
| 09.02.2010 Əli Abbasov Belarus YTP-nin direktoru və DİRU-nun rektoru ilə görüşüb Dünən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov fevral ayının 9-da Bakıda keçiriləcək İKT sahəsində birinci Azərbaycan-Belarus biznes forumunda iştirak etmək məqsədilə Belarus nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan Belarus Yüksək Texnologiyalar Parkının direktoru Valeri Sepkalo ilə görüşüb. Görüşdə əminliklə bildirilib ki, İKT sahəsində birinci Azərbaycan-Belarus biznes forumu iki ölkə arasında İT sahəsi üzrə əməkdaşlığa yeni təkan verəcək və münasibətləri daha yüksək səviyyəyə çıxaracaq. Əli Abbasov qonağa son illər Azərbaycanın İKT sahəsindəki uğurlarından danışıb və dünyada maliyyə böhranı ilə yadda qalacaq 2009-cu ildə Azərbaycan iqtisadiyyatının, xüsusən də İKT sahəsinin stabil artım nümayiş etdirdiyini xüsusi vurğulayıb. Nazir qeyd edib ki, son illər ərzində Azərbaycanın İKT sahəsi ümumdünya artım tempini bir neçə dəfə geridə qoya bilib. Ölkədə həyata keçirilən layihələr barədə danışan RİTN başçısı Azərbaycanda Regional İnnovasiya Zonasının yaradıldığını, bu layihənin perspektivləri və onun icrasının faydası barədə ətraflı məlumat verib. Bu istiqamətdə nazir həmçinin Azərbaycanın təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini də qeyd edib. Bildirilib ki, dünyanın 20-dən çox ölkəsini əhatə edəcək sözügedən layihənin həyata keçirilməsi nəticəsində regionda “rəqəmsal fərqliliyi” aradan qaldırmaq və informasiya axınlarına sürətli çıxış əldə etmək mümkün olacaq. Öz növbəsində V. Sepkalo Əli Abbasova Yüksək Texnologiyalar Parkı layihəsi barədə ətraflı məlumat verib və qeyd edib ki, Belarus bu istiqamətdəki təcrübəsi ilə bölüşməyə hazırdır. Qonaq Azərbaycan və Belarus arasında İKT sahəsi üzrə əməkdaşlığın möhkəmləndirilməsi və gələcək inkişafında əminliyini bildirib. Həmçinin Əli Abbasov Belarus Respublikası Dövlət İnformatika və Radioelektronika Universitetinin (DİRU) rektoru Mixail Batura ilə görüşüb. Görüş zamanı RİTN başçısı istənilən ölkənin iqtisadi potensialının inkişafı üçün yüksəkixtisaslı kadrların olmasının vacibliyini qeyd edib və Azərbaycanda bu istiqamətdə həyata keçirilən proqramları diqqətə çatdırıb. Ölkədə təhsil sahəsinə və yüksəkixtisaslı kadr hazırlığına böyük diqqət və vəsaitlərin ayrıldığını bildirən nazir bu diqqət və vəsaitlərin həm azərbaycanlı tələbələrin tanınmış xarici tədris ocaqlarında təhsil almaqları, həm də ümumiyyətlə ölkədə təhsil səviyyəsinin artırılması üçün yönəldildiyini qeyd edib. Azərbaycan Texniki Universitetindən (ATU) məmnun qaldığını bildirən M. Batura forum çərçivəsində onun rəhbərlik etdiyi Belarus Respublikası Dövlət İnformatika və Radioelektronika Universitetinin ATU ilə əməkdaşlıq haqqında saziş imzalamaq niyyətinin olduğunu qeyd edib. http://www.mincom.gov.az/ |


