qazla əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunmuşdur. Qazlaşdırılma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunmuş, 41 qazpaylayıcı stansiya yenidən qurulmuş, ölçü qovşaqları istismara verilmiş və təmir edilmiş, ən müasir qurğularla təchiz olunmuşdur.
Möhtərəm cənab Prezident, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpa edilməsi haqqında Sizin tapşırığınıza əsasən, 2005-ci ildən təbii qazın verilməsi başlanmışdır. Artıq Naxçıvan Muxtar Respublikasının tam qazlaşdırılması başa çatdırılmışdır. Naxçıvana alternativ qaz kəmərinin çəkilməsi imkanları araşdırılır. Nehrəm duz yatağının bazasında isə qaz anbarının yaradılması işləri davam etdirilir. Yeni texnologiyanın tətbiq olunması və magistral kəmərlərdə müasir ölçülü cihazların quraşdırılması, qazın sərfiyyatına məsafədən onlayn rejimdə nəzarət olunması, əhali abonentlərinin sayğaclaşdırılmasının 5 faizdən 100 faizə çatdırılması, o cümlədən 50 faiz smart-kart tipli elektron qaz sayğacı ilə təchiz olunması nəticəsində itkilərin həcminin 25 faizdən 7,4 faizə endirilməsinə nail olunmuşdur. Bu işlər mütəmadi olaraq davam etdirilir.
Möhtərəm cənab Prezident, Sizin əhali abunəçilərinin 2009-cu il oktyabrın 1-ə olan qaza görə debitor borclarının silinməsi ilə bağlı Sərəncamınıza əsasən, əhalinin keçmişdən qalan 327 milyon manatdan artıq borcları dövlət hesabına silinmişdir. Eyni zamanda, Sizin tapşırığınıza əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəlirləri hesabına qaçqın və məcburi köçkünlərin 2010-cu ilədək yaranmış 110 milyon manata yaxın debitor borcları silinmişdir. Həmçinin bu ildən başlayaraq ölkədəki müxtəlif dini konfessiyalara məxsus bütün məscid, kilsə və digər ibadət ocaqlarına təbii qazın pulsuz verilməsi haqqında tapşırığınız yerinə yetirilir.
Dövlət Neft Şirkəti əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsi, abunəçilərlə müqavilələrin yerinə yetirilməsində şəffaflığın artırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin müştəri xidməti fevralın 6-dan “ASAN xidmət” strukturlarında fəaliyyətə başlayacaqdır.
Möhtərəm cənab Prezident, eyni zamanda, məlumat vermək istəyirəm ki, Dövlət Proqramı çərçivəsində şirkətimiz tərəfindən regionlarda geniş həcmli sosial layihələr həyata keçirilmişdir. Ən müasir avadanlıqlarla təchiz olunmuş 16 müalicə-diaqnostika mərkəzi, 14 orta məktəb, 4 Gənclər evi, 7 mədəniyyət və istirahət mərkəzi, 18 istirahət parkı inşa olunmuş, 5 rayonun ərazisində tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmişdir.
Çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, Azərbaycan neftçiləri qarşıdakı illərdə neft və qaz hasilatının artırılması, ölkə əhalisinin və sənayenin qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində Zati-aliniz tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün bütün imkanları səfərbər edəcəkdir.
Diqqətinizə görə çox sağ olun.

X X X

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar PİRVERDİYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Bu gün Azərbaycanın müstəqil elektrik enerjisi sisteminə malik olması vaxtilə ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir.
Möhtərəm cənab Prezident, Sizin enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tamamilə ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğunuz tapşırıqların icrası davam etdirilir.
Bütün bunların nəticəsidir ki, 10 il əvvəl ölkədə mövcud olan enerji problemləri respublikanın müxtəlif bölgələrində rekord qısa müddətdə yeni elektrik stansiyalarının inşası nəticəsində tamamilə aradan qaldırıldı. Sahibkarlığın, kiçik biznesin, ümumiyyətlə, bütün iqtisadiyyatın davamlı inkişafı üçün möhkəm zəmin yaradıldı.
Möhtərəm cənab Prezident, Sizin Sərəncam və tapşırıqlarınız əsasında I və II Dövlət Proqramları çərçivəsində son 10 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilmişdir. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilmişdir. Belə ki, 2006-cı ildə Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birinin gücü 87 MVt, 2007-ci ildə Bakıda 105 MVt, 2008-ci ildə Səngəçalda 300 MVt, 2009-cu ildə Şahdağda 105 Mvt, Sumqayıt şəhərində 525 MVt, 2013-cü ildə Sizin tərəfinizdən Şirvanda 780 MVt gücündə istilik elektrik stansiyaları işə salınmışdır.
Qeyd etmək istərdim ki, 409 meqavat gücündə daha bir stansiyanın – “Şimal-2” istilik elektrik stansiyasının cari ilin sonuna qədər işə salınması nəzərdə tutulmuşdur. Bundan başqa, Lerik və Yardımlı rayonlarının coğrafi mövqeyinin mürəkkəbliyi nəzərə alınaraq, həmin rayonların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə Lerikdə inşa edilən 17 meqavat gücündə elektrik stansiyasında işlər başa çatdırılmışdır. Layihə çərçivəsində Yardımlı və Lerik rayonlarının ərazisində 35 kilovoltluq yeni yarımstansiyalar və elektrik xətləri inşa edilmişdir. Həmin rayonların paylayıcı şəbəkələrinin də yenidən qurulması qarşıda duran vəzifələrdən biridir.
Möhtərəm cənab Prezident, respublikamızın su resurslarından səmərəli istifadə sahəsində Sizin tapşırıqlarınız istiqamətində işlər davam etdirilir. Füzulidə gücü 25 MVt olan su elektrik stansiyası, Qusar və İsmayıllı rayonlarında isə kiçik su elektrik stansiyaları Sizin iştirakınızla istifadəyə verilmişdir. Göyçayda gücü 3 meqavat olan kiçik su elektrik stansiyasında işlər, demək olar ki, başa çatdırılmışdır. Balakən, Oğuz, İsmayıllı və Astara rayonlarında tikilməkdə olan digər 5 kiçik su elektrik stansiyasında isə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Cənab Prezident, Sizin çıxışlarınızda dəfələrlə qeyd edilmişdir ki, bütün sahələrdə yeni texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Sizin dəyərli tövsiyələriniz nəzərə alınaraq, yeni enerji obyektlərinin inşasında ən müasir texnologiyalar tətbiq edilməkdədir. Bunun nəticəsində respublikanın elektrik enerjisi sistemində təkcə kəmiyyət cəhətdən deyil, eyni zamanda, keyfiyyət cəhətdən də ciddi inkişafa nail olunmuşdur. Stansiyaların əsas texnoloji keyfiyyət göstəricisi olan faydalı iş əmsalı artmış, ekoloji təmizlik prinsiplərinə əməl olunmuşdur. Belə ki, hər kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 415 qramdan 305 qrama qədər, yəni 25 faizdən çox azaldılmışdır. Bu isə hər il təxminən 2 milyon ton şərti yanacağa qənaət etməyə imkan vermişdir.
Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınıza əsasən sistem əhəmiyyətli ötürücü xətlər və yarımstansiyaların inşası istiqamətində də əsaslı işlər görülmüşdür. Belə ki, Sumqayıt elektrik stansiyası, Zabrat yarımstansiyası, Şimal elektrik stansiyası və Hövsan yarımstansiyasını birləşdirən 220 kilovoltluq ikidövrəli hava xətti işə salınmışdır. Bu layihə çərçivəsində transformasiya gücü 360 meqavoltamper olan yeni 220 kilovoltluq Zabrat yarımstansiyası şəbəkəyə qoşulmuşdur. Bununla da, Abşeron yarımadasının enerji təchizatı ciddi şəkildə yaxşılaşdırılmaqla yanaşı, Abşeron yarımadasında ikinci 220 kilovoltluq enerji dövrəsi yaradılmışdır.
Keçən əsrin 40-cı illərində istifadəyə verilmiş birinci və ikinci 220 kilovoltluq Mingəçevir-Abşeron xətləri 280 kilometr uzunluğunda yeni 330 kV qabaritli ikidövrəli xətlərlə əvəz olunmuşdur. Bu layihə çərçivəsində 220 kilovoltluq Ağdaş yarımstansiyası da inşa edilmişdir. Bu yarımstansiyanın inşası, eyni zamanda, Yevlax, Ucar, Ağdaş, Göyçay, Kürdəmir və digər qonşu rayonların enerji təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bu bölgələrdə ciddi yük artımları nəzərə alınaraq, 220 kilovoltluq Qəbələ yarımstansiyasının layihələndirilməsi həyata keçirilir.
Yeni Goranboy paylayıcı məntəqəsi ilə 330 kilovoltluq İmişli yarımstansiyasını birləşdirən 180 kilometr uzunluğunda 330 kilovoltluq xətlərin inşası yekunlaşmaq üzrədir. Bu xəttin işə salınması Goranboy-İmişli bölgəsinin enerji təchizatını daha da yaxşılaşdırmaqla yanaşı, enerji sistemdə ikinci 330 kilovoltluq enerji dövrəsinin yaradılmasına imkan verəcəkdir.
Xaçmaz rayonunda 330 kilovoltluq yarımstansiyanın işə salınması Şimal bölgəsinin enerji təchizatını əsaslı şəkildə yaxşılaşdırmışdır. Bu layihənin icrası nəticəsində Azərbaycan və Rusiya enerji sistemlərinin paralel iş rejimi imkanları daha da təkmilləşdirilmişdir.
Keçən əsrin 80-ci illərində inşa edilmiş 1-ci və 2-ci Mingəçevir-Abşeron xətləri nəinki yarımadanın enerji təchizatında, ümumilikdə enerji sistemin təhlükəsizliyində mühüm rol oynayır. Ümumi uzunluğu 500 kilometrdən artıq olan bu xətlər əsaslı şəkildə yenidən qurulmuşdur. Eyni zamanda, 500 kilovoltluq Abşeron yarımstansiyasında 400 meqavoltamper gücündə yeni transformator quraşdırılır ki, bu da enerji sistemin ən böyük yarımstansiyasının gücünü 1200 meqavoltamperə çatdıracaqdır.
Azərbaycan və Gürcüstanın enerji sistemlərini birləşdirən 180 kilometr uzunluğunda 500 kilovoltluq Azərbaycan İES-Samux-Qardabani xətti tamamilə yenidən qurulmuş, 500 kilovoltluq Samux yarımstansiyası işə salınmış, 330 kilovoltluq Ağstafa yarımstansiyası yenidən qurulmuş və zəruri xətlər istifadəyə verilmişdir. Nəticədə Gəncə-Qazax bölgəsinə 400 meqavat əlavə güc ötürmək imkanı yaradılmışdır. Bu layihə bölgənin elektrik enerjisi təminatı ilə yanaşı, yeni tikiləcək enerjitutumlu müəssisələrin enerji təchizatını təmin etməyə imkan verir.
Elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalar arasında 1000 kilometrdən artıq fiber-optik kabellər çəkilmişdir. Bu müasir texnologiyaların tətbiqi enerji istehsalı və ötürülməsi obyektlərindən məlumatların onlayn rejimində yeni yaradılmış mərkəzi SCADA sisteminə ötürülməsini təmin edir.
Bütün bunlarla yanaşı, Abşeron yarımadasında ümumi uzunluğu 240 kilometrədək olan sistem əhəmiyyətli 110 kilovoltluq hava xətlərinin inşası üzrə işlər əsasən başa çatdırılmışdır.
Yaxın illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində sistem əhəmiyyətli transformatorların ümumi gücü 3 000 meqavoltamper, 110, 220, 330 və 500 kilovoltluq xətlərin ümumi uzunluğu təxminən 1500 kilometr artacaqdır.
Möhtərəm Prezident, paylayıcı şəbəkələrdə görülmüş işlər barəsində də qısa məlumat vermək istərdim. Məlum olduğu kimi, respublikamızda ilk dəfə olaraq Gəncə şəhərində ilkin ödənişli SMART sayğacların tətbiqinə başlanmışdı. Bu layihənin həyata keçirilməsi nəticəsində itkilərin kəskin şəkildə azalması, elektrik enerjisi ödənişlərinin artması, abonentlərə xidmətin keyfiyyətinin yüksəlməsi kimi müsbət nəticələr əldə edilmişdir. Bundan sonra Şəmkir, Mingəçevir, Şirvan, Bərdə, Yevlax, Lənkəran, Cəlilabad və digər rayonlarda da bu işlər davam etdirilməkdədir.
Keçən ildən başlayaraq Sumqayıt şəhəri, Abşeron, Sabirabad, İmişli, Saatlı, Kürdəmir, Bərdə, Şamaxı rayonlarında və digər bölgələrdə bu işlər həyata keçirilir. Burada aşağı gərginlikli xətlər müasir kabellər vasitəsi ilə yenidən qurulur, dayaqlar və naqillər dəyişdirilir, yeni sayğaclar quraşdırılır.
Hazırda bütün abonentlərin, demək olar ki, hamısı sayğacla təmin olunmuşdur. Bu sayğacların təxminən 15 faizi, yəni 250 mini SMART tiplidir.
Möhtərəm cənab Prezident!
Çıxışımın sonunda Sizi əmin edirəm ki, bundan sonra da qarşımıza qoyulacaq bütün tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün səylərimizi əsirgəməyəcəyik.
Fürsətdən istifadə edərək, elektrik energetikası sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bütün energetiklər adından dərin minnətdarlığımı bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Azərsu” ASC-nin sədri Qorxmaz HÜSEYNOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası ən ucqar kəndlər də daxil olmaqla, regionların sürətli inkişafına gətirib çıxarmışdır. Bu inkişaf infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur.
2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülmüşdür. Dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılmış, 14-də isə layihə-smeta işləri başa çatdırılmışdır və tikintiyə hazırlıq görülür. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Nəticədə bu rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Regionlarda həyata keçirilən layihələr hazırlanarkən əhali artımı, sənayenin inkişafı, turizm potensialı, ekoloji tarazlıq və digər amillər əsas götürülmüşdür. Cənab Prezident, Sizin tapşırıq və tövsiyələrinizə əsasən şəhərlərin su mənbələri seçilərkən, ehtiyatları bol olan və daha çox yaşayış məntəqələrini əhatə edəcək mənbələrə üstünlük verilmişdir. Layihələndirmələr zamanı yeni texnologiyaların tətbiqi, müasir idarəetmə üsullarından istifadə, suyun keyfiyyət göstəricilərinə tam nəzarət və kadr hazırlığı məsələləri də nəzərə alınmışdır.
Proqramın icrası müddətində Bakı şəhəri və Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyan, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri tikilərək istifadəyə verilmişdir. Bu kəmərin istifadəyə verilməsi ilə Bakı şəhərinin su təchizatında stabillik təmin edilmiş, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Bunun nəticəsində Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranmışdır. Beləliklə, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin kənd və qəsəbələrin mərkəzləşdirilmiş qaydada su təminatının həyata keçirilməsi üçün irəli sürdüyü qrup su kəmərləri ideyasının reallaşması mümkün olmuşdur. Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilərək Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri layihələndirilmişdir.
Şirvan-Muğan qrup su kəməri Biləsuvar, Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhərlərinin, həmçinin magistral kəmər boyunca yerləşən 121 kəndin, ümumilikdə 470 min sakinin su təminatına öz töhfəsini verməkdədir. Qısa müddətdə Biləsuvar şəhərinə qədər 107 kilometr uzunluğunda kəmərin inşası başa çatdırılmış, Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsinə başlanılmışdır. Neftçala və Salyan şəhərlərinə, eləcə də kəmər boyu yerləşən kəndlərə suyun verilməsi ilə bağlı işlər davam etdirilir.
Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilməklə Saatlı və Sabirabad şəhərlərinin, həmçinin 36 kəndin su problemi də öz həllini tapacaqdır. Artıq Saatlı və Sabirabad şəhərlərini su ilə təmin edəcək uzunluğu 65 kilometr olan magistral kəmərin inşasına başlanılmışdır. Bu layihənin icrası nəticəsində Saatlı və Sabirabad rayonlarının ümumilikdə 100 mindən artıq sakini keyfiyyətli su ilə təmin ediləcəkdir.
Regionlarda həyata keçirilən böyük layihələrdən biri Mərkəzi Aran bölgəsini əhatə edən, Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi layihəsidir. Ucar, Zərdab, Kürdəmir, Ağsu şəhərlərini, həmçinin 67 kəndi əhatə edən layihə çərçivəsində məhsuldarlığı saniyədə 500 litr olan suqəbuledici qurğu tikilmiş, buradan Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinə ümumilikdə 170 kilometr uzunluğunda magistral kəmərlər çəkilmiş 4 şəhərin hər birinə içməli suyun verilməsi təmin edilmişdir. Bu layihə tam başa çatdıqdan sonra 170 mindən artıq əhali su ilə təmin ediləcəkdir.
Hazırda tikintisi davam edən Şəmkirçay su anbarı regionun böyük ehtiyata malik etibarlı su mənbəyinə çevriləcəkdir. Bunu nəzərə alaraq Gəncə şəhəri, eləcə də Şəmkir və Samux rayonlarının içməli su təminatında əsas mənbə kimi Şəmkirçay su anbarı qəbul edilmişdir. Artıq Gəncə və Samux şəhərlərini qidalandıracaq 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə su kəmərinin tikintisi başa çatdırılmışdır.
Cənub bölgəsində yerləşən yaşayış məntəqələrinin su təchizatı üçün mənbə kimi Xanbulan və Viləşçay su anbarları seçilmişdir. Xanbulançay dəryaçası yaxınlığında Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin edəcək sutəmizləyici qurğu tikilmiş, Xanbulan-Lənkəran magistral su kəmərinin tikintisi başa çatdırılmış, Lənkəran şəhərinə içməli suyun verilməsi təmin edilmişdir. Astara şəhəri və rayonun kəndlərinin su təchizatının aparılması üzrə layihələndirmə işləri başa çatdırılmışdır və tikinti işlərinə bu ilin ikinci rübündə başlanılacaqdır.
Masallı və Cəlilabad şəhərlərinin su təminatının yaxşılaşdırılması məqsədilə Viləşçay anbarı yaxınlığında sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi davam etdirilir. Cənab Prezident, Sizin xüsusi tapşırığınızla Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23 yaşayış məntəqəsinin və Yardımlı rayonunun 17 kəndinin də su təminatı layihələrinin icrasına başlanılmışdır.
Dövlət Proqramlarının icrasının ilk dövründən içməli sudan daha çox əziyyət çəkən kəndlərdə mərhələli şəkildə təxirəsalınmaz tədbirlərin icrasına başlanılmışdır. Oğuz və Şəki rayonlarında 21 min sakini olan 9 kəndi əhatə edən Balaşum-Böyük Söyüdlü-Qaratorpaq kəməri tikilərək istifadəyə verilmişdir. Cəbhə bölgəsində yerləşən Ağdam, Füzuli, Tərtər və Goranboy rayonlarının sərhədyanı 8 kəndində, həmçinin Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar ərazisində salınmış 6 qəsəbədə su təchizatı sistemləri yaradılmışdır.
Su qıtlığı müşahidə olunan kəndlərdə ümumilikdə 135 subartezian quyusu qazılmış, 690 kilometr su xətti çəkilmiş, 36 su anbarı tikilmiş, nəticədə 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatı yaxşılaşdırılmışdır.
Diqqətinizə çatdırıram ki, regionların inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya-nasos stansiyaları tikilmişdir. Proqramlarda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən 6 rayon mərkəzində su və kanalizasiya layihələri icra olunmuşdur. Bu rayonlarda görülmüş işlər də nəzərə alınmaqla, regionlarda 540 min nəfərin su təminatı yaxşılaşdırılmışdır. Qeyd etmək istəyirəm ki, Dövlət Proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır.
Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyiniz tapşırıqların həlli üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi bundan sonra da var gücü ilə çalışacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyevin
yekun nitqi

- Bu gün burada səslənən hesabat məruzələrində bir neçə istiqamət üzrə görülmüş işlər haqqında yığcam məlumat verilmişdir. Əslində son 10 il ərzində görülən işlər haqqında geniş danışsaq, bəlkə də bizə bir neçə gün lazım olacaqdır. Hər bir sahə, hər bir istiqamət üzrə böyük işlər görülmüşdür. Son 10 il ərzində Azərbaycanın hər bir nazirlik, idarə üzrə inkişafı üçün çox böyük işlər görülmüşdür. İkinci Dövlət Proqramı başa çatıb. Birinci və ikinci Dövlət proqramları artıqlaması ilə yerinə yetirilib. İndi üçüncü Dövlət proqramının qəbulu gözlənilir. Əminəm ki, bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcəkdir.
Əlbəttə, növbəti illərdə ölkəmizin ümumi iqtisadi inkişafı təmin edilməlidir, makroiqtisadi vəziyyət sabit olaraq qalacaqdır. Keçən ilin nəticələri bunu deməyə əsas verir. Keçən il ölkə iqtisadiyyatına rekord həddə sərmayə qoyulmuşdur – 28 milyard dollar. Eyni zamanda, keçən il maaşlar, pensiyalar qaldırılmışdır. Sovet vaxtından qalmış əmanətlər qaytarılmışdır. Yəni, ölkə iqtisadiyyatına böyük investisiyalar qoyulmuşdur və dövriyyəyə böyük pul kütləsi buraxılmışdır. İnflyasiya cəmi 2,4 faiz artmışdır. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı sağlam iqtisadiyyatdır, makroiqtisadi sabitlik qorunur və əhalinin pul gəlirləri son 10 il ərzində inflyasiyanı daim üstələyirdi, bir neçə dəfə üstələyir. Ona görə növbəti illərdə sürətli inkişaf templərini saxlamaq və onları artırmaq üçün makroiqtisadi vəziyyət sabit olmalıdır, olacaqdır. Buna tam nəzarət edilir və beləliklə, uğurlu inkişafımız üçün gözəl əlavə imkanlar yaranacaqdır.
Maliyyə vəziyyətimizlə bağlı bu gün heç bir problemimiz yoxdur. Maliyyə vəziyyətimiz yaxşıdır, sabitdir. Maliyyə sistemimiz sağlamdır. Növbəti illərdə həm neft-qaz, eyni zamanda, qeyri-neft sektorlarının inkişafı sayəsində ölkəmizə böyük valyuta axını gözlənilir. Bu vəsait əlbəttə ki, şəffaf şəkildə saxlanılacaq, əsas xərclər üçün istifadə ediləcək, sosial məsələlərin həllində istifadə ediləcək, eyni zamanda, infrastruktur layihələrinin icrası, sahibkarlığa dəstək məsələləri də diqqət mərkəzində olacaqdır.
Aparılan islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də qiymətləndirilir. Azərbaycanın kredit reytinqləri artır. Hətta böhranlı illərdə 3 əsas reytinq agentliyi Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya Davos İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 39-cu yerdədir. Bu da Azərbaycanda aparılan islahatların nəticəsidir.
Bir sözlə, növbəti 5 il ərzində bizim kifayət qədər iqtisadi, maliyyə və texniki resurslarımız olacaqdır ki, üçüncü proqramı uğurla icra edək. Əlbəttə ki, son 10 il ərzində biz böyük təcrübə toplamışıq. Son 10 il ərzində Azərbaycanda minlərlə yeni şirkət yaranmışdır və biz çalışırıq ki, yerli şirkətləri gücləndirək. O cümlədən güzəştli şərtlər hesabına onların dövlət layihələrində iştirakı təmin edilir. Bu gün tikinti sahəsində işlərin böyük əksəriyyəti yerli şirkətlər hesabına görülür. Bu, o şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdırır, iş yerlərinin açılmasına gətirib çıxarır, büdcəyə daha çox vergi ödənilir və təcrübə toplanılır. Yəni, növbəti proqramın icra edilməsi əminəm ki, uğurlu olacaqdır.

Növbəti 5 il ərzində infrastruktur layihələrinin icrası tam başa çatmalıdır. Biz bu işlərə 10 il bundan əvvəl başlamışıq, görüləsi işlər həddindən artıq çox idi. Demək olar ki, bütün infrastruktur yenilənməli idi. Burada məruzələrdə bəzi rəqəmlər səsləndi. Məsələn, biz elektrik enerjisi ilə bağlı bütün elektrik stansiyalarımızı yeniləşdirdik, yenilərini tikdik və şərti yanacağın sərfiyyatı kəskin şəkildə aşağı düşmüşdür. Su xətləri, qaz boruları yenidən tikilir, yenidən qurulur. Əvvəlki illərdə tikilmiş xətlər, kommunikasiya xətləri artıq yararsız vəziyyətə düşmüşdür, sıradan çıxır, çürüyür. Yəni, biz bütün bu işləri yenidən, sıfırdan görürük ki, yeni yaradılan bu infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət etsin. Ona görə hələ ki, görüləsi işlər vardır. Əminəm ki, növbəti 5 il ərzində bütün infrastruktur layihələri tamamilə icra ediləcəkdir.
Elektrik xətləri də yeniləşəcək, elektrik təsərrüfatı da müasirləşəcək, qazlaşdırma qeyd etdiyim kimi, ən azı 95 faizə çatmalıdır. İçməli su və kanalizasiya layihələri bütün şəhərlərdə başa çatmalıdır və əksər kəndləri də əhatə etməlidir. Burada rəqəmlər səsləndi ki, 10 il bundan əvvəl 26 faiz əhali 24 saat ərzində fasiləsiz su alırdısa, hazırda bu rəqəm 55 faizə çatıbdır. Ancaq 55 faiz də bizim üçün öyünməli rəqəm deyildir. Düzdür, Bakı şəhərində bu, daha da yüksək səviyyədədir. Bakıda 10 il bundan əvvəl cəmi 29 faiz əhali 24 saat ərzində su alırdısa, hazırda bu rəqəm 78 faizə çatmışdır. Ancaq Bakı kimi şəhərdə 100 faiz olmalıdır, bütün başqa şəhərlərdə də, həmçinin kəndlərdə də. Ona görə görüləsi işlər hələ çoxdur, infrastruktur layihələrinə vəsait nəzərdə tutulur. O cümlədən bu ilin investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Elektrik xətlərinin, elektrik təsərrüfatının, yenilənməsi, qazlaşdırma, su-kanalizasiya xətlərinin, kənd yollarının, şəhərlərarası yolların tikintisi davam etdiriləcəkdir. Bir sözlə, iqtisadiyyatın bu seqmenti əminəm ki, növbəti 5 il ərzində daha da böyük təkan alacaqdır. Beləliklə, qəbul ediləcək üçüncü proqramın həyata keçirilməsi nəticəsində bütün infrastruktur layihələri artıq tam şəkildə icra ediləcəkdir.
Su layihələrinə gəldikdə, “Azərsu” şirkətinin xətti ilə işlər görülür, eyni zamanda, artezian quyularının qazılması da böyük məna daşıyır. Keçən il 104 kənd artıq bu üsulla su ilə təmin edilibdir. Bu ilin əvvəlində imzaladığım Sərəncam əsasında vəsait ayrılmışdır ki, cari ildə əlavə 250 kənddə artezian quyuları qazılsın. Beləliklə, yüz minlərlə insan yeni su mənbələri ilə təmin ediləcəkdir. Çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırılıbdır. Yüz minlərlə əhali artıq bu imkanlardan istifadə edir, bu il də investisiya proqramında bu, nəzərdə tutulub. Su, kanalizasiya problemlərini biz növbəti 5 il ərzində tam şəkildə icra etməliyik.
Meliorasiya layihələri icra edilir. Biz keçən il Taxtakörpü Su Anbarının açılışını qeyd etdik. Güman edirəm ki, biz bu ilin sonuna qədər Şəmkirçay Su Anbarının açılışını qeyd edəcəyik. Beləliklə, iki nəhəng meliorasiya layihəsi başa çatacaq və biz bundan sonra yeni suvarılacaq torpaqlarda hansı işlərin görülməsi haqqında düşünməliyik. Əslində, biz bunu indidən fikirləşməliyik, - çünki müxtəlif rəqəmlər səslənir və mənə verilən arayışlarda müxtəlif rəqəmlər göstərilir, - ilk növbədə, neçə min hektar torpaq suvarılacaqdır. Ancaq biz bunu dəqiqliklə bilməliyik. Ona görə bütün aidiyyəti qurumlar - İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti birgə işləsinlər və mənə dəqiq məlumat versinlər – Şəmkirçay və Taxtakörpü su anbarlarının və kanalların tikintisi nəticəsində neçə min, - bəlkə də yüz minlərlə ölçülməlidir, - hektar torpaq artıq əkin üçün yararlı olacaqdır və dövriyyəyə buraxılacaq bu yeni torpaqlarda hansı məhsulların yetişdirilməsi məqsədəuyğundur. Bunu biz dəqiq bilməliyik ki, öz işimizi daha böyük səmərə ilə quraq.

Kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir.
Nazirlikdə struktur dəyişiklikləri aparılmalıdır. Buna böyük ehtiyac vardır. Bu yeni struktur müasir tələblərə cavab verməlidir. Sistem xarakterli islahatlara üstünlük verilməlidir. Kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir. Dünyada bu sahədə böyük uğur qazanmış ölkələrin təcrübəsi öyrənilir, müxtəlif ölkələrə heyətlər ezam edilir, o təcrübə, texnologiya gətirilir ki, biz təbii imkanlarımızdan tam, səmərəli şəkildə istifadə edə bilək.
Məhsuldarlıq artırılmalıdır və artırılacaqdır. Böyük imkanlar vardır. Burada məruzədə səsləndi ki, taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq 55 sentnerə qalxmışdır. Ölkə üzrə bu rəqəm 27,5 sentnerdir, yəni, 2 dəfə çoxdur. Bu təcrübə hər yerdə tətbiq edilməlidir. Dövlət öz imkanlarını ortaya qoyur. Bütün infrastruktur, kommunikasiya, suvarma məsələlərini öz üzərinə götürür. Sahibkarlara kreditləri də dövlət verir. Təki sahibkarlar gedib bu torpaqdan səmərəli şəkildə istifadə etsinlər və məhsuldarlıq artsın. Əgər 2 dəfə də olmasa, ümumi məhsuldarlıq 60-70 faiz artarsa, o zaman bizim bütün daxili tələbatımız ödəniləcək və böyük ixrac potensialımız da yaranacaqdır.
Kənd təsərrüfatının inkişafı üçün müasir texnikanın alınması davam etdiriləcəkdir. Buna da ehtiyac vardır. Bütün texnika yenilənməlidir. Ən qabaqcıl texnika gətirilməlidir. Müvafiq göstərişlər verilibdir və artıq proses başlanmışdır. Əvvəlki illərdə də texnika alınmışdır. Əgər o texnika alınmasaydı, biz bu gün böyük problemlərlə üzləşə bilərdik. Ancaq hələ ki, buna ehtiyac vardır. Biz özümüzü müasir texnika ilə tam şəkildə təmin edə bilmirik. Növbəti 3-4 il ərzində, bəlkə də ondan da qısa bir müddətdə özümüzü ən müasir texnika - kombayn, traktor və digər texnika ilə tam şəkildə təmin edəcəyik.
Mən əvvəlki müşavirələrdə də qeyd etmişəm. Bu gün də qeyd etmək istəyirəm ki, fermerlərin elektron qeydiyyat sistemi yaradılmalıdır.
Bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Mən bu barədə də dəfələrlə öz fikirlərimi bildirmişəm. Müəyyən işlər görülübdür. Ancaq daha da konkret və ciddi təkliflər verilməlidir ki, biz bu ixtisaslaşmanı formalaşdıraq və yetişdirilən hər bir məhsul üzrə xüsusi stimullaşdırma amilləri də olmalıdır. Yəni, burada belə kortəbii yanaşma qəbuledilməzdir. Hər bir bölgə üzrə, yetişdirilən hər bir kənd təsərrüfatı məhsulu üzrə xüsusi bir yanaşma tərzi olmalıdır. Əminəm ki, bax, dediyim bu struktur islahatları, kənd təsərrüfatının inkişafı üçün yeni metodların tətbiq edilməsi, müasir yanaşma, dediyim məsələlərin həllinə şərait yaradacaqdır.
Torpaqların elektron uçot sistemi yaradılmayıb, yaradılmalıdır. Əgər biz kənd təsərrüfatını müasir metodlarla inkişaf etdirmək istəyiriksə, mütləq Azərbaycanda hər bir sahədə ən qabaqcıl təcrübəni tətbiq etməliyik. O cümlədən kənd təsərrüfatının elmi əsaslarla inkişafına da nail olmalıyıq. Bu məqsədlə struktur dəyişiklikləri aparılacaqdır və elm son nəticəyə xidmət etməlidir. Ancaq bu təqdirdə o elmin faydası və xeyri vardır.
Kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi indi bütün inkişaf etmiş ölkələrdə mövcuddur, bizdə də belə olmalıdır. Bu barədə artıq burada deyildi. Eyni zamanda, əvvəlki tezisə də qayıtmaq istəyirəm ki, biz dövriyyəyə buraxılacaq yeni əkin sahələrini də təmin etməliyik və edəcəyik.
Burada məruzələrdə səsləndi ki, biz iri fermer təsərrüfatlarını yaradırıq, yaratmalıyıq. Ancaq, eyni zamanda, kiçik və ailə fermer təsərrüfatları da yaddan çıxmamalıdır. Bu sahədə də gözəl beynəlxalq təcrübə vardır. Sadəcə olaraq, biz bunu Azərbaycanda tətbiq etməliyik ki, ailə fermer təsərrüfatları yaradılsın, xüsusilə südçülükdə. Dövlət də öz dəstəyini verəcəkdir, o cümlədən maliyyə dəstəyini kreditlər şəklində verəcəkdir.
Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcəkdir və yeni müvafiq Sərəncam da imzalanacaqdır. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi, islahatyönümlü Sərəncam olacaqdır. Bütün mərkəzi və yerli icra orqanlarının nümayəndələri bir daha demək istəyirəm ki, ümumi məqsədə xidmət etməlidirlər. Ümumi məqsəd şəffaflığı yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək və fermer təsərrüfatlarına yardım etməkdir.
Fermerlərin əsas problemlərindən biri də istehsal etdikləri məhsulların satışı ilə bağlıdır. Dövlət burada da əlbəttə ki, öz yardımını göstərməlidir, göstərəcəkdir. Biz çalışmalıyıq ki, ilk növbədə, Azərbaycanda istehsal olunan məhsullar bazara çıxarılsın və burada aidiyyəti dövlət qurumları bu işləri tənzimləməlidirlər. Azərbaycanda istehsal olunan məhsullar ola-ola, qala-qala xaricdən məhsullar idxal edilir. Burada da ciddi nəzarət olmalıdır. Əgər biz özümüz bu məhsulu istehsal ediriksə, niyə onu xaricdən idxal etməliyik, niyə şərait yaratmalıyıq?! Hər bir dövlət öz bazarını qorumalıdır, qoruyur və Azərbaycan da bu yolla gedir. Bilirsiniz ki, biz hələ Dünya Ticarət Təşkilatına üzv olmamışıq, baxmayaraq bizi böyük təkidlə oraya dəvət edirlər. Demək olar, bu məsələ Azərbaycan qarşısında mütəmadi qaydada qaldırılır ki, nə üçün Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmur? Bunun səbəbləri vardır və səbəblərdən ən birincisi yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. Biz ilk növbədə öz fermerlərimizə, şirkətlərimizə şərait yaratmalıyıq. Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcəkdir, kəndli zərər çəkəcəkdir. Ona görə, biz buna getmirik. Mən bu gün də demək istəyirəm ki, Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik. O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcəkdir, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq və baxarıq görərik o vaxt bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox. Çünki Azərbaycan bazarı dinamik bazardır, böyüyən bazardır. Azərbaycan zəngin ölkəyə çevrilir, əhali artır. Əlbəttə ki, bu bazara, necə deyərlər, sərbəst gəlmək üçün böyük səylər göstərilir. Bir daha demək istəyirəm ki, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir. Bu məsələlərin həllinə bütün dövlət qurumları kömək göstərməlidir.
Kənd təsərrüfatına yararlı torpaqlardan bəzi bölgələrdə təyinatı üzrə istifadə edilmir. Bu məsələyə də diqqət yetirilməlidir. Ərzağın keyfiyyəti daim diqqət mərkəzində olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsulları təbiidir, keyfiyyətlidir. Biz burada kəmiyyət dalınca qaçmamalıyıq və bu təbii keyfiyyəti saxlamalıyıq.
Aqroparkların, logistika mərkəzlərinin yaradılması məsələlərinə diqqət yetirilməlidir. Həm Azərbaycanda, həm başqa ölkələrdə logistika mərkəzləri yaradılmalıdır və biz yeni istehlak bazarlarına çıxmalıyıq. Bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir və gələcəkdə bu, daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Ona görə, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə böyük dərəcədə təmin edə bilmişik. Ancaq hələ ki, buna tam şəkildə nail olmamışıq. Mən bəzi rəqəmləri gətirmək istəyirəm. Ət və ət məhsullarının özünütəminetmə səviyyəsi 94 faizdir, quş əti 92 faizdir. Bax, bu sahədə çox böyük irəliləyiş olubdur. Ona görə ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə quş fabriklərinin yaradılmasına böyük kreditlər verilmişdir. Özümüzü yumurta ilə 96,5 faiz, süd və süd məhsulları ilə 75 faiz, taxılla 65 faiz, üzümlə 94 faiz, kartofla 98 faiz, bostan məhsulları ilə 100 faiz təmin edirik. Meyvə və giləmeyvə 126 faiz, yəni, böyük ixrac potensialımız da vardır. Tərəvəz 100 faiz, duz 72 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 174 faiz, - bu, ən böyük ixrac potensialımızdır, - bitki yağları və marqarin 70 faiz, kərə yağı 50 faiz.
Bax, bu cədvəldən açıq-aydın görünür, biz növbəti illərdə hansı sahələrə üstünlük verməliyik ki, burada bütün rəqəmlər 100 faizdən aşağı olmasın və buna nail ola bilərik. Ona görə də burada süd və süd məhsullarının 75 faiz səviyyəsində istehsalı əlbəttə ki, bizi qane edə bilməz. Bu, 100 faiz olmalıdır. Dövlət qurumları və sahibkarlar bu istiqamətə daha da ciddi diqqət yetirməlidirlər. Azərbaycanda kərə yağı da, bitki yağları da az istehsal edilir. Artıq bu cədvəldən hər şey görünür. Bu cədvəl həm dövlət orqanları, həm də sahibkarlar üçün bir yol xəritəsi olmalıdır. Mən hər il bu rəqəmləri səsləndirirəm, bəzi məhsullar üzrə irəliləyiş vardır. Amma bəzi sahələr üzrə əvvəlki illə builki vəziyyət eynidir. Xüsusilə, kərə yağı, meyvə, giləmeyvə, bostan məhsulları, bax bu sahələrdə istehsal artmayıb.

Mən sahibkarlığın inkişafı ilə bağlı artıq giriş sözümdə fikirlərimi bildirdim. Dəstək davam etdiriləcəkdir. Bu dəstək hesabına böyük işlər görülmüşdür. Son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılmışdır. Dövlət xətti ilə bir milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Misal üçün keçən il 275 milyon manat kredit verilmişdir. Bütün bu kreditlər vaxtında qaytarılır. Bu da sahibkarlığın inkişafına yeni dəstək olur. Çünki həmin vəsait yenə də kredit şəklində sahibkarlara verilir. Sahibkarlar da qeyd etməliyəm ki, bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar. Yəni, bütün vəsaiti vaxtında qaytarırlar. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır.
Azərbaycanda son illərdə bank sektoru da sürətlə inkişaf etmişdir. Bizim banklarımız böyüdü, gücləndi. Hesab edirəm, vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları ayırsınlar. Hazırda belə deyildir. Ancaq bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər. Xüsusilə, dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görmüşdür. Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırmışdır. Ona görə, banklar da öz sosial məsuliyyətini dərk etməlidirlər və iqtisadiyyatın real sektoruna kredit şəklində daha çox vəsait ayırmalıdırlar.
Növbəti illərdə bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi davam etdiriləcəkdir. Hər bir şəhərə genişzolaqlı internet çəkilməlidir. Bu sahədə Azərbaycan qısa müddət ərzində böyük uğurlara imza atdı. Biz bu gün kosmik dövlətlər sırasındayıq. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur, sürətlə artır. Ona görə, hər bir şəhərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı böyük məna daşıyır. Nəzərə alsaq ki, biz elektron hökumət sisteminə keçirik, “ASAN xidmət” artıq bölgələrə gəlibdir. Ona görə, bu sahə də daim diqqət mərkəzində olacaqdır.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcəkdir. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar.

Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar.
Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin.
Biz güclü dövlət qurmuşuq. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Təsadüfi deyildir ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən dünya birliyinin böyük əksəriyyəti bizim namizədliyimizi dəstəkləmişdir -155 ölkə, dünya birliyinin üçdə iki hissəsi.
Biz güclü iqtisadiyyat qurmuşuq. Qısa müddət ərzində rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə qalxmışıq. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır və bu, rekord göstəricidir, analoqu olmayan inkişafdır.
Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi.
Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır.
Regionların sosial infrastrukturu növbəti beş il ərzində əlbəttə ki, yeniləşəcəkdir. Məktəb, xəstəxana, mədəniyyət ocaqlarının tikintisi davam etdiriləcək, məcburi köçkünlərin problemləri öz həllini tapacaqdır. Keçən il 28 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də yəqin ki, buna yaxın bir rəqəm olacaqdır. Yəni, bu məsələ daim diqqət mərkəzindədir.
Bölgələrin turizm potensialı böyüyür, güclənir. Daxili turizm böyük dərəcədə artır və əminəm ki, xarici turizmdə də böyük artım olacaqdır. Artım var, amma hələ ki, istədiyimiz səviyyədə deyildir. Daha da böyük artım olacaqdır. Yeni turizm zonaları yaradılır. Sadəcə son beş il ərzində “Şahdağ” dağ –xizək kompleksi yaradılıbdır. Orada artıq dörd gözəl otel fəaliyyət göstərir, bir otel tikilir. “Tufandağ” xizək mərkəzi yaradılıbdır. Onun ətrafında ona yaxın otel, beynəlxalq aeroport tikilibdir. Biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Artıq iki gözəl otel fəaliyyət göstərir, üçüncüsü də tikilir. “Qalaaltı” müalicəvi mərkəzinin bərpası yekunlaşır. Bu da kurort turizminin inkişafı üçün çox vacib bir obyekt olacaqdır.
Cənub və qərb zonalarının, Naxçıvan Muxtar Respublikasının turizm potensialı kifayət qədər genişdir. Burada da böyük işlər görülür və görüləcəkdir. Əlbəttə ki, ekoloji tədbirlər ciddi şəkildə görülməlidir. Bu barədə mən dəfələrlə öz fikrilərimi bildirmişəm. Biz ətraf mühiti qorumalıyıq, Bakını və Abşeron yarımadasını əsrlər boyu yığılan tullantılardan təmizləməliyik. Biz “Qara şəhər”i “Ağ şəhər”ə çeviririk. Eyni zamanda, bütün bölgələrdə görülən işlər, yeni açılan müəssisələr ən yüksək ekoloji standartlara cavab verməlidir.
Bu il sənaye ilidir. Sənayenin inkişafına xüsusi diqqət göstəriləcəkdir və göstərilir. Texnoparkların yaradılması prosesi sürətlə gedir. Bölgələrdə - Gəncədə, Sumqayıtda, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hər bir şəhərdə xüsusi sənaye yerləri, sənaye zonaları yaradılmalıdır. Çünki iqtisadiyyatımız, sənaye potensialı, əhali artır. İş yerləri nə qədər yaradılsa da yenə də yaradılmalıdır. Çünki elə ölkələr var ki, orada əhali azalır, orada iş yerləri o qədər də ciddi problem deyildir. Ancaq bizdə keçən il əhali 170 mindən çox artmışdır. Bu artım çox müsbət haldır, iqtisadi inkişafımızın təzahürüdür. Ancaq bizim iqtisadi imkanlarımız, sənaye imkanlarımız buna uyğun olmalıdır. Ona görə, hər bir şəhərdə, yəqin ki, şəhərlərin kənarlarında xüsusi sənaye zonaları ayrılmalıdır. Orada dövlət hesabına infrastruktur, kommunikasiya xətləri çəkilməlidir, yeni müəssisələrin tikilməsi üçün imkanlar yaradılmalıdır ki, sahibkarlar gedib orada özləri üçün iş qursunlar.
Bir sözlə, demək istəyirəm ki, son 10 il ərzində qarşıda duran vəzifələrin hamısı icra edilib. İki dövlət proqramı artıqlaması ilə icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm ki, qəbul ediləcək növbəti - üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcəkdir.
Sağ olun.

http://azertag.gov.az/

Xəbər 1861 dəfə oxunub